“Mediapart” internet qəzetində Fransa-Azərbaycan iqtisadi əməkdaşlığından bəhs edən məqalə yer almışdır

Fransanın nüfuzlu internet qəzeti olan “Mediapart”ın  9 iyun tarixli sayında “Fransa-Azərbaycan: inandırıcı iqtisadi mübadilə” sərlövhəli məqalə yer almışdır.

İki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan bəhs edən məqalədə  Fransa Prezidenti Fransua Ollandın çoxsaylı müəssisə rəhbərləri və iş adamlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə  may ayının 12-də  Azərbaycana rəsmi səfər etdiyi, Prezidenti İlham Əliyevlə görüşdüyü xatırlanmışdır. Həmçinin yazıda Azərbaycanın  son illər iqtisadi sahədə böyük yüksəliş əldə etdiyi, nəinki regionda, habelə dünyada qüdrətli dövlətə çevrildiyinin artıq reallıq  olduğu barədə Fransua Ollandın söylədiyi fikirlər də yer almış, bu görüşün iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün mühüm  əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Yeni geoiqtisadi vəziyyətin təminatı istiqamətində əldə edilən razılaşma  sənədləri üzərində tərəflərin gərgin işlədikləri vurğulanan məqalədə qeyd olunur ki, Azərbaycan Fransaya həmişə xoşməramlı münasibət bəsləmişdir. Buna əyani misal olaraq  Bakıda fransız liseyinin tikintisinə, Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasına  və Lans futbol klubunun saxlanmasına göstərilən yardımlar  diqqətə çatdırılır.

Fransa Prezidentinin səfərinin  ticarət mübadiləsindən  daha çox siyasi tərəfdaşlıq xarakteri daşıdığı qənaətinə gələn məqalə müəllifi  danışıqların mərkəzində enerji məsələsinin  dayandığı, hələ də Rusiyanın  onun enerji ehtiyatlarından asılı olan Avropanı  təhdid etdiyi və bunun siyasi problem yaratdığı, Fransanın Azərbaycanın istər regionda, istərsə də dünyada strateji rolunu yüksək qiymətləndirdiyi barədə fikirlərini də oxucularla bölüşür.

Azərbaycan Prezidenti İlham Əliyevin “bizim prioritetlərimizin əsas istiqaməti yaxın illərdə qeyri-neft sahələrinin inkişafı ilə bağlıdır” fikrinə istinad edilən  məqalədə ölkəmizin  əsas  məqsədlərindən birinin nəqliyyat sektorunun inkişafı olduğu, bu sahədə Fransanın  zəngin və böyük təcrübəsindən yararlanmağın vacibliyi  vurğulanır. Qeyd olunur ki, Azərbaycanda digər prioritet istiqamətlərindən  olan informasiya və telekommunikasiya, kosmos, turizm, kənd təsərrüfatı, xüsusilə üzümçülük sənayesi  sahələrinin inkişafı da dövlətin diqqət mərkəzindədir və buna nail olmaq üçün Fransa  ən yaxşı tərəfdaşdır. 

Jurnalist  Jerom Kudrenin blokunda yerləşdirdiyi məqalə Azərbaycanın dünya iqtisadi arenasına inteqrasiya etməkdə maraqlı olduğuna,  şəhərsalma  arxitekturasını müasirləşdirdiyinə və özünün iqtisadi inkişaf modeli sayəsində Cənubi Qafqazda artıq lider dövlətə çevrildiyinə dair məlumatlarla tamamlanır.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında