Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatına diqqət göstərməyi, bu sahəni inkişaf etdirməyi prioritet vəzifə sayır. Məhz buna görə də dövlət başçısının müvafiq sərəncamı ilə "Aqrolizinq"in yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz ki, aqrar sahəyə göstərilən bu diqqət rayonların sosial-iqtisadi inkişafında həlledici rol oynayır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması, sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi aqrar sahədə yetişdirilən məhsulların itkisiz yığılmasına müsbət təsir göstərir, istehsalda artım əldə edilir, məhsuldarlıq yüksəlir.
Onu da qeyd edək ki, məhsulun maya dəyərinin aşağı salınmasında və gəlirin çoxalmasında məhsuldarlığın artırılmasının mühüm əhəmiyyəti var. Bunun üçün isə təbiidir ki, fermerlərin keyfiyyətli toxumlarla təminatını yaxşılaşdırmaq, becərmənin aqrotexniki qaydalara uyğun aparılması ilə yanaşı, torpağın münbitliyini artırmaq ən başlıca şərtdir. Bu mühüm amili daim diqqət mərkəzində saxlayan dövlət başçımızın tapşırığı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə və pestisidlərə olan tələbatını ödəmək üçün ayrılmış vəsait hesabına "Aqrolizinq" ASC tərəfindən superfosfat, azot gübrəsi və pestisidlər alınıb güzəştli şərtlərlə hüquqi və fiziki şəxslərə verilir.
Son illərə kimi mineral gübrələrin və texnikanın lizinqə verilməsində bir sıra çətinliklər var idi. Belə ki, texnikanın lizinqə götürülməsi üçün münasib dəyərdə girov qoyulması, gübrələrin satışında isə girov qoyulması ilə bərabər, həm də dəyərin 10 faizindən az olmamaq şərtilə ilkin ödəniş aparılmalı idi. Aqrar sahənin inkişafına daim qayğı göstərən dövlət başçısı bu çətinliklərin aradan qaldırılması məqsədilə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncamla kənd təsərrüfatı istehsalçılarına satılan mineral gübrələrin və məhsul istehsalına sərf olunan yanacağın, habelə motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi qərara alınmışdır.
Adı çəkilən sərəncamda lizinqə verilən texnikanın dəyərinin ödənilməsi müddətinin 2 dəfə artırılaraq 5 ildən 10 ilə çatdırılması da diqqəti çəkən məqamdır. Bu da öz növbəsində hər ay ödəniləcək məbləğin iki dəfə azaldılmasında, texnika ilə yerinə yetirilən işlərin dəyərinin hiss olunacaq dərəcədə aşağı düşməsində, həm də istehsal olunan məhsulun maya dəyərinin xeyli ucuz olmasında özünü göstərir.
Burada bir mühüm məsələni də qeyd etmək yerinə düşər. Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri ön plana çəkilmişdir. Eyni zamanda, aqrar sahəyə dövlətin maraq göstərməsi, kəndli (fermer) təsərrüfatlarının inkişafının sürətləndirilməsi, bu sahədə qanunvericilik bazasının dünya təcrübəsinə uyğunlaşdırılması xarici investorların ölkəmizə diqqətini daha da artırmışdır. Məhz bunun nəticəsidir ki, son illər aqrar sahədə bir sıra beynəlxalq maliyyə qurumları ilə birgə investisiya layihələri həyata keçirilmiş, kredit ittifaqları vasitəsilə fermerlərə mikrokreditlər ayrılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsinin aqrar sektorun inkişafında, torpaqların münbitliyinin və məhsuldarlığının yüksəlməsində xüsusi rolu nəzərə alınaraq, irriqasiya sistemlərinin istismarına və əsaslı təmirinə dövlət büdcəsindən yönəldilən vəsait 2,1 dəfə artmışdır.Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi və Xanarx kanalının inşası başa çatdırılmış, sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə işləri aparılmışdır.
Aqrar sahənin dinamik inkişafı ilə bağlı məqamlardan göründüyü kimi, respublikanın sosial-iqtisadi tərəqqisinə, aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsinə və lizinqin genişləndirilməsinə dair qəbul edilən fərman və sərəncamlar, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanda aparılan aqrar siyasətə keyfiyyətcə və məzmunca yeni ab-hava gətirmişdir.
"Aqrolizinq" ASC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də ardıcıl işlər həyata keçirilir. Cəmiyyət fəaliyyətə başladığı qısa müddət ərzində onun 55 rayonda aqroservis filialları, Bakı Mərkəzi Təchizat Bazası və 4 rayonlararası təchizat bazası yaradılmış, lazımi maşın-mexanizmlər və nəqliyyat vasitələri ilə təmin olunmuşdur.
"Aqrolizinq" tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi, alınan mineral gübrələrin paylanması üçün ayrı-ayrı bölgələri əhatə edən regional loqistik bazaların yaradılması istiqamətində görülən işlər davam etdirilir.
Artıq Şəki və Sabirabad rayonlarında regional loqistik bazalar istifadəyə verilmiş, Xaçmaz və Şəmkirdə isə bu cür bazaların istismarına son hazırlıq işləri aparılır.
Göründüyü kimi, son illər dövlət torpaq mülkiyyətçisinin problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirmiş, nəticədə aqrar sahədə məhsul istehsalında mühüm göstəricilər əldə edilmişdir. Eyni zamanda, daxili istehsal hesabına əhalinin bir sıra müxtəlif növ kənd təsərrüfatı məhsulları ilə təminatı tamamilə ödənilmişdir. Bununla belə hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarının qarşılaşdıqları bir sıra çətinliklər var ki, onlar tez bir zamanda həll edilməlidir. Məsələn, təsərrüfatlarda buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara ciddi ehtiyac duyulur. Məhz dövlət başçısının 21 avqust 2008-ci il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamı da həmin ehtiyacların ödənilməsi məqsədi daşıyır.
Sözügedən sərəncamla kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya və mineral gübrələrə olan tələbatını yaxşılaşdırmaq, mineral gübrələrin və texnikanın saxlanılması üçün xüsusi anbarların tikintisinin təmin edilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş ölkə Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə müvafiq həcmdə vəsait ayrılması qərara alınmışdır.
Bu sərəncama əsasən buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına yüksək reproduksiyalı idxal buğda toxumunun satış qiymətinin 50 faizinə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilir. Bundan başqa, heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədilə xaricdən damazlıq heyvanların idxal olunması, eyni zamanda fermerlərə 50 faiz güzəştlə lizinq yolu ilə satılması qərara alınmışdır.
Sərəncamda ən mühüm məqamlardan biri də odur ki, bu il və gələn il mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların layihələndirilməsi, habelə tikintisi reallaşdırılacaqdır.
Göründüyü kimi, Azərbaycan dövləti, onun başçısı aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi diqqət yetirir. Bu isə aqrar bazarın formalaşmasına, ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın yüksəlməsinə, ixrac məhsullarının çeşid və həcminin artmasına müsbət təsir göstərir.
Amma bütün bunlara baxmayaraq, etiraf edək ki, ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı hələlik mümkün olmamışdır. Digər tərəfdən dünya ərzaq bazarlarında nəzərə çarpan qeyri-sabitlik də ölkəmizdə ərzaq məhsullarının qiymətinə öz mənfi təsirini göstərmişdir. Ona görə də dövlət başçımız 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nı təsdiq etmişdir. Xatırladaq ki, hazırkı vəziyyət Azərbaycanda daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir və bu, adı çəkilən Dövlət Proqramında öz ifadəsini tapmışdır.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.