Ölkəmizdə digər peşə sahələri kimi, su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də çox qiymətli və şərəflidir. Meliorasiya və su təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlar qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.
Meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyev 1996-cı il iyunun 5-də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya haqqında” Qanunu imzaladı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncamı ilə 5 İyun Meliorator Günü elan olundu. Dövlət başçımız su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq, 5 iyunun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam imzaladı. Möhtərəm Prezidentimizin daimi diqqət və qayğının bariz nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılandı, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirdi.Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür- Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və nadir regionlarından biridir. Ölkə ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarını yetişdirib yüksək məhsuldarlığa nail olmaq mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. O vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 1971- 1975- ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz su anbarı su- elektrik stansiyası ilə birlikdə, Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil- Muğan hidroqovşağı, uzunluğu 37 kilometr, saniyədə 80 kubmetr sərfiyyatı olan Baş Mil kanalı, ümumi uzunluğu 71 km olan Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar- Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verildi. Həmin dövrdə yerinə yetirilən tikinti işlərinin xarakterik cəhətlərindən biri onların yüksək texniki səviyyədə aparılması idi.
1976–1982-ci illərdə ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971- 1975- ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay çayı üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən həcmi 550 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Naxçıvan MR- də Arpaçay çayı üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan və həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5 milyon kubmetr olan Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verildi. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artdı.
Ulu öndər Moskvada rəhbər vəzifədə işlədiyi illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin sürəti və həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.
Belə bir şəraitdə 1993-cü ildə Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi.
Azərbaycanın meliorativ fondunun əksər hissəsi dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və onların istismarı müəssisələri olduğundan su anbarları, magistral kanallar və kollektorlar, təsərrüfatlararası suvarma kanalları və kollektorlar, selötürücülər, iri nasos stansiyaları, hidroqovşaqlar, qışlaqların su təminatı sistemləri, Kür-Araz və dağ çayları boyunca mühafizə bəndləri, irriqasiya meşə zolaqları, rejim müşahidə quyuları, istismar müəssisələri və s. özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin sırasına daxil edildilər.
İdarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı ulu öndərin verdiyi göstəriş və tövsiyələri rəhbər tutaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mərkəzi aparatı və yerli idarəetmə orqanlarının yeni strukturu və əsasnaməsi hazırlandı. “Meliorasiya və irriqasiya haqqında” Qanununa uyğun olaraq, 1997-ci il yanvarın 1-dən respublikada mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə başlandı.
Suvarma suyunun paylanmasını, sudan səmərəli istifadə olunmasını, su ödənişlərinin toplanmasını təmin etmək, sudan istifadə zamanı meydana çıxan mübahisələri və digər məsələləri həll etmək məqsədilə könüllülük prinsipləri əsasında torpaq mülkiyyətçiləri və su istifadəçiləri tərəfindən yerlərdə Sudan İstifadəedənlər birliklərinin (SİB) yaradılmasına başlandı. Birliklərin yaradılması hazırda başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.
Hazırda səhmdar cəmiyyət tərəfindən istismar olunan suvarma və kollektor-drenaj şəbəkələrinin böyük əksəriyyəti əvvəllər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat sistemidir. Respublikamızda aparılan aqrar islahatlar nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələri ləğv olunduqdan sonra bu şəbəkələr bir müddət sahibsiz qaldığından və baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüşdü. Bir çox şəbəkələr, xüsusilə dəmir-beton novlu və qapalı suvarma şəbəkələri dağılıb sıradan çıxmışdı.
Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu şəbəkələr 2000-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürüldü və onların təmir- bərpasına və təmizlənməsinə başlanıldı. Təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin dövlət himayəsinə götürülməsi ulu öndərimizin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmaqla, bu sistemlərin tamamilə məhv olması təhlükəsini aradan qaldırdı.
İstismar tədbirləri və əsaslı təmir hesabına hər il bu şəbəkələrdə müəyyən həcmdə təmir-təmizləmə işləri aparılır və onların normal istismarı təmin edilir. Hər il 3,5 min kilometrdən artıq kollektor-drenaj, 11 min kilometrdən çox suvarma kanalları lildən təmizlənir, onların üzərində 6 mindən artıq hidrotexniki qurğu, mindən çox hidropost, 3 min ədəddən çox subartezian quyusu nasoslarının təmiri işləri yerinə yetirilir.
2013-cü ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək ASC üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.
Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1358,7 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmış, o cümlədən taxıl 583386 hektarda 2,3 dəfə, pambıq 26242 hektarda 3,2 dəfə, tütün 1569 hektarda 4 dəfə, yem bitkiləri 433692 hektarda 3,6 dəfə, bostan-tərəvəz 73057 hektarda 4,7 dəfə, çoxillik əkinlər 85370 hektarda 3,3 dəfə və həyətyanı sahələr 155481 hektarda 4,6 dəfə suvarılmışdır.
Bütün suvarma mənbələrindən 8,1 milyard kubmetr su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,7 milyard kubmetr su verilmişdir.
Cari ildə 1361 min ha sahənin su təminatı nəzərdə tutulmuşdur. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir, digər kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir.
Ulu öndərin göstərişləri əsas tutularaq, xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşunun səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil-Muğan kollektoru tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan MR-də Vayxır su anbarının tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.
Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına bütövlükdə 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 12530 metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 metr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsizliyinin qarşısının alınması üçün 14603 metr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.
Ulu öndərin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafına ümummilli liderimiz tərəfindən əsası qoyulmuş diqqət və qayğı hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməyi sayəsində bir sıra layihələr başa çatdırılmış, bir çoxunda işlər uğurla davam etdirilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunub uğurla başa çatdırılan Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları qeyri-neft sahəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır.
Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 kilometrlik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay üzərində tikilmiş körpünün açılış mərasimlərində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, 2013-cü ilin iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən,19-da Şabran şəhərlərində, avqustun 14-də İsmayıllı və sentyabrın 4-də Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin, sentyabrın 28-də Taxtakörpü su anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də cənab Prezidentin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl qayğısından xəbər verir.
Onun fərman və sərəncamları ilə təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında və tədbirlər planlarında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində əsaslı vəsait qoyulusu hesabına 2013-cü ildə 2003-cü ilə nisbətən 45 dəfədən çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdır. Bu müddət ərzində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1972 kilometr uzunluğunda suvarma kanallarının və 1475 kilometr uzunluğunda kollektor- drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən- qurulması işləri həyata keçirilmiş, 174 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 157 min hektar ərazidə su təminatı yaxşılaşdırılmış, 24 min hektar yeni suvarılan sahələr istifadəyə verilmiş, 889 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 183 kilometr sahilbərkitmə işləri, Kür- Araz çaylarında isə 3971 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilmişdir. Bu işlər hazırda müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə 2013-cü il ərzində bütün mənbələrdən, o cümlədən, büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 69 ədəd keçid və 7 ədəd yeni obyektlərdə layihələndirmə və əsaslı tikinti-quraşdırma işləri aparılmışdır.
Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Siyəzən, Şabran, İsmayıllı və Yardımlı rayon mərkəzlərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 283,28 kilometr su xəttləri və 179,2 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Eyni zamanda, bankın krediti ilə “Sudan İstifadəedənlər birliklərinin inkişafına dəstək layihəsi” çərçivəsində respublikanın 40656 hektar torpaq sahəsində, o cümlədən İmişli (2405ha), Saatlı (5615 ha), Sabirabad (3751ha), Ağcabədi (4466 ha), Beyləqan (8316 ha), Goranboy (2044 ha), Qusar (4795 ha), Zaqatala (3747 ha), Zərdab (2255 ha), Xaçmaz (2479 ha) və İsmayıllı (783 ha) rayonlarında yerləşən Sudan İstifadəedənlər birliklərinin ərazilərində suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri davam etdirilmişdir. Zərdab, Ağcabədi, Quba, Qusar, Xaçmaz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Balakən, Qax, Zaqatala, İsmayıllı və Qəbələ rayonlarının ərazisində 180 ədəd ofis binalarının tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 312216 metr uzunluğunda drenaj şəbəkələrində, 400640 metr uzunluğunda suvarma kanallarında qazma və lildən təmizləmə işləri aparılmış, 24164 metr uzunluğunda mövcud kanallar betonla üzlənmiş, 240 ədəd hidrotexniki qurğu təmir olunmuş və 650 ədəd yeni qurğu tikilmişdir.
Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının SES-lə birlikdə, uzunlugu 23,51 kilometr Vəlvələçay-Taxtakörpü (II-ci mərhələsi) və uzunluğu 110,33 kilometr olan Taxtakörpü -Ceyranbatan kanallarının tikintisi işləri başa çatdırılmışdır.
Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə, Kürdəmir rayonu ərazisində Çərtəyaz, Çöl Ərəb və Muradxanlı kəndlərinin və Laçın rayonunda torpaqların su təminatını yaxşılaşdırmaq üçün magistral kanalların, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının torpaqlarının suvarılması üçün suvarma kanallarının tikintisi və Qayğı kanalının yenidən qurulması, Ağstafa rayonunun ərazisindəki Candar kanalından su götürən R-17 kanalının əsaslı təmiri, Yuxarı Qarabağ kanalı maşın qolunun və Qazax rayonunun Şıxlı arxının yenidən qurulması, Goranboy rayonunda “Xanarx” beton kanalının bərpası və yenidən qurulması üzrə işlər davam etdirilmişdir. Kürdəmir rayonu ərazisində Axtaçı-Ərəbqubalı kanalının tikintisinin başa çatdırılması ilə 4000 hektar sahənin su təminatı yaxşılaşdırılmışdır.
