Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ötən dövrdə ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş baş vermişdir. Bu nailiyyətlərin təməli isə, heç şübhəsiz, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” nin imzalanması ilə qoyulmuşdur. Belə ki, düz iyirmi il əvvəl ulu öndər Heydər Əliyev daxili və xarici təzyiqlərə baxmayaraq, dünyanın 11 transmilli neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanmasına nail olmuşdur. Beləliklə, dünya bazarına yeni mənbədən yüksək keyfiyyətli əlavə neftin çıxarılması ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyulmuşdur. Yeni neft strategiyası çərçivəsində görülən işlər, qazanılan nailiyyətlər ölkə iqtisadiyyatının etibarlı təməlini daha da möhkəmləndirmiş, Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafının lokomotivinə çevrilmişdir.
Ötən müddətdə xarici tərəfdaşlarla enerji sahəsində əməkdaşlıq əlaqələri xeyli genişlənmiş, ölkəmizin neft-qaz sənayesinə 50 milyard dollardan artıq sərmayə yatırılmışdır. Azərbaycan uzunmüddətli perspektiv üçün öz enerji təhlükəsizliyini tam təmin etmiş, region ölkələri olan Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində etibarlı təchizatçı kimi mühüm rol almışdır. Yaxın illərdə isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş kimi mövqeyi bir qədər də artacaqdır. Ölkəmizin əsas qaz tədarükçüsü kimi regionda əhəmiyyətinin artması isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismara verilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Bakıda keçirilmiş XXI beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransın açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “1996-cı ildə – “Əsrin kontraktı”nın imzalanmasından cəmi iki il sonra “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı imzalanmış müqavilə bu gün, əlbəttə ki, xüsusi məna daşıyır. O illərdə də biz bilirik ki, Azərbaycanın zəngin qaz yataqları var idi və məhz “Şahdəniz” qaz yatağının işlənilməsi bunu təsdiq etdi. “Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50 faizini təşkil edir”.
“Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 1996-cı ilin iyun ayında Bakıda 3-cü beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransı”nın keçirildiyi günlərdə imzalanmışdır. Xatırladaq ki, dünyanın dəniz akvatoriyaları üzrə ən iri qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. İstismarda olan “Şahdəniz-1” mərhələsinin hasilat gücü ildə 9 milyard kubmetr təbii qaz təşkil edir.
Məlum olduğu kimi, 2006-cı ilin sonlarında “Şahdəniz” yatağının birinci mərhələsinin istismara verilməsi ilə Azərbaycan dünyanın potensial qaz ixrac edən ölkəsinə çevrildi. Heç şübhəsiz, Azərbaycanın təbii qaz ölkəsi kimi dünyanın diqqət mərkəzinə gəlməsi müstəqilliyimizin ən mühüm nailiyyətlərindən biridir. Avropa İttifaqı ölkələrinin enerji təminatında “Şahdəniz” layihəsinin ikinci mərhələsi xüsusi aktuallıq kəsb edir. Yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində isə ildə 16 milyard kubmetr təbii qazın hasilatı nəzərdə tutulur. Bununla da, “Şahdəniz” yatağından illik qaz hasilatının həcmi 25 milyard kubmetrə çatdırılacaq. Yeri gəlmişkən, “Şahdəniz-2” layihəsi ölkəmizin uzunmüddətli dayanıqlı inkişafımızı təmin edəcəkdir. Belə ki, bu layihənin reallaşdırılmasına milyardlarla dollar investisiya qoyulacaqdır. Digər tərəfdən, layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsində Azərbaycanın çoxsaylı şirkətləri podratçı kimi iştirak edəcəklər ki, bu da öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaqdır.
Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Belə ki, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır.
Son illər beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Artıq yeddi ildən artıqdır ki, “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan və Türkiyəyə, oradan isə Yunanıstana ixrac olunur. Sözügedən yatağın qaz ehtiyatları ilə zəngin olması səbəbindən isə layihənin ikinci, tammiqyaslı işlənmə mərhələsinə zərurət yaranmışdır. Məlum olduğu kimi, ötən il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Layihə üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq”. Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.
Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti xarici tərəfdaşları ilə birlikdə yaxın və orta perspektivdə neftlə yanaşı, qaz hasilatının sabit saxlanılması və artırılması məqsədilə digər yataq və sahələrdə də məqsədyönlü işlər aparır. Bu isə onu deməyə əsas verir ki, mövcud layihələr üzrə həyata keçirilən tədbirlər, eləcə də perspektiv strukturların potensialı nəticəsində ölkəmiz özünün zəngin karbohidrogen ehtiyatları ilə hələ uzun illər enerji sahəsində etibarlı tərəfdaş kimi əhəmiyyətini qoruyub saxlayacaqdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ildə ölkə üzrə qaz hasilatının laylara vurulan qaz istisna olunmaqla 20 milyard kubmetrə, 2025-ci ilədək isə 40 milyard kubmetrə çatdırmaq üçün böyük imkanlar vardır.
“Şahdəniz” yatağı ilə yanaşı, Azərbaycanın digər böyük qaz yataqları da vardır. Son illərdə aparılan uğurlu kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” qaz yataqlarının aşkarlanması bunu deməyə əsas verir. Hazırda “Şahdəniz”, “Ümid”, “Abşeron” və digər yataqlarda olan qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynayacaq.
Ötən illərdə Azərbaycan özünün enerji resurslarını dünya bazarlarına çıxarmaq kimi mühüm və vacib vəzifənin öhdəsindən də uğurla gəlməyi bacarmışdır. Özü də ixrac marşrutlarının seçilməsində ölkəmizin siyasi iradə nümayiş etdirməsi diqqəti xüsusilə cəlb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu sahədə müstəqil siyasət yürüdərək özünün karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün şaxələndirilmiş neft-qaz kəmərləri sistemini yaratmağa müvəffəq olmuşdur. Bu mühüm məsələyə toxunan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizim neft, qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə şaxələndirməni tam şəkildə təmin edir. Çünki bizim 7 neft-qaz kəmərimiz var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir”.
Məlum olduğu kimi, 1998-ci ilin əvvəllərində Bakı-Novorossiysk kəməri ilə Şimal istiqamətinə neft ixrac etməyə başlayan Azərbaycan təxminən bir il sonra daha bir ixrac marşrutuna sahib çıxdı. Bakı-Supsa kəmərinin istismara verilməsi ilə Azərbaycan nefti Qərb istiqamətinə axdı. Nəhayət, 2006-cı ilin yayında ümummilli liderimiz Heydər Əliyevin ideya müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri işə salındı. Bununla da, Azərbaycan xam neftini dünya bazarlarına çıxarmaq üçün çoxvariantlı ixrac marşrutuna sahib çıxdı. 2007-ci ildə isə “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstan və Türkiyə bazarlarına çıxarmaq məqsədilə Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verildi. Beləliklə, artıq 7 ildir ki, Azərbaycan öz qazını regional bazarlara çıxarır.
Buna baxmayaraq, ölkəmizin zəngin qaz ehtiyatları yeni bazarlara çıxış imkanlarını xeyli artırır. Digər tərəfdən, dünya bazarlarında Azərbaycan qazına tələbatın getdikcə artması ilə əlaqədar olaraq ölkəmizin bilavasitə iştirakı və dəstəyi nəticəsində daha geniş imkanlara malik ixrac infrastrukturunun yaradılmasına başlanmışdır. Hazırda bu məqsədlə xüsusi aktuallıq kəsb edən “Cənub” qaz dəhlizinin reallaşması “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənilməsindən çox asılıdır. Bunun üçün isə tələb olunan bütün hüquqi və maliyyə bazası yaradılmışdır. Məlum olduğu kimi, ötən ilin sonlarında “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi layihəsinə start verilmişdir. Buna qədər isə “Cənub” qaz dəhlizinin əsas qolları olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin çəkilişi ilə bağlı sazişlərə imza atılmışdır. Regionda reallaşdırılan bütün əsas enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Respublikası bu dəfə də böyük siyasi iradə nümayiş etdirərək “Cənub” qaz dəhlizi ideyasının gerçəkləşdirilməsi üçün mümkün olan hər şeyi etdi. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev bu barədə demişdir: “Uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdır və sadəcə olaraq ildən-ilə müşahidə edilən müzakirələr, bəyanatlar, amma ortada bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr vaxtında, hətta vaxtından əvvəl reallaşır. Ona görə biz heç vaxt imkan verə bilməzdik ki, “Cənub” qaz layihəsi gözəl bir layihə, ideya kimi qalsın. Ona görə, həlledici anlarda biz bütün məsuliyyəti öz üzərimizə götürmüşdük və yeni layihənin icrası ilə bağlı təkliflərimizi vermişdik. Bu layihənin adını da biz vermişik - TANAP, Trans- Anadolu qaz kəməri. Bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik və nəticə etibarilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı. Bu gün TANAP layihəsi artıq reallıqdır. TANAP layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlər başlamışdır və bu layihəyə diqqət artmaqdadır... Ancaq biz çalışırıq ki, beynəlxalq əməkdaşlığı maksimum dərəcədə genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapdı və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri tikiləcəkdir”.
“Şahdəniz” yatağının ikinci işləmə mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın ixracını təmin etmək məqsədilə hazırda istismarda olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi də qarşıda duran mühüm vəzifələrdəndir. Artıq Şahdəniz konsorsiumu podraçı şirkətlərlə kəmərin genişləndirilməsi üçün tələb olunan tikinti müqavilələrini imzalamışdır.
Məlum oluğu kimi, hazırda reallaşmaqda olan “Şahdəniz-2”, TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqdır. İlkin hesablamalara görə, sözügedən layihələrin həyata keçirilməsinə 45 milyard dollar vəsait nəzərdə tutulmuşdur. Bir məsələni də qeyd edək ki, artıq Azərbaycan təkcə regionda reallaşdırılan enerji layihələrinin təşəbbüskarı olmaqla kifayətlənmir. İndi ölkəmiz həm də bu layihələrin əsas investorlarından biri kimi çıxış edir. Elə TANAP layihəsində səhmlərin böyük hissəsinin Azərbaycana məxsus olması da bunu təsdiq edir. Bununla yanaşı, ölkəmiz TAP və “Şahdəniz-2” layihələrinə də maliyyə vəsaiti sərf edir. Bu da Azərbaycanın getdikcə artmaqda olan iqtisadi gücünün məntiqi nəticəsidir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.