Bu gün Bakıda dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərinin iştirakı ilə keçirilən ənənəvi “Xəzər nef-qaz, neftayırma və neft kimyası sərgi və konfransı” öz işinə başlayır.
Xatırladaq ki, Xəzəryanı regionun neft-qaz sektoru üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bu beynəlxalq tədbir neft və milyonlar səltənəti olan Bakı şəhərində ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Bu möhtəşəm tədbir dünyanın əsas iqtisadi dairələrinin, neft-qaz sektorunda çalışan transmilli şirkətlərin diqqətini Xəzər regionunun, xüsusən də qədim neft diyarı kimi tanınan Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından müstəsna rol oynayır. Eyni zamanda, beynəlxalq “Xəzər neft-qaz, neftayırma və neft kimyası” sərgisi regionun və dünyanın neft sektorunu təmsil edən iri istehsalçı və təchizatçı şirkətləri, eləcə də aparıcı ekspertləri bir yerə toplamaq baxımından da diqqəti cəlb edir.
Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı bu sahədə fəaliyyət göstərən şirkətlər üçün, bir növ, hesabat xarakteri daşıyır. Adıçəkilən tədbirin böyük şöhrət qazanmasının başlıca səbəblərindən biri də dünya neft-qaz hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın bu sahədəki zəngin ənənələri, ölkə rəhbərliyinin sərgiyə, həmçinin neft sektorunun inkişafına göstərdiyi qayğı və diqqətdir. Bu və digər məsələlər barədə 21-ci beynəlxalq “Xəzər neft-qaz, neftayırma və neft kimyası” sərgi və konfransa həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verildi.
Böyük Britaniyanın “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bildirdi ki, regionun neft və qaz sənayesi üçün xüsusi əhəmiyyət daşıyan builki sərgi və konfrans 3-6 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Qeyd olundu ki, hər il Azərbaycan paytaxtında keçirilən bu möhtəşəm beynəlxalq tədbir neft və qazın hasilatı, emalı, daşınması və maddi-texniki təchizatı, həmçinin servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayişi, neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir araya toplayır.
Azərbaycanın neft-qaz sənayesinin tarixində mühüm hadisə–“Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən birinci “Xəzər neft-qaz sərgi və konfransı”ndan sonra bu mötəbər beynəlxalq tədbirin neft, qaz və enegetika sənayesinin aparıcı simalarının görüş yerinə çevrildiyini diqqətə çatdıran E.Stroon bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il sərginin təntənəli açılış mərasimində iştirak etməsi isə onun yüksək statusunu bir qədər də möhkəmləndirir. Builki sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edəcək ki, onların da 70 faizindən çoxu dünyanın neft sənayesini təmsil edən tanınmış şirkətləridir.
Sərginin təşkilatçıları isə Böyük Britaniyanın “İTE Qroup” və onun tərəfdaşı “İteca Caspian” şirkətləridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi də ənənəvi olaraq sərgiyə dəstək göstərirlər. Eyni zamanda, layihəyə cəlb olunmuş İngiltərə, Rusiya, Türkiyə, Almaniya, Çin və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətlər builki sərgi və konfransa beynəlxalq marağın bir qədər də artırlması üçün xüsusi səy göstərmişlər.
“Xəzər neft-qaz” sərgisinin layihə meneceri Tofiq Kərimov bildirdi ki, builki tədbirdə Azərbaycan bazarına yenicə daxil olmuş bir sıra xarici şirkətlər də iştirak edəcəklər ki, onlar da öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforması kimi istifadə etmək niyyətindədirlər. Sərgi iştirakçılarının 35 faizinin yerli şirkətlərin təşkil etdiyini diqqətə çatdıran T. Kərimov, ümumilikdə, builki tədbirin bütün ekspozisiyası üzrə 10 faiz artım olduğunu qeyd etdi. Bildirildi ki, “Bakı Ekspo Mərkəzi”nin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyasına neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və digər mövzular daxildir.
Natiq, həmçinin tədbir çərçivəsində keçiriləcək 4-cü beynəlxalq energetika və alternativ enerji sərgisi barədə də media nümayəndələrinə ətraflı məlumat verdi. Qeyd olundu ki, sözügedən tədbirin əsas məqsədi regionda enerji sektorunun gələcək inkişafı üçün münbit şəraitin təmin olunmasına, biznes əlaqələrinin qurulmasına, satış bazarlarının genişləndirilməsinə, birgə müəssisələrin yaradılmasına və ölkə bazarında investisiya layihələrinin, o cümlədən texnologiya və avadanlıqların təşviqinə kömək etməkdən ibarətdir.
Sərginin keçirildiyi günlərdə “Neft-qaz, neftayırma və neft kimyası konfransı”nın da keçirilməsi artıq ənənəvi xarakter almışdır. Bu barədə jurnalistlərə məlumat verən Xəzər neft və qaz konfransının meneceri Nigar Muradxanlı bildirdi ki, iyunun 4-5-də “JW Marriott Absheron” otelində keçiriləcək konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Tədbirdə müxtəlif ölkələrin dövlət strukturlarını təmsil edən 50 aparıcı ekspert və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışları nəzərdə tutulur.
Konfransda “Əsrin müqaviləsi”nə həsr olunmuş xüsusi iclasda bu mühüm sazişin tarixi, həyata keçirilməsi və uğurlarından söhbət açılacaq, həmçinin, “Avrasiyanın enerji təchizatının təminatında Azərbaycanın rolu”, Xəzər regionundan neft və qaz nəqlinin diversifikasiyası”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi”, eləcə də XXI əsrin layihələri- “Şahdəniz-2”, TANAP və TAP layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq zəminində aktual məsələlər və digər mühüm mövzularda məruzələr dinləniləcək.
Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına da ətraflı cavab verildi.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.