Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması ölkənin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərmişdir. Belə ki, son illər Azərbaycanın xarici bazarlara ixrac imkanları daha da genişləndirilmiş, bununla bağlı müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmış, o cümlədən sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması və digər vacib istiqamətlərdə zəruri işlər aparılmışdır.
Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının genişlənməsi nəticəsində artıq azərbaycanlı iş adamları xarici ölkələrə investisiyalar yatırırlar və bu rəqəm indi milyard dollarlarla ölçülür. Eyni zamanda, milli sahibkarların xarici ölkələrdə fəaliyyətinin genişləndirilməsi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün iş adamlarının birliklərinin yaradılması üzrə müvafiq tədbirlər görülür. Artıq Türkiyə və Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi təsis edilmişdir.
Onu da xatırladaq ki, ölkədə istehsal olunan rəqabətqabiliyyətli məhsulların xarici bazarlara ixracının təşviq edilməsi üçün yerli və xarici iş adamlarının, eləcə də beynəlxalq tərəfdaşların iştirakı ilə mütəmadi olaraq biznes forumları, “dəyirmi masa”lar və ikitərəfli görüşlər təşkil olunur. Həmin tədbirlərdə kənd təsərrüfatı və ərzaq sənayesi, tikinti, İKT, maliyyə, konsaltinq, nəqliyyat, logistika, sənaye, alternativ enerji və səhiyyə sektorlarından yerli və xarici iş adamları və nümayəndələr iştirak edirlər.
Yeri gəlmişkən, xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar.
Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüş yaratmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə, öz aralarında beynəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.
Azərbaycan genişmiqyaslı iqtisadi islahatlara 1995-ci ildən başlamışdır. Bu müddət ərzində inflyasiya prosesi dayandırılmış, pul tədavülü sabitləşdirilmiş, xarici iqtisadi fəaliyyətdə və valyuta bazarında kifayət səviyyədə liberallığa nail olunmuş, iqtisadiyyatın artan tempi təmin edilmiş, valyuta bazarında canlanma yaranmışdır. Bütün bunlar nəticə etibarı ilə əhalinin həyat səviyyəsində ötən illərlə müqayisədə böyük irəliləyişə səbəb olmuşdur. Nailiyyətlər sırasında xarici fəaliyyətin əldə olunmuş dinamik inkişaf səviyyəsi, xarici iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi də vurğulanmalıdır. Bu gün Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyası göstərilən vəzifənin həllində mühüm amil hesab olunur.
Xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Hazırda Avropa İttifaqı ölkələri Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 50 faizə yaxındır.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 10-dan çox ölkə ilə hökumətlərarası komissiya yaradılmışdır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair birgə bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul olunması bu istiqamətdə əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır.
Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərimizdir. Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.
Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülür. Ölkəmiz, eyni zamanda, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır.
2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80 faizədək artırmaq niyyətindədir. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr qeyri-neft sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Bu məqsədlə şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq.
Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi dövlətlərinin payı 40 faizə yaxınlaşmışdır. Bunlar əsasən, Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır. Avropa İttifaqının 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış və bu istiqamətdə tədbirlər davam etdirilir. Bütün bunlar isə gələcəkdə də Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2014-cü ilin birinci rübündə xarici ölkələrlə 7,1 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 6,5 milyard dolları və ya 91 faizi uzaq xarici dövlətlərin, 642,4 milyon dolları MDB üzvü ölkələrinin payına düşmüşdür.
Bu dövrdə ixrac olunmuş məhsulların 5,2 milyard dollarlığı (96,7 faizi) MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrə, 179,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 11 faiz və 46,4 faiz azalmışdır.
Rüb ərzində ölkəmizə 1,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən 1,3 milyard dollar, MDB üzvü ölkələrindən 463 milyon dollar həcmində mal idxal olunmuşdur.
İxracın idxalı üstələməsi nəticəsində 3,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrlə əlaqələrdə 3,9 milyard dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 45,9 faizi Avropa İttifaqı ölkələri, 9 faizi MDB üzvü dövlətləri, 45,1 faizi digər ölkələrlə aparılmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 9,7 milyard dollar (o cümlədən, ixrac 8 milyard dollar) təşkil etmiş və 6,7 faiz azalmışdır.
Birinci rübdə ölkəmizə 9 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir.
Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrinin həcminin və coğrafiyasının daha da genişlənməsinə səbəb olacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.