Azərbaycanın sığorta şirkətləri artıq daxili bazarda xarici sığortaçılarla rəqabət aparmağa qadirdir

İyulun 19-da Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Fairmont Baku” otelində V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF) öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, 250-dən artıq yerli və xarici şirkət nümayəndəsinin iştirak etdiyi forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər və əməkdaşlıq imkanları müzakirə olunur.

Forumu Azərbaycanın maliyyə naziri Samir Şərifov açaraq, sığorta bazarındakı proseslərin müzakirəsinin önəmini qeyd etmiş, iştirakçılara uğurlar arzulamışdır. Nazir ölkəmizin sığorta sektorunun son 10 ildə üç dəfə, son 2 ildə isə iki dəfə artığını qeyd edərək demişdir: “Bu, sığorta sektorunda mühüm işləri görməyə imkan verir. Sığorta şirkətlərinin orta balansının 8 milyon dollar olması bu sektorun artım prosesinə təsir göstərir. İstehlak mallarının qorunması sığorta bazarında mühüm əhəmiyyət kəsb edir. Biz istəyirik ki, Azərbaycan sığorta şirkətlərinin böyük birliyi təşkil edilsin”.

Samir Şərifov vurğulamışdır ki, sığorta bazarının sabit inkişafında əhalinin sığorta sahəsində maarifləndirilməsi və sığorta əməkdaşlarının püxtələşməsi ciddi rol oynayır. Çünki sığorta inam və etibardan asılıdır. Ona görə də Azərbaycan hökuməti bu məqsədlə xüsusi təhsil proqramı nəzərdə tutmuşdur.

Bildirilmişdir ki, yerli sığorta şirkətləri artıq daxili bazarda xarici sığortaçılarla rəqabət aparmağa qadirdir. Azərbaycanın sığorta bazarı açıqdır və xarici investorlar istəsələr, bu bazara daxil ola bilərlər. Sığorta şirkətlərimiz artıq kifayət qədər təcrübə toplayıblar və yüksək ixtisaslı mütəxəssislərə malikdir. Azərbaycanın sığorta bazarında xarici kapitalın iştirakına qoyulan limit 2017-ci ildə tamamilə aradan qaldırılacaqdır. Maliyyə Nazirliyinin qərarı ilə ölkəmizdə çalışan sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici kapitalın iştirakının maksimum həddinin müəyyən edilməsi və payının hesablanması qaydalarında müvafiq düzəlişlər edilmişdir. Düzəlişlərə əsasən, bu limit 2015-ci il yanvarın 1-dək 50 faiz səviyyəsində saxlanılacaq, 2015-ci ildən 70 faizədək, 2016-cı ildən 85 faizədək, 2017-ci il yanvarın 1-dən isə 100 faizədək artırılacaqdır.

Sonra çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılan məsələlərin sığorta bazarına təsirindən bəhs etmişdir. Sığorta sektorunu Azərbaycan iqtisadiyyatının çox mühüm seqmenti kimi dəyərləndirən komitə sədri son 8 ildə sığorta bazarının beynəlxalq standartlara uyğun böyüdüyünü, onun inkişafı üçün əlverişli şərait yarandığını bildirmişdir.

Tədbirdə Azərbaycan sığorta bazarının əsas istiqamətlərindən, təbii fəlakətlərə görə sığorta təminatından, tibbi sığorta sahəsində dövlət və özəl xidmətlər arasında ortaq məxrəcə gəlməyin mümkünlüyündən, icbari tibbi sığortanın tətbiqinin mövcud vəziyyətindən söhbət açılmışdır. Qeyd edilmişdir ki, ki, Azərbaycanda əhalinin böyük hissəsi Abşeron yarımadasında, qismən də Kür çayının sahilində və Xəzər dənizi ilə həmsərhəd ərazilərdə yaşayır. Bu baxımdan həm külək, həm də daşqınlar nəticəsində sığorta hadisələrinin baş verməsi ehtimalı yüksəkdir. Təbii fəlakətlər üzrə sığorta işini daha yaxşı təşkil etmək üçün “sığorta hovuzu”nun yaradılması effektiv addım ola bilər. Bu fikir Almaniya, Türkiyə, Meksika, Çili kimi ölkələrin  müsbət nəticələr verən təcrübəsi ilə əsaslandırılmışdır.

Forumda Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Avstriya, Rumıniya, Türkiyə və Rusiyanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ekspertləri, Avropanın Swiss Re, Minich Re, Gen Re, Everest Re, Barents Re və Honnover Re təkrarsığorta şirkətlərinin, tibbi sığorta üzrə Almaniya Fərdi Tibbi Sığorta Assosiasiyasının, Türkiyənin TARSİM (kənd təsərrüfatı sığortaları hovuzu) sisteminin, eləcə də ölkəmizin aparıcı sığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edirlər. Onlar həyat sığortası, tibbi sığorta, avtomobil sığortası və risklərin idarə edilməsi mövzusunda təqdimatlar keçirmişlər.

İki gün davam edəcək tədbirdə “Regionun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Region ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Tibbi sığorta - dövlət və özəl xidmətlər arasında ortaq məxrəc”, “Təbii fəlakətlər: sığorta təminatı, maddi imkanlar, effektivlik - düzgün balans”, “Həyat sığortası”, “Avtomobil sığortası” və “Risklərin idarə edilməsi” mövzularında məruzələr dinləniləcəkdir. Habelə 2013-14-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, Qafqaz regionda “Yaşıl kart” sisteminin tətbiqi kimi məsələlər də diqqət mərkəzində olacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında