Dünən Bakı Ekspo Mərkəzində 13-cü beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian-2014”), həmçinin 4-cü Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2014”) sərgiləri işə başladı.
Açılış mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək Bakıda keçirilən ənənəvi nəqliyyat, tranzit, logistika, yol infrastrukturu və şəhər nəqliyyatına həsr olunmuş sərginin açılışı münasibətilə iştirakçıları təbrik etdi, tədbirin işinə uğurlar arzuladı. Son on ildə Azərbaycanın nəqliyyat infrastrukturunun ən yüksək inkişaf dövrünü yaşadığını vurğulayan natiq bildirdi ki, ötən müddətdə nəqliyyatın bütün sahələri -avtomobil, dəmir və hava yolları, avtomobil və dəniz nəqliyyatı sahələrində çoxsaylı infrastruktur layihələri həyata keçirilmiş, ölkəmiz bir sıra beynəlxalq və regional layihələrdə fəal iştirak etmişdir. Qeyd olundu ki, əlverişli coğrafi mövqeyinə görə mühüm nəqliyyat dəhlizlərinin üstündə yerləşən Azərbaycanın üzərindən beynəlxalq tranzitin təşkil olunması üçün çox münbit şərait vardır. Ulu öndər Heydər Əliyev 1998-ci ildə qədim İpək Yoluna həsr olunmuş konfransda Azərbaycanın nəqliyyat imkanlarını yüksək qiymətləndirmiş və ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfələr vermişdir.
Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif irimiqyaslı nəqliyyat layihələrinin reallaşdırıldığını və infrastrukturun yeniləşdirilməsi üçün konkret işlərin həyata keçirildiyini diqqətə çatdıran Musa Pənahov qeyd etdi ki, son on ildə nəqliyyatın bütün sahələrinin— avtomobil yolları və bununla bağlı infrastrukturun yaradılmasına, yeni hava limanlarının tikintisinə və hava gəmilərinin alınmasına, dəmir yollarının yenidən qurulmasına, dəniz limanının tikintisinə, yeni tanker və bərələrin alınıb ölkəmizə gətirilməsinə 20 milyard dollardan artıq investisiya yatırılmışdır. Ötən müddətdə Azərbaycanda 9 min kilometrdən artıq avtomobil yolları yenidən qurulmuş və ya bərpa olunmuş, yeniləri tikilmiş, 250-dən artıq körpü və yolötürücüləri, 6 yeni beynəlxalq hava limanı inşa edilmiş, çoxsaylı neft daşıyan tankerlər və 4 yeni bərə alınaraq istismara verilmişdir.
Gələn il Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırılması üçün nəqliyyat və yol infrastrukturu işçilərinin üzərinə də böyük məsuliyyət düşdüyünü vurğulayan M. Pənahov mötəbər beynəlxalq idman tədbirinin keçirildiyi günlərdə həm idmançılara, həm də qonaqlara yüksək səviyyədə xidmət göstəriləcəyini bildirdi. Sərgi iştirakçılarının sayının ilbəil artmasının bu mötəbər tədbirə olan diqqət və maraqdan irəli gəldiyini diqqətə çatdıran natiq onların Azərbaycana yüksək texnologiyaların, innovasiyaların gətirilməsində fəal iştirakını yüksək dəyərləndirdi, sərginin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə verəcəyini bildirdi.
Sonra “İteka Kaspian” şirkətinin direktoru Fərid Məmmədov sərgi iştirakçılarını salamlayaraq bu mühüm tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Nəqliyyat nazirliyinə, eləcə də sponsorlara AzVirt və Ştapler şirkətlərinə minnətdarlıq etdi. Qeyd olundu ki, builki sərgidə 16 ölkədən 100-dən artıq şirkət iştirak edir ki, bu da rekord göstəricidir.
Sonra sərgilərin açılışını bildirən rəmzi lent kəsildi, iştirakçılar nümayiş etdirilən ən son texnoloji yeniliklər və məhsullarla tanış oldular. Xatırladaq ki, “TransCaspian” sərgisi Qafqazda mühüm nəqliyyat forumu olmaqla yanaşı, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin ölkəmizin ərazisindən daşınması imkanlarının nümayiş etdirilməsinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə kömək göstərir. Sərgi hər il öz meydançasında yükdaşıma və logistika şirkətlərinin, vaqon və gəmiqayırma zavodlarının təmsilçilərini, eləcə də nəqliyyat üzərində logistika və informasiya sistemləri, dəniz və çay limanları üçün məhsul istehsalçılarını bir araya gətirir. Builki iştirakçıların ümumi sayının 50 faizini xarici eksponentlər təşkil edir. “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Gürcüstan, Çin, Rusiya, Fransa, Çexiya və İsveçrə şirkətləri öz ekspozisiyalarını nümayiş etdirirlər. Sərginin ekspozisiyasında dəniz və yerüstü yükdaşıma, limanlar və liman avadanlıqları, informasiya, naviqasiya və monitorinq sistemləri, kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunur. Sərgi Böyük İpək Yolu layihəsi çərçivəsində bir neçə nəqliyyat növü ilə yükdaşıma xidmətləri göstərən şirkətlərlə tanış olmağa, eləcə də Bakı, Aktau və Türkmənbaşı limanları arasında ən sərfəli yükdaşıma marşrutlarını nəzərdən keçirməyə, dəmir yolu nəqliyyat vasitələrinin istehsalçıları ilə görüşməyə yardım edəcəkdir.
“Road and Traffic-2014” sərgisində isə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi nümayiş olunur. Sərgidə yol-tikinti xidmətləri, metro tikintisi və tunelçəkmə avadanlıqları, habelə mühafizə və səsboğucu sipərlər, yol nişanları və işıqforlar, avtomobil axınını idarə etmək üçün nəzərdə tutulmuş qabaqcıl sistemlərlə tanış olmaq mümkündür. Burada “Azəryolservis” ASC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Almix Asia”, “AZD Praha”, “Azerinshaat”, “Baku Taksi”, “Controls S.R.L.”, “E-Mak”, “Herrenknecht AG”, “Holcim”, “Kolin İnşaat”, “Körpü-Bina-Tikinti”, habelə yol-tunel tikintisi və ictimai nəqliyyat sektorunda çalışan bir çox digər şirkətlər iştirak edir. Beləliklə, “TransCaspian-2014” və “Road and Traffic-2014” sərgiləri Azərbaycan üçün mühüm strateji layihələr olmaqla yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması, bazarın qiymətləndirilməsi, perspektivli müqavilələrin bağlanması və investisiyaların yatırılması üçün əla imkan yaradır.
Sərgilər üç gün davam edəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.