İyunun 4-də Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
Bundan əlavə, tədbirə Birləşmiş Millətlər Təşkilatı, BMT-nin əlaqədar qurumları-İnkişaf Proqramı, Uşaq Fondu, Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası, Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, həmçinin Almaniya Texniki Yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi Geoelmlər İnstitutu, Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən nümayəndələr də qatılmışlar.
Tədbirin əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq qurumları və İƏT ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdir.
İki gün davam edəcək konfransda Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələskərov, Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak edirlər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycana gələn xarici ölkələrin nümayəndələrinə təşəkkürünü bildirmişdir.
Kəmaləddin Heydərov konfransın iştirakçısı olan ölkələri möhkəm dini bağların, qarşılıqlı məqsəd və hədəflərin tarix boyu bir araya gətirdiyini demişdir. O, İƏT ilə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır ki, uğurla həyata keçirildiyini bildirmişdir. Nazir demişdir: “Bu əməkdaşlıq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təsis edildikdən sonra İƏT-in Təbii Fəlakət Riskinin İdarə Olunması üzrə Regional Mərkəzi ilə əlaqələrin qurulmasında da özünü doğrultmuşdur. Bugünkü konfransın belə yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Azərbaycanda təşkil olunması bunu bir daha sübut edir”.
Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrin həm maddi, həm də insan itkilərinə gətirib çıxardığını deyən Kəmaləddin Heydərov beynəlxalq əməkdaşlığın zəruri olduğunu bildirmişdir. O, seysmik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də başvermə ehtimalının yüksək olduğunu demişdir. Nazir rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş verən təbii fəlakətlərin aradan qaldırılması üçün mərkəzin yaradıldığını və bir sıra dövlətlərə humanitar yardımın göstərildiyini qeyd etmişdir.
Fövqəladə hallar naziri bildirmişdir ki, konfransın əsas məqsədi zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır.
Kəmaləddin Heydərov demişdir: “Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməmişdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır. Buna da birgə təlimlər, müvafiq təhsil proqramları və kütləvi informasiya vasitələri ilə regionun əhalisi arasında təbii fəlakətlərlə bağlı məlumatlılığın artırılması yolu ilə nail olunur. Bu kontekstdə birgə cəhdlər və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Mən əminəm ki, bu konfrans fəlakət riskinin azaldılması siyasəti üzrə gələcək strategiyaların müəyyən edilməsi üçün çərçivə müəyyən etmək istiqamətində İƏT-ə üzv dövlətlər, beynəlxalq və hökumətlərarası təşkilatlar arasında fikir və təcrübə mübadiləsinə mükəmməl platforma yaradacaqdır. Bir daha dəvətimizi qəbul edib gəldiyiniz və konfransda iştirak etdiyiniz üçün sizə təşəkkür edir və konfransın uğurlu işi üçün ən səmimi arzularımı çatdırıram”.
Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələskərov, Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek çıxış edərək fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacib olduğunu bildirmişlər. Natiqlər təbii fəlakət risklərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın həyati əhəmiyyət daşıdığını vurğulamış və bu əməkdaşlıqda Azərbaycanın fəal iştirakını yüksək qiymətləndirmişlər. Konfransın yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıq ifadə edilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Sonra konfrans iştirakçıları “Konqress Holl”un qarşısında xatirə şəkli çəkdirmiş, FHN-in fəaliyyətindən bəhs edən sərgi ilə tanış olmuşlar.
Daha sonra konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri təmsil etdikləri ölkələr barədə təqdimatlar etmişlər.
Konfransda BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Şurasının Qafqaz və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Marsel Vaessenin “Beynəlxalq humanitar cavabvermə sistemi: bu gün və sabah həyatların xilas edilməsi”, BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) regional məsləhətçisi Sanjay Kumarın “BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İƏT üzv ölkələrində fəlakət riskinin idarə olunması perspektivləri”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin fəlakət riskinin idarə olunması üzrə qlobal təşəbbüs qrupunun rəhbəri Olaf Handloegtenin “Fəlakət riskinin idarə olunmasında Almaniya təcrübəsi”, Almaniya Texniki Yardım Federal Agentliyinin nümayəndəsi Florian Veberin “Fəlakətlərə cavabvermə üzrə hazırlıq”, Almaniya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Parvizzhon Mahmudovun “İctimai yönümlü fəlakət riskinin azaldılması”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Alois Şlaeffer “Mərkəzi Asiyada və dünyada fəlakət riskinin idarə olunması layihələri”, Türkiyənin Baş Nazirliyi yanında Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Fuat Oktayın “Van zəlzələlərində fəlakətlərin və fövqəladə halların idarə olunması” mövzularında məruzələri dinlənilmişdir.
Konfrans iyunun 5-də başa çatacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.