"Şahdəniz" yatağında qaz hasilatı artır

Yatağın ikinci işlənmə mərhələsi çərçivəsində illik hasilat 16 milyard kubmetrə çatdırılacaq
Xəzərin Azərbaycan sektorunda yerləşən karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan sayca ikinci ən böyük müqavilə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair layihə uğurla həyata keçirilir. Xatırladaq ki, bir neçə mərhələdə işlənməsi nəzərdə tutulan "Şahdəniz" layihəsinin ilk mərhələsi çərçivəsində tikinti-quraşdırma tədbirlərinə 2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələdə görülən nəhəng tikinti-quraşdırma işləri "Şahdəniz" yatağının zəngin qaz-kondensat ehtiyatlarının istismarına başlamasına imkan yaratmışdır.
Məlum olduğu kimi, "Şahdəniz" yatağında quraşdırılmış unikal platformadan artıq dörd ilə yaxındır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Göründüyü kimi, ötən müddətdə "Şahdəniz" layihəsi çərçivəsində həyata keçirilən işlər Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmişdir. Təsadüfi deyil ki, hazırda reallaşmaqda olan "Nabukko" layihəsinin tərəfdaşları da ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər.
Cari ilin birinci yarımilliyində layihənin reallaşdırılması istiqamətində uğurla addımlar atılmışdır. bp Azərbaycan şirkətinin ilin birinci yarısının yekunları ilə bağlı hesabatında qeyd olunur ki, yanvar-iyun aylarında "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 81,3 milyon dollar, əsaslı məsrəflərinə isə 162,2 milyon dollar sərf olunmuşdur. İl ərzində isə layihənin əməliyyat və əsaslı məsrəflərinə müvafiq olaraq 177,8 milyon dollar və 604,8 milyon dollar xərcləməsi nəzərdə tutulmuşdur.
Hesabatda bildirilir ki, 2010-cu ilin birinci yarısı ərzində "Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.
"Şahdəniz" platforması vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Cari ilin birinci yarımilliyi ərzində "Şahdəniz" yatağından gün ərzində 20 milyon kubmetr qaz və 42700 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki dövrlərə nisbətən çoxdur. Yanvar-iyun aylarında yataqdan 3,6 milyard kubmetr qaz və 1 milyon ton kondensat çıxarılmışdır. Bütövlükdə isə 2010-cu il üçün "Şahdəniz" layihəsi çərçivəsində 7,6 milyard kubmetr qaz və 2,01 milyon ton kondensat hasilatı nəzərdə tutulur. 2006-cı ilin sonlarında "Şahdəniz" yatağından hasilata başlanıldığı vaxtdan cari ilin birinci yarısının sonunadək yataqdan təqribən 20,6 milyard kubmetr təbii qaz və 5,3 milyon ton kondensat hasil edilmişdir.
"Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların qazıntısı davam etdirilir. Cari ilin əvvəlində yeni quyular sistemi istismara verildikdən sonra fevral ayında platformadan yeni bir quyunun qazıntısına start verilmişdir. Bundan əlavə, layihə iştirakçıları tərəfindən ilin üçüncü rübündə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları aparılacaq. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. Bütövlükdə isə "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın səviyyəsi ildə 8,6 milyard kubmetr qaz və təqribən 16,4 milyon barrel kondensatın təşkil edəcəyi gözlənilir.
"Şahdəniz" zəngin qaz-kondensat yatağıdır. Məhz buna görə də adı çəkilən yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində bu amil nəzərə alınaraq buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını artırmaqla yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının da çoxalmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: "...Biz "Şahdəniz" qaz yatağının ikinci fazasının işlənilməsinə başlamağa hazırıq. "Şahdəniz" yatağının ikinci fazasının işlənilməsi Azərbaycan iqtisadiyyatına ən azı 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. Bu, bizim üçün böyük bir fürsətdir".
Yeri gəlmişkən, 2010-cu ilin iyun ayının 7-də İstanbulda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında "Şahdəniz" qazının Türkiyəyə satışını və bu ölkənin ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq anlaşma memorandumu imzalandı. Bu isə "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış çox mühüm bir addımdır. Bu addım eyni zamanda, sözügedən layihənin ikinci mərhələsinin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla "Şahdəniz" layihəsinin tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Hazırda isə qazın sonrakı marketinqi və satışı üçün ən optimal variantın müəyyən edilməsi üzrə danışıqlar davam edir. Xatırladaq ki, layihə tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar prosesinə Azərbaycan hökuməti adından ARDNŞ rəhbərlik edir.
Hazırda saziş iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirirlər. Cari ilin ilk yarısında adı çəkilən layihələri irəli aparmaq məqsədilə aparılan mühəndis-layihə və qiymətləndirmə işlərinin ilin sonunadək davam etdirilməsi planlaşdırılmışdır.
"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də ilin əvvəlindən uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəldir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. Cari ilin birinci yarısında kəmərin orta ötürücülük gücü gündə təxminən 15 milyon kubmetr təşkil etmişdir. 2007-ci ilin mart ayından indiyədək Cənubi Qafqaz boru kəməri ilə dünya bazarına 13 milyard kubmetrə yaxın qaz ixrac olunmuşdur. Bundan əlavə, ötən müddətdə yataqdan hasil edilən 5,3 milyon ton kondensat Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılmışlar.
2010-cu ilin ilk yarısı ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 4,9 milyon dollar vəsait xərclənmişdir. İlin sonunadək isə bu məqsədlə daha 7,8 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur.
"Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 20 milyard dollar sərmayə yönəldiləcək. Bu isə beş ildən sonra "Şahdəniz" yatağından il ərzində ən azı 16 milyard kubmetr qazın hasilatına və nəqlinə imkan yaradacaqdır.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında