Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən birinci və ikinci Dövlət proqramları ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.
Həmin regional Dövlət proqramları Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən 10 il müddətdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən Dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Xatırladaq ki, regional Dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı sosial-iqtisadi inkişafa nail olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.
Haqqında danışdığımız iki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.
Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə-55 min 615 yeni müəssisə açılmışdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enmişdir.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri açılmışdır. Kreditlərin 78 faizi, yaradılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” xətti ilə onların güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası, avadanlıq, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə regionlarda aqroservislərin və logistik mərkəzlərin yaradılması ölkə iqtisadiyyatının inkişafının mühüm istiqamətlərindəndir.
Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.
Son illərdə inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.
Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə dövlətimizin başçısının müvafiq qərarları ilə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır və hazırda digər iri sənaye mərkəzlərinin təşkili işi də sürətlə həyata keçirilir.
Son illərdə regionlarda 500-dən çox iri sənaye müəssisəsi, o cümlədən Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlığı, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, habelə yüzlərlə digər istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu ilin fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans”da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolu da vurğulanmalıdır.
Hazırda sözügedən Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur. Bu ilin yanvar-aprel aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 18,2 milyard manat təşkil etmişdir. Bu dövrdə ÜDM-in 47,4 faizi sənayedə, 11,1 faizi tikintidə, 8,5 faizi ticarət sahəsində, 6 faizi nəqliyyatda, 2,4 faizi kənd təsərrüfatında, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 13,6 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 3,9 faiz, tikintidə 21,5 faiz, informasiya və rabitədə 12,3 faiz, ticarətdə 9,1 faiz, nəqliyyatda 6,1 faiz, kənd təsərrüfatında 3,3 faiz, sosial və digər xidmət sahələrində 3 faiz artmışdır.
Bu ilin birinci rübü ərzində ölkə iqtisadiyyatında inkişaf dinamikasının yüksələn xətlə davam etdirilmişdir. Həmin dövrdə 29 min yeni iş yeri və 3 minə yaxın yeni müəssisə yaradılmışdır.
Ölkə Prezidenti 2014-cü ilin birinci rübü ərzində Naxçıvan Muxtar Respublikasında, Sumqayıt və Gəncə şəhərlərində, Qəbələ və Göygöl rayonlarında bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmişdir. Hesabat dövründə Sumqayıtda kağız və karton istehsalat kombinatının, yağ fabrikinin, mis emalı zavodunun, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının, Naxçıvan Biznes Mərkəzinin, Gənclər Mərkəzinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının, Gəncədə Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı (metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama) zavodlarının, Gəncə dairəvi avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Nizami Gəncəvi Muzeyinin, Göygöl Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin, Gəncə və Göygöldə Heydər Əliyev Mərkəzlərinin, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olmuş, Göygölə içməli suyun verilməsi təmin edilmişdir.
2014-cü ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sumqayıt və Gəncə şəhərlərinin, Göygöl rayonunun və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, eləcə də “Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunmasına, Saatlı rayonunun Sımada-Qarayevkənd, Ağdaş rayonunun Ləki-Pirəzə-Xınaxlı, Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar, İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq, Quba rayonunun Quba-Küpçal-Küsnət, Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yollarının tikintisinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanmış və 56,7 milyon manat məbləğində maliyyə vəsaiti ayrılmışdır. Bununla yanaşı, ölkə başçısının müvafiq sərəncamı ilə əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.