Qazax rayonunun Kəmərli, Aslanbəyli, Xanlıqlar, İkinci Şıxlı və Qaymaqlı kəndlərinin, sərhədyanı Abbasbəyli, Alpout, Fərəhli, Ürkməzli kəndlərinin, Ağcabədi rayonunun Nəcəfqulubəyli və Salmanbəyli kəndlərinin, Tovuzçay su anbarından rayonun əkin sahələrinə suvarma suyunun verilməsi və Ağdam rayonunun Ergi massivinin su təminatının yaxşılaşdırılması üçün nasos stansiyasının, təzyiqli boru kəmərlərinin tikintisi işləri davam etdirilmiş, Ağcabədi rayonunun Salmanbəyli kəndində bu işlər başa çatdırılmışdır.
Tikintisinə 2009-cu ildə başlanılmış, ümumi sututumu 170 milyon kubmetr olan Şəmkirçay üzərində dəryaçanın tikintisi işləri davam etdirilmiş və onların cari ilin sonlarında başa çatdırılması nəzərdə tutulur. Layihə üzrə tikinti işlərinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcəkdir.
Eyni zamanda, ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının da tikintisi işləri davam etdirilmiş və bu işlərin də cari ilin sonlarında başa çatdırılması nəzərdə tutulur. Tikinti işlərinin tamamlanması ilə Tovuz və Şəmkir rayonlarının 18465 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq və Tovuz rayonunun Aşağı və Yuxarı Öysüzlü kəndlərinin ərazilərində 1560 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcəkdir.
Qəbələ rayonunun kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Yengicə su anbarının tikintisi, Şəki rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması, Qanıx çayından nasos stansiyası vasitəsilə qış otlaqlarının suvarılması layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Füzuli rayonunun Mollaməhərrəmli, Arayatılı və Babi kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə layihə sənədlərinin hazırlanması başa çatdırılaraq tikinti işlərinə başlanılmışdır. Ümumilikdə, 86904 metr uzunluğunda suvarma kanalları tikilmiş, yenidən qurulmuş və bərpa olunmuş, 29915 metr uzunluğunda qapalı suvarma şəbəkəsi və 23891 metr uzunluğunda təzyiqli metal boru xətti çəkilmişdir.
Görülmüş işlərin nəticəsində 5300 hektar sahənin su təminatı yaxşılaşdırılmış və 3225 hektar yeni sahəni suvarma suyu ilə təmin etmək mümkün olmuşdur.
Respublikanın rayonlarında su təchizatının yaxşılaşdırılması üzrə rayonların ərazisində 1610 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün 60 ədəd subartezian quyusunda qazma işləri tamamlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 15 may 2013-cü il tarixli 2894 s nömrəli sərəncamı ilə respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 107 ədəd subartezian quyularının qazılması işləri başa çatdırılmışdır. Qazılmış quyuların vasitəsi ilə 2400 hektar sahədə su təminatı təmin olunmuşdur.
Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində, rayonun sərhədyanı ərazilərində, Yevlax rayonunda, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində, Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində, Bərdə, Tərtər və Şəmkir rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədi ilə 124659,2 metr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası aparılmışdır. Görülmüş işlərin nəticəsində 3055 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5750 metrlik hissəsində yenidənqurma işləri aparılmış, Suraxanı rayonu üzrə Hövsan n/st-da hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması və Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən Ziyarətgahın ətrafında 250 hektar ərazidə qrunt sularının səviyyəsinin aşağı salınması üzrə 2200 metr uzunluğunda qapalı suyığıcı çəkilmişdir.
Respublikanın ən təhlükəli hesab olunan çaylarında sel və daşqınlara qarşı mühafizə bəndlərinin tikintisi işləri həyata keçirilmişdir. Ölkə ərazisindəki (Göyçay çayı, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudialçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qarqarçay və Dəmiraparançay) çaylarda 11771 metr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, Türyançayın məcrasında 4195 metr uzunluğunda məcratəmizləmə işləri görülmüşdür. Araz çayında sahilbərkitmə işlərinin aparılması üçün daş üzlüklü mühafizə dambasının layihə-smeta sənədləri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi tədbirləri, Şəki rayonunda Heydər Əliyev Mərkəzinin, Bayraq meydanının və icra hakimiyyətinin inzibati binasının Kiş çayının sel sularından, Lənkəran rayonunun Vilvan, Viravul və Separadi kəndləriin ərazisinin Viravulçay və Ulumçayın sel və daşqın sularından mühafizəsi üçün layihə sənədləri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.
