Prezident İlham ƏLİYEV: Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir

Son 10 ildə Azərbaycanda həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək, qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.

Dinamik inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır.  Son Qlobal Rəqabətlik Hesabatında Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə yüksəlmişdir. O cümlədən, makroiqtisadi sabitlik və dayanıqlıq üzrə ölkə 10 pillə irəliləyərək dünyada 8-ci yerə qalxmışdır. 2013-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilmiş, inflyasiyanın səviyyəsi qoyulmuş hədəf çərçivəsində saxlanılmışdır. Dünya İqtisadi Forumuna görə, Azərbaycan dünyada ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir.

Qeyri-neft sektorunda yüksək iqtisadi fəallıq məşğulluğa da müsbət təsir göstərir. Sevindirici haldır ki, yeni yaradılan iş yerlərinin 73 faizi regionların payına düşür. Hazırda Azərbaycanda işsizlik qabaqcıl ölkələr üçün arzu olunan səviyyədə - 5 faizə yaxındır. Ölkə Prezidenti cənab  İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda demişdir: “Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcəkdir”.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi çox böyük faktordur. Ancaq bu da bir həqiqətdir ki, Azərbaycan iqtisadiyyatının əsas lokomotivi neft və qaz sektorudur. Bu sektor hələ uzun illər ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan artıq enerji təhlükəsizliyi məsələlərini həll edib. Bu gün bizim qarşımızda duran əsas vəzifə TANAP layihəsinin uğurla reallaşdırılmasıdır. Bu layihənin  təşəbbüskarı Azərbaycan dövlətidir.  2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlandı və bu, “Cənub” qaz dəhlizinin yaradılması işində dönüş nöqtəