Bakı və Abşeron yarımadasının kanalizasiya infrastrukturu yenidən qurulur

“Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasının  kanalizasiya infrastrukturunun yaxşılaşdırılması və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədilə genişmiqyaslı layihələr həyata keçirir.

Yarımadanın bütün yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılması, tullantı sularının optimal idarə edilməsi və onların su hövzələrinə axıdılmasının qarşısını almaqla çirkab sularının özüaxımlı rejimdə təmizləyici qurğulara yönləndirilməsi layihələrdə əsas hədəf kimi müəyyənləşdirilmişdir. Abşeron relyefinin mürəkkəbliyi, ərazilərin sıx məskunlaşması kimi amillər nəzərə alınaraq  kanalizasiya infrastrukturunun yenidən qurulması və inkişafı layihələrində tunel tipli kanalizasiya kollektorlarının tikintisinə zərurət yaranmışdır.

2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün hazırlanmış Master Planda tunel tipli kanalizasiya kollektorlarının tikintisi də əksini tapmışdır. Master Plana əsasən, yarımada ərazisinin tullantı sularının nəqli məqsədllə 150 kilometr uzunluğunda tunellər və mikrotunellər layihələndirilmişdir. Dərnəgül-Bakıxanov-Günəşli (1 milyon 254 min nəfərə xidmət edəcək), Bayıl-Bibiheybət-Lökbatan (382 min nəfərə xidmət edəcək), Xocasən-Xırdalan-Biləcəri (626 min nəfərə xidmət edəcək) və Zabrat-Kürdəxanı-Pirşağı (219 min nəfərə xidmət edəcək) tunellərinin inşasına artıq başlanılmışdır.

İndiyədək Dərnəgül-Bakıxanov-Günəşli istiqamətində  tunelin dörd nöqtədə 3400 metrlik hissəsi inşa olunmuşdur. Xocasən-Binəqədi-Xırdalan istiqamətində isə 3 nöqtədə 1500 metr tunel qazılmışdır.  Zabrat-Kürdəxanı-Pirşağı istiqamətində 2 nöqtədə indiyədək tikilmiş tunelin uzunluğu 1600 metr  təşkil edir. Eyni zamanda, Bayıl-Bibiheybət-Lökbatan istiqamətində iki nöqtədə 400 metrdən artıq tunel tikilmiş və işlərin sürətləndirilməsi üçün yeni quyu şaxtalarının qazılması davam etdirilir.

Kollektorların  tikintisi yeni texnologiyaya əsaslanan TBM tunel qazma qurğuları vasitəsilə həyata keçirilir. Qazıntı işləri ilə eyni vaxtda yüksək keyfiyyətli betondan hazırlanmış konstruksiyalarla (plitələrlə) tunelin tikintisi həyata keçirilir. Ənənəvi qazma üsulları ilə müqayisədə tunel qazma texnologiyası zamanı marşrut boyunca yerləşən yerüstü bina və tikililərin, kommunikasiya xətlərinin köçürülməsinə, böyük inşaat meydançasının yaradılmasına ehtiyac qalmır.

Tunel tipli kanalizasiya kollektorları əksər hallarda tullantı sularının özüaxımlı rejimdə nəqlinə imkan yaratdığından kanalizasiya nasos stansiyalarından istifadə olunmur. Belə layihələr tullantı və yağış sularının idarə edilməsini xeyli asanlaşdırır. Belə ki, hazırda Bakı şəhərinin  şimal hissəsi, Xırdalan şəhəri və ətraf qəsəbələrdə yaranan tullantı sularının böyük bir hissəsi Hövsan aerasiya stansiyasına ötürülür. Bu zaman tullantı suları bir neçə mərhələdə qaldırıcı nasoslar vasitəsi ötürülür ki, bu da xərcləri artırmaqla istismar zamanı əlavə çətinliklər yaradır. Tikintisi davam edən Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan kollektorları və Lökbatan təmizləyici qurğuları istismara veriləndən sonra Səbail, Yasamal, Qaradağ, Binəqədi və Abşeron rayonlarında yaranan tullantı sularının bir hissəsi burada təmizlənərək kənarlaşdırılacaq. 

Master Planda tullantı suların müasir standartlara uyğun təmizlənərək kənarlaşdırılması məqsədi ilə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd təmizləyici qurğunun layihəsi də hazırlanıb. Lökbatan təmizləyici qurğusunun  inşasına başlanılmış, Pirşağı təmizləyici qurğusunun  tikintisinə isə hazırlıq görülür. Master Planda nəzərdə tutulan bu layihələrin reallaşması ilə Xəzər dənizinə təmizlənmədən axıdılan çirkab sularının qarşısı tam alınacaqdır.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında