İyunun 5-də Bakı Biznes Mərkəzində “Heydər Əliyev Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişaf konsepsiyasının müəllifi və yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Su Təsərrüfatı və Meliorasiya İşçiləri Gününə həsr olunmuş konfrans respublikamızda həyata keçirilən suvarma və meliorasiya tədbirlərindən bəhs edən video-filmin nümayişi ilə başlamışdır.
Elmi-praktiki konfransı giriş sözü ilə açan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirmişdir ki, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk olaraq respublikamızda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, melioratorlar və su təsərrüfatı işçiləri 2007-ci ildən başlayaraq özlərinin peşə bayramını qeyd edirlər. Ulu öndərimiz Heydər Əliyev 1996-cı il iyunun 5-də “Meliorasiya və irriqasiya haqqında” Qanunu imzalamışdır ki, məhz həmin tarix peşə bayramı gününün təsis olunması üçün əsas götürülmüşdür.
Səhmdar cəmiyyətin sədri meliorasiya və su təsərrüfatının inkişafında ulu öndərimiz Heydər Əliyevin böyük tarixi xidmətləri olduğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, qədim suvarma əkinçiliyi ənənələrinə malik respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, onun əsaslı inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur.
Həmin illərdə bu sahədə quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxsaylı hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı sayəsində meliorasiya və su təsərrüfatı kompleksi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunmuşdur. Mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.
Vurğulanmışdır ki, ulu öndərimiz Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə geniş suvarma sistemlərinə, kollektor -drenaj şəbəkələrinə, nasos stansiyalarına, su anbarlarından ibarət güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşdırılmış meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir.
Bildirilmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası, yenidən qurulması və tikintisi işlərini uğurla davam etdirmişdir. Dünya Bankının krediti ilə Siyəzən, Şabran, İsmayıllı və Yardımlı rayon mərkəzlərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işlərinin birinci mərhələsi başa çatdırılmışdır. Eyni zamanda respublikanın 40 min 656 hektar torpaq sahəsində suvarma və drenaj şəbəkələrinin bərpası və yenidən qurulması işləri davam etdirilmişdir. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində ümumi sututumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarı (SES-lə birlikdə), Vəlvələçay-Taxtakörpü (II mərhələ) və Taxtakörpü-Ceyranbatan kanalları tikilmişdir.
Konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır ki, dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Neftçala magistral kanalının, həmçinin digər magistral və suvarma kanallarının tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri davam etdirilmişdir. Kürdəmir rayonu ərazisində Axtaçı-Ərəbqubalı kanalının tikintisinin başa çatdırılması ilə 4000 hektar sahənin su təminatı yaxşılaşdırılmışdır.
Ümumi sututumu 170 milyon kubmetr olan Şəmkirçay dəryaçasının tikintisinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu layihə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının ərazilərində 50 min 122 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmağa, 20834 hektar əlavə sahəni suvarmağa imkan yaradacaqdır. Eyni zamanda Gəncə şəhərinin, Samux və Şəmkir rayonlarının əhalisinə saniyədə 1,6 kubmetr içməli su verilməsi təmin olunacaqdır.
Azərbaycan Prezidentinin meliorasiya ilə bağlı xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə verdiyi tapşırığa uyğun olaraq, sahənin gələcək inkişafını nəzərdə tutan “Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2014-2020-ci illərdə inkişafına dair Proqram” hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 29 yanvar tarixli sərəncamına əsasən cari ildə 32 rayonun 622 min nəfərdən çox əhalisi olan 233 yaşayış məntəqəsində 250 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulmuşdur. İndiyədək 67 quyu qazılaraq istifadəyə verilmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup əməkdaşın təltif edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının rəhbərliyi ilə su təsərrüfatı və meliorasiya üzrə həyata keçirilən iri miqyaslı layihələr bu sahənin inkişafına dair uzunmüddətli strategiyanın tərkib hissəsidir.
Tədbirdə su təsərrüfatı işçilərinin və melioratorların peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Səhmdar cəmiyyətin bir qrup əməkdaşının təltif edilməsi dövlətimizin başçısının bu sahədə çalışanların əməyini daim yüksək qiymətləndirməsinin əyani təzahürü olduğu bildirilmişdir.
Konfransın sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.