Azərbaycan regionun lider dövlətidir

Son illərdə ölkəmizdə iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Sevindirici haldır ki, artıq Azərbaycan da dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınmağa başlayıb. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə fəal iştirak edirlər.

Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında  çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev  demişdir: “Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır. Hesab edirəm ki, biz şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir”.

Hazırda Azərbaycan Türkiyədə ən çox sərmayə yatıran ölkədir. Bu, müstəqil Azərbaycan dövlətinin qardaş  Türkiyənin inkişafına verdiyi dəstəyin ən yaxşı göstəricisidir. Artıq ARDNŞ Türkiyə iqtisadiyyatında ən böyük və birbaşa sərmayəçidir. Bu sərmayə çərçivəsinə “PETKİM”in satınalınması, liman tikintiləri, TANAP  layihəsi və “Star” neftayırma zavodunun inşasına birlikdə indiyədək  5,7 milyard dollar vəsait sərf olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2011-ci il oktyabrın 25-də təməli qoyulmuş “Star” neft emalı zavodunun illik istehsal gücü 10 milyon ton  olacaq. Ümumilikdə 23 bank və  kredit qurumu tərəfindən “Star” Rafineri layihəsinə ayrılan 3 milyard 290 milyon dollar kredit beynəlxalq maliyyə bazarlarında Azərbaycana və Türkiyəyə, o cümlədən ARDNŞ-ə  göstərilən böyük etimaddır. “Star” Rafinerin tikintisinin maliyyələşdirilməsi kreditin miqdarına və qaytarılma müddətinə görə Türkiyənin bu vaxtadək aldığı ən böyük və ən uzunmüddətli kredit paketidir.

Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələri daha da  genişləndirmiş, ulu öndərin dəqiq hədəflərə hesablanmış siyasəti bütün parametrləri ilə özünü doğrultmuşdur. Heydər Əliyev  böyük uzaqgörənliklə etibarlı tərəfdaş olaraq Türkiyəni seçmiş, ölkələrimiz arasında ortaq işbirliyi strategiyasının müəyyən edilməsinə qəti qərar vermişdir. Neft sahəsindən əldə olunan gəlirlərdən səmərəli istifadə edilməsi hər iki ölkədə iqtisadiyyatın hərtərəfli inkişafı üçün geniş imkanlar açmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri təkcə Azərbaycan xalqı üçün yox, bu layihələrdən bəhrələnən və gələcəkdə onların faydasını görəcək yüz milyonlarla insanın firavan həyatının qurulmasını təmin edəcəkdir.

Ölkə  Prezidenti cənab İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Hazırda Azərbaycanda iri sənaye komplekslərinin yaradılması istiqamətində mühüm  tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə 2014-cü ili “Sənaye ili” elan etmişdir. Sərəncamda deyilir: “Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur”.

Son illər sənayenin inkişafına mühüm önəm verilməsinin nəticəsi kimi bir neçə fakta diqqət yetirək. Ötən il qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi  irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır. Son bir ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal müəssisələri, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları da daxil olmaqla 100-ə yaxın sənaye obyekti istifadəyə verilmişdir. Hazırda isə 90-dan çox sənaye müəssisəsinin inşası davam etdirilir.

Azərbaycanda yaradılan yeni sənaye müəssisələri həm də beynəlxalq standartlara uyğun qurulması ilə diqqəti cəlb edir. Məsələn, qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə əlaqədar qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə cavab verir. 20 hektar ərazidə inşa olunmuş və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetrdən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kv-saat elektrik enerjisi istehsal ediləcək.

Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir.

Yaxın beş ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun qarşıdakı illərdə daha da artacağına zəmanət verir. TANAP-ı haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər Türkiyəni önəmli enerji dəhlizinə çevirəcəkdir. Həm də bu layihə iki qardaş dövlətin enerji sahəsində bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə vüsət alan, “Petkim”lə davam etdirilən əməkdaşlıq və tərəfdaşlığını daha da möhkəmləndirəcəkdir.  TANAP layihəsi reallaşdırıldıqdan sonra dünyanın yeni enerji qaynağına çevriləcəkdir.

TANAP Azərbaycanla Avropa ölkələri arasında bir körpü olacaqdır. Yəni, Avropaya istiqamətlənən yanacağı TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) məhz TANAP ötürəcəkdir. TAP başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatdırılacaqdır. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcəkdir. Hazırda “Şahdəniz” konsorsiumu qaz satışı üzrə İtaliya və Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini razılaşdırmışdır. Bundan əlavə, Bolqarıstanda da satışı həyata keçirmək üçün danışıqlar aparılmışdır.  Gələcəkdə TAP-dan ayrılan “qollar” Azərbaycanın qaz ixracını daha da şaxələndirəcək.

Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmini qat-qat artırmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Sevindirici haldır ki, ölkəmizə yatırılan sərmayənin həcmi ilbəil artmaqdadır. Təkcə ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar, başqa sözlə, rekord həcmdə sərmayə yatırılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vacib məsələdən danışarkən demişdir: “Çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına cəlb edək. Əlbəttə ki, bu, o qədər də asas məsələ deyildir... Ancaq Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün  hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik...”.

İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusi vurğulamışdır ki, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik. Büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın.

Dünya İqtisadi Forumunun  hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə etdiyi uğurların öz əksini tapması ölkəmizdə sözügedən sahədə həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Belə ki, son illərdə  respublikamızda  neft kapitalının insan kapitalına  çevrilməsi istiqamətində   böyük layihələrin uğurla reallaşdırılması informasiya-kommunikasiya  texnologiyalarının   inkişafına da müsbət təsir göstərmişdir.

Dövlət başçısının müvafiq fərmanı ilə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında “İnformasiya kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” əsas istiqamətlərdən birini təşkil edir. Burada qarşıya  qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. Bundan başqa,  2020-ci ilə qədər  “Elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində keyfiyyətli xidmətlərlə təmin olunacaqdır.

Yaxın illər ərzində kosmik sənayenin daha da inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyan Azərbaycan dövləti aşağıorbitli peykini  2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması ölkəmizi daha etibarlı peyk rabitəsi ilə təmin edəcəkdir. Yuxarıda adı çəkilən konsepsiyaya uyğun olaraq, yaxın illərdə telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən yayımı təşkil olunacaqdır. Aşağıorbitli peyklərin orbitə çıxarılması isə respublikada ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcəkdir.

2020-ci ilə qədər ölkəmizin  regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcəkdir. Onu da əlavə edək ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin, böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway)  layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.

Azərbaycan bu gün region ölkələri  üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevrilməkdədir. Artıq həmin istiqamətdə işlər sürətlə aparılır. Belə ki, hazırda  ölkəmizdən Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir. Mütəxəssislərin araşdırmalarına görə,  həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qarşıdakı 10 il ərzində  Azərbaycanda İKT sektorunun həcmi təxminən 4,5-5 dəfə artacaqdır. Bu isə ölkədə sosial-iqtisadi inkişafın daha da sürətlənməsinə, insanların  rifahının yüksəlməsinə və cəmiyyət qarşısında duran digər problemlərin uğurlu həllinə öz  müsbət təsirini göstərəcəkdir.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında