Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. 1903-1917-ci illərdə daha çox “Şollar” kimi tanınan Birinci Bakı su kəmərinin tikintisi ilə başlayan içməli su tariximizin sonrakı dövrlərində daha böyük və mürəkkəb layihələr icra edilib. SSRİ vaxtında yeni mənbələrin və infrastrukturun yaradılması ilə su qıtlığından əziyyət çəkən şəhər, qəsəbə və kəndlərin problemləri mərhələli şəkildə öz həllini tapıb.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranmış, problemlərin kompleks həlli məqsədilə qısa müddətdə iri layihələr icra edilmişdir. Kür su kəmərləri sisteminin birinci növbəsi üzrə 30 aya görülməli işlər bir ildən də az vaxtda başa çatdırılmış və 1970-ci il sentyabrın 27-də Abşeron yarımadasına nəql olunan Kür suyu Bakıya verilmişdir. Ulu öndərin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi isə 1988-ci ildə təhvil verilmişdir. Bununla da, paytaxtda salınmış yeni yaşayış massivlərinin su təchizatı təmin edilmişdir. Ceyranbatan sutəmizləyici qurğularının üçüncü mərhələsinin inşası isə 1978-ci ildə başa çatdırılmışdır.
Paytaxt Bakının tullantı suları infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması da 1970-80-ci illərə təsadüf edir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan aerasiya stansiyası, eləcə də paytaxtın tullantı sularının kənarlaşdırılmasında hazırda da əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilmişdir.
Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya infrastruktunun yaradılması ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, həmin illərdə bölgələrdə yeni su mənbələri yaradılmış, su anbarları, su və kanalizasiya xətləri, nasos stansiyaları tikilmişdir.
Ulu öndər 1993-cü ildə xalqın təkidi ilə yenidən respublika rəhbərliyinə gəldikdən sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kreditlərin cəlbi ilə bağlı danışıqlara başlanıldı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. Bu, nəinki Azərbaycanda, hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan alınmış ilk iri məbləğli kredit idi. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da, təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda, Bakı şəhərinin su təchizatının dayanıqlığını təmin etmək üçün mərkəzi nasos stansiyalarında reabilitasiya tədbirləri görüldü.
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də ulu öndər Heydər Əliyevdir. Məhz onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.
2003-cü ilin oktyabrında ümummilli liderin layiqli varisi İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Ulu öndərin memarı olduğu sosial-iqtisadi və struktur islahatlar Azərbaycanın yeni dövlət başçısı tərəfindən uğurla davam etdirildi. Ölkə Prezidenti əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü il iyun ayının 11-də “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident sərəncamı imzalandı. Sənədə əsasən, buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da, içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.
Ulu öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsininin fəal tikinti mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirildi. Prezident İlham Əliyevin bir neçə dəfə tikinti sahələrinə səfər edərək işlərin gedişi ilə yaxından maraqlanması layihənin icrasını xeyli sürətləndirdi. Nəhayət, layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və Yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı şəhərinə çatdırıldı. Xatırladaq ki, 2 min millimetr diametrli şüşə lifli borulardan istifadə olunmaqla tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər hazırda Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyır. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən ölkə Prezidenti İlham Əliyev demişdir: “Oğuz-Qəbələ-Bakı su kəməri böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik”.
“Azərsu” ASC fəaliyyətə başladıqdan sonra Bakı şəhərinin tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli bir layihə - Hövsan aerasiya stansiyasının yenidən qurulması işləri həyata keçirildi. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, fiziki və mənəvi aşınmış avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə stansiyanın məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı sularının bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu.
Regionların inkişafını, əhalinin həyat səviyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev ölkənin şəhər və rayonlarının, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar vermişdir. Məlum olduğu kimi, regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, eləcə də 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı dövlət sənədində içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər öz əksini tapmış, artıq onların böyük bir hissəsi uğurla reallaşdırılmışdır.
Bu mühüm dövlət sənədlərinin icrası ilə əlaqədar Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq üçün konkret tədbirlər həyata keçirilir. Bu məqsədlə 2035-ci ilədək olan perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə edilməsi üçün 18 bölmədən ibarət Master Plan işlənib hazırlanmışdır. Burada şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sözügedən sahənin institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı sularının təkrar istifadəsi, ekoloji tarazılıq və digər amillər əsas götürülmüşdür. Sənədə əsasən, Abşeron yarımadasında 550 kilometr uzunluğunda magistral, 8100 kilometr paylayıcı su xətləri, həcmi 1 milyon 150 min kubmetr olan su anbarları, 150 kilometr tunel tipli kanalizasiya kollektorları, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya, 3400 kilometr yağış kanalizasiya şəbəkəsi, 900 kilometr yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu layihələndirilmişdir.
Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi artıq yekunlaşmaq üzrədir. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və məhsuldarlığı saniyədə 6 kubmetr olan bu qurğu, həmçinin layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin istismara verilməsi ilə Abşeron yarımadasının su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Unikallığı ilə seçilən bu layihənin icrası nəticəsində yarımadanın şərq hisəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni salınmış yaşayış massivlərinin su problemi birdəfəlik həll ediləcək. 2013-cü ildə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəmərinin Qala qəsəbəsinə qədər olan hissəsinin inşası tarixən yeraltı və daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri, həmçinin Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərinin su təminatını ciddi şəkildə yaxşılaşdırmışdır.
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində su təchizatı zəif olan ərazilər əsas götürülməklə 1340 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan su anbarları tikilib. Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan 69-Şərq və 110-Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.
Ölkə başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil “smart-kart” tipli sayğacla təmin edilib. Görülən işlər nəticəsində həmin binaların su təminatı yaxşılaşıb, sabit hidravlik rejim təmin edilib, dəqiq uçot qurulub, zirzəmilərə axan suların qarşısı tam alınıb. Fasiləsiz su ilə təmin olunan binaların damında quraşdırılmış çənlər yığışdırılıb. Proqramın icrası müddətində Abşeron yarımadasının yaşayış məntəqələrində 195 min “smart-kart” tipli sayğac quraşdırılıb. Beləliklə, son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb. Bununla da, paytaxtda xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz içməli su ilə təmin olunub. Bu məqama toxunan Prezident İlham Əliyev demişdir: “Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır”.
Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə yeni kollektor və xətlərin, çirkab sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin əsaslı təmiri, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə Xırdalan-Xocasən, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ, Bayıl-Bibiheybət tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, Dövlət Proqramının icrası müddətində “Azərsu” ASC tərəfindən Abşeronda 275 kilometr uzunluğunda kanalizasiya xətləri quraşdırılıb. Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının əsaslı təmiri Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının həcminin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. 18 ünvanda aparılmış işlər Bakı buxtasına sutka ərzində axıdılan 200 min kubmetr tullantı sularının qarşısını almağa imkan verib.
Hazırda paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Beynəlxalq maliyyə qurumlarının krediti hesabına Gəncə, Şəki, Göyçay, Ağdaş, Beyləqan, Şamaxı, Qəbələ, Sabirabad, Saatlı, Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində, dövlət büdcəsi vəsaiti hesabına isə Lənkəran, Biləsuvar, Hacıqabul, Kürdəmir, İmişli, Ucar, Zərdab, Mingəçevir, Şəmkir, Qax və Quba şəhərlərində infrastruktur yenidən qurulur. Xatırladaq ki, bu layihələrin icrası 350-dən artıq kəndin su probleminin həllinə də imkan yaradacaq. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməsi işlərin gedişini xeyli sürətləndirib. Ötən müddətdə 10 şəhərə yeni mənbələrədən suyun verilməsi təmin edilib. Ümumilikdə görülmüş işlər nəticəsində rayon mərkəzlərində yaşayan 300 mindən artıq insanın su təminatı yaxşılaşıb.
İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış Şirvan-Muğan qrup su kəmərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Xatırladaq ki, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu layihədən 5 şəhər və 121 kəndin 470 min nəfər sakini faydalanacaq. Azərsu ASC-nin əməkdaşlarının əzmkarlığı nəticəsində 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar kəməri bir il ərzində tikilərək istismara verilib. Hazırda Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri məhz bu mənbədən su alır. Növbəti mərhələdə Salyan və Neftçala şəhərlərinin, həmçinin kəndlərin Şirvan-Muğan qrup su kəmərinə qoşulması təmin olunacaq. Bununla yanaşı, Kür Təmizləyici Qurğular Kompleksindən Saatlı və Sabirabad şəhərlərinə 65 kilometr uzunluğunda yeni kəmərin inşası davam etdirlir. Bu layihə magistral kəmər boyu yerləşən 42 kəndi də əhatə edəcək.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Layihə çərçivəsində Girdmançayın yatağında suqəbuledici qurğu, anbar kompleksi tikilmiş, Zərdab şəhərinə 72, Kürdəmir şəhərinə 27, Ucar şəhərinə 57, Ağsu şəhərinə isə 15 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir. Hər 4 şəhərə yeni mənbədən suyun verilməsi təmin edilmişdir. İşlər tam başa çatandan sonra ətraf kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min nəfər bu layihədən faydalanacaq.
Xanbulançay və Viləşçay layihələri isə Cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik olacaq layihələrdir. Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üşün Xanbulançay anbarının sahilində sutəmizləyici qurğu inşa olunmuş, buradan Lənkəran şəhərinə suyun verilməsi təmin edilmişdir. Masallı və Cəlilabad şəhərlərinin su təchizatına hesablanmış Viləşçay sutəmizləyici qurğusunun və magistral kəmərin tikintisi isə davam etdirilir. Bundan əlavə, hazırda Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23 və Yardımlı rayonunun 17 yaşayış məntəqəsinin su təchizatı layihələri həyata keçirilir.
“Azərsu” ASC şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də su layihələri həyata keçirilib.
Bütövlükdə isə son on ildə “Azərsu” ASC tərəfindən regionlarda 3430 kilometr su, 1225 kilometr kanalizasiya xətti, 96 su anbarı 39 su və kanalizasiya-nasos stansiyaları tikilmiş, bölgələrdə fasiləsiz su alanların xüsusi çəkisi iki dəfədən çox artaraq 55 faizə çatdırılmışdır.
Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqinin də daim nəzarətdə saxlanılması zərurətini yaradır. Təsadüfi deyil ki, bu vacib məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin”. Heç şübhəsiz, Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanda insan amilinə verilən önəmin təcəssümüdür. Bu baxımdan “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yaradılması xüsusi vurğulanmalıdır. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi laboratoriyada quraşdırılmış müasir avadanlıqların köməyilə içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür. Mərkəzi laboratoriyanın yaradılması layihəsi çərçivəsində səyyar laboratoriya kimi fəaliyyət göstərən nəqliyyat vasitələri də alınmışdır. Səyyar laboratoriyaların texniki imkanları istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına və su mənbələrinin ilkin tədqiqinə tam imkan verir.
Ötən dövrdə “Azərsu” ASC-nin informasiya-kommunikasiya texnologiyaları infrastrukturu müasir tələblərə uyğun qurulub, iş proseslərinin avtomatlaşdırılması məqsədilə tətbiq edilən sistemlərin, elektron xidmətlərin, İT infrastrukturunun dayanıqlı və fasiləsiz fəaliyyəti təmin edilib. İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə, suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. SCADA sistemi vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik müəyyən edilir və daim nəzarətdə saxlanılır. Eyni zamanda, Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb. “AzərsuCİS” adlanan bu sistemin köməyilə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrə köçürülür. “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər 4800 kilometr su, 2200 kilometr kanalizasiya xətti, 890 su anbarı, 266 nasos stansiyası, unikal kod verilmiş 230 min bina və tikili haqqında məlumatlar daxil edilib. Yeri gəlmişkən, “AzərsuCİS” layihəsi Bentli Beynəlxalq Layihə Müsabiqəsinin, Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda “Su resurslarının idarə edilməsi” nominasiyasının qalibi olub, SEGUS-2013 intellektual infrastruktur və coğrafi informasiya sistemləri konfransının mükafatını qazanıb.
Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son üç ildə bu tədbirlər çərçivəsində 220 mindən artıq müxtəlif növ ağac əkilib.
Beynəlxalq əlaqələri genişləndirən “Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Cəmiyyətin təşəbbüsü və dəstəyilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilib. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisində 23 ölkədən 70-dən çox şirkətin təmsil olunması tədbirə marağın böyük olmasından xəbər veirirdi. Sərgi ilə paralel təşkil olunmuş konfransa dünyanın tanınmış elm adamları, Dünya Su Şurasının, 7-ci Dünya Su Forumunun, eləcə də su sektoru ilə əlaqəli bir sıra beynəlxalq qurumların rəhbərləri qatılıb. Bütün bunlar isə Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir. Yeri gəlmişkən, “Azərsu” ASC-nin Dünya Su Şurasının və Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilməsi də qurumun beynəlxalq əlaqələrin genişləndirilməsinə imkan yaradır .
Vətəndaşların sağlamlığının qorunmasını dövlət siyasətinin mühüm tərkib hissəsinə çevirən Prezident İlham Əliyev bu nəcib missiyaya su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə gələcək nəsillər üçün etibarlı mənbənin formalaşdırılması ilə başlamışdır. Dövlət başçısı ölkə vətəndaşlarının 24 saat keyfiyyətli içməli su ilə təmin edilməsini Azərbaycanın milli su operatoru olan “Azərsu” ASC-nin qarşısına mühüm bir vəzifə kimi qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət artıq öz bəhrəsini verir, hər bir Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkənin su təsərrüfatının ahəngdar işinin təminatına hər zaman diqqət və qayğı ilə yanaşıb. Ölkə başçısının 2014-cü il may ayının 14-də imzaladığı sərəncamla hər il iyun ayının 5-nin Azərbaycanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunması da bunun parlaq təzahürüdür. Bu il, həm də Azərbaycanın milli su operatoru olan “Azərsu” ASC-nin fəaliyyətə başlamasının 10 ili tamam olur. Yubiley ilində ilk dəfə peşə bayramlarını qeyd edən su təsərrüfatı işçiləri dövlət qayğısından ruhlanaraq ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına dair mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlar.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.