Astara rayonunda Ləvain su anbarında qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar, Göyçay rayonu ərazisində Göyçay çayında baş su götürücü qurğuda və Şirvan şəhərinin ərazisində Baş Şirvan kollektorunda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilmişdir.
Füzuli rayonu 4 saylı Qayıdış qəsəbəsində yaşayan 200-dən çox məcburi köçkün ailələrinə ayrılmış torpaq sahələrinə gediş-gəlişi yaxşılaşdırmaq və həmin torpaqlardan səmərəli istifadə etmək məqsədilə Yuxarı Mil kanalı üzərində yeni körpü tikilmişdir.
Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində müvafiq olaraq 3000 hektar və 1000 hektar Dövlət Ehtiyat Fondu torpaqlarında iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Yuxarı Mil kanalının 4,75 kilometrlik hissəsinin tikintisi, 2,3 kilometrlik hissəsində yenidənqurma və onun üzərində 1 ədəd nasos stansiyasının tikintisi işləri başa çatdırılmışdır. Hacıqabul rayonunun inzibati ərazisindəki 1625,6 hektar qış otlaq sahəsini suvarma suyu ilə təmin etmək üçün, Hacıqabul magistral kanalının 4,3 kilometrlik, eyni zamanda Padar kəndinin 800 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Padar magistral kanalının 3,4 kilometrlik hissəsinin tikintisi tamamlanmış, Yuxarı Şirvan kanalının üzərində 2 ədəd akvedukun yenidən qurulması üzrə işlər başa çatdırılmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 29 yanvar 2014-cü il tarixdə “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” daha bir sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 233 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 (on beş) milyon manat vəsait ayrılmışdır.
Müqayisə üçün deyək ki, son 10 il ərzində cəmi 889 ədəd subartezian quyusu qazılmışdırsa, təkcə bu il 250 ədəd subartezian quyusu qazılıb əhalinin istifadəsinə veriləcəkdir. Yeni qazılacaq subartezian quyuları əsasən Ermənistanın işğalı altında olan torpaqlarımıza yaxın ərazilərdə nəzərdə tutulmuşdur. İşğalçı Ermənistan zəbt etdiyi ərazilərimizdə su mənbələrinin qabağını kəsir, başqa səmtə yönəldir və ya buna nail ola bilmədikdə suları bütövlükdə çirkləndirir və zəhərləyirlər. Bu sahədə ən böhranlı vəziyyət Sərsəng su anbarındadır. İşğalçı Ermənistanın günahı ucbatından su anbarında ekoloji və texniki böhran yaşanır. Əraziyə yaxın kəndlərimizin əhalisi üçün bu sudan istifadə təhlükəlidir. Ona görə də dövlətimiz işğal altında olan ərazilərə yaxın torpaqlarımızda əkin sahələrinin suvarma suyu ilə, əhalinin isə içməli su ilə təminatını diqqət mərkəzində saxlayır. Prezidentin 29 yanvar 2014-cü il tarixli sərəncamı da bu məqsədə xidmət edir.
2014- cü ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə əsasən Ağdam rayonunda 19, Bərdə və Zaqatala rayonlarının hər birində 17, Qazax rayonunda 16, Tovuz rayonunda 14, Ağcabədi, Goranboy, Samux və Şəmkir rayonlarının hər birində 13 ədəd, habelə digər rayonlarda da müvafiq sayda subartezian quyularının qazılması təmin olunacaqdır. Bu, regionlarımızda, bütövlükdə isə ölkədə 8 min hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması deməkdir.
Dövlətimizin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə olan diqqət və dəstəyi ardıcıl davam etməkdədir. Bu il fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Regionlarının sosial- iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev sahənin qarşısında duran vəzifələrdən danışarkən demişdir: “Meliorasiya layihələri icra edilir. Biz keçən il Taxtakörpü su anbarının açılışını qeyd etdik. Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının açılışını qeyd edəcəyik. Beləliklə, iki nəhəng meliorasiya layihəsi başa çatacaq və biz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin görülməsi haqqında düşünməliyik.” Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə verdiyi tapşırığın icrası olaraq, sahənin gələcək inkişafının təmin edilməsi məqsədi ilə Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2014-2020-ci illərdə inkişafına dair Proqram” hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
Möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Hazırda “2008- 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda, eləcə də digər proqramlarda icrası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilmiş, digərləri də müvəffəqiyyətlə həyata keçirilməkdədir. Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı” üzrə də meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərə və tələb olunan vəsaitə dair təkliflərini aidiyyəti üzrə təqdim etmişdir.
Bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatına və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimzin diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində olan ardıcıl tədbirləri davam etdirəcək, mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir- bərpa işlərinin təşkili sahəsində qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəkdir.
Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.