“Star” neft emalı zavodunun tikintisinin maliyyələşdirilməsinə dair İstanbulda saziş imzalanmışdır

İyunun 6-da İstanbulun “Çırağan” sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin İzmir vilayətinin  Əliağa bölgəsində inşa etməyi planlaşdırdığı “Star” neft emalı zavodu tikintisinin maliyyələşdirilməsi üzrə sazişin imzalanma mərasimi keçirilmişdir.

Əvvəlcə Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyəyə nəqlini və qardaş ölkələrin iqtisadi əlaqələrinin inkişafını əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “PETKİM” idarə heyətinin sədri və ARDNŞ-in sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, “SOCAR-Türkiyə” şirkətinin direktoru Kənan Yavuz, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, bu ölkənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq çıxış etmişlər.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsi sahəsində görülən işlərdən danışan natiqlər bildirmişlər ki, ulu öndərimizin dəqiq hədəflərə hesablanmış siyasəti bütün parametrləri ilə özünü doğrultmuşdur. Heydər Əliyev  böyük uzaqgörənliklə etibarlı tərəfdaş olaraq Türkiyəni seçmiş, ölkələrimiz arasında ortaq işbirliyi strategiyasının müəyyən edilməsinə qəti qərar vermişdir. Neft sahəsindən əldə olunan gəlirlərdən səmərəli istifadə edilməsi hər iki ölkədə iqtisadiyyatın hərtərəfli inkişafı üçün dəqiq hədəflərin seçilməsinə imkan yaratmışdır. Çıxışlarda dəfələrlə qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri Heydər Əliyev dühasının ortaya çıxardığı və təkcə Azərbaycan xalqı üçün yox, bu layihələrdən bəhrələnən və gələcəkdə onların faydasını görəcək yüz milyonlarla insanın firavan həyatının qurulmasını təmin edəcəkdir.

Çıxışlarda qeyd olunmuşdur ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının reallaşması üçün dəqiq addımlar atılmışdır. Türkiyə və Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün əsasların yaradılması ulu öndərimizin məqsədyönlü hədəflərindən olmuşdur. Bu hədəflərə, yeni istehsal müəssisələrinin qurulması, iş yerlərinin yaradılması, ixtisaslı mütəxəssislərin formalaşması, intellektual potensialın gücləndirilməsi, dünya bazarına tələb olunan yeni və çoxçeşidli məhsullarla çıxmaq imkanlarının əldə edilməsi, iqtisadiyyatın bütün sahələrinin ardıcıl və davamlı inkişaf etdirilməsi, iqtisadi sektorun bir sahədən asılılığının ortadan qaldırılması kimi məqamlar daxildir. Qeyd olunan məqamlar Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs sayəsində Azərbaycanda gerçəkləşdiyi kimi, Türkiyədə də həyat axarına çevrilmişdir.

Bildirilmişdir ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri günbəgün güclənməkdədir. Bu əlaqələr sayəsində hər iki qardaş dövlət böyük nailiyyətlərə imza atmaqdadır. Hazırda Azərbaycan Türkiyədə ən çox sərmayə yatıran ölkədir. Bu, Azərbaycanın Türkiyənin inkişafına verdiyi dəstəyin ən böyük göstəricisidir. İyirmi milyard dollarlıq yatırım ilə ARDNŞ, Türkiyə iqtisadiyyatında ən böyük və birbaşa sərmayəçi olmuşdur. Bu sərmayə çərçivəsinə “PETKİM”in satın alınması, liman tikintiləri, TANAP  layihəsi və “Star” neftayırma zavodunun inşasına birlikdə sərf olunacaq  5,7 milyard dollar vəsait daxildir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2011-ci il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində təməli qoyulmuş “Star” neft emalı zavodunun illik istehsal gücünü 10 milyon ton  xam neft təşkil edəcəkdir. Artıq hissə-hissə maliyyələşdirmə prosesi arxada qalmışdır. Ümumilikdə 23 bank və  kredit qurumu tərəfindən “Star” Rafineri layihəsinə ayrılan 3 milyard 290 milyon dollar kredit beynəlxalq maliyyə bazarlarında Azərbaycana və Türkiyəyə, o cümlədən ARDNŞ-ə  göstərilən etibar və etimaddır. “Star” Rafinerin tikintisinin maliyyələşdirilməsi kreditin miqdarına və qaytarılma müddətinə görə, Türkiyənin bu vaxtadək aldığı ən böyük və ən uzunmüddətli kredit paketi, eyni zamanda, 2014-cü ildə Avropa, Orta Şərq və Afrika regionunda ən böyük neft və qaz layihə maliyyələşdirilməsidir.

Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığı diqqətə çatdırılmış və qeyd edilmişdir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda iqtisadi inkişafa maneə olan, sülh və sabitliyin qorunmasına əngəl törədən başlıca amildir. Azərbaycanda iqtisadi inkişafın sürətli dinamikasına baxmayaraq, ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və məcburi köçkündür, işğal altında saxlanılan ərazilərdən fayda götürmək imkanları itirilmişdir. Lakin işğal faktı Azərbaycanı inkişaf hədəflərindən yayındıra bilməz, dövlətimizin qüdrətinin artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin inkişaf strategiyasının prioritetləridir. 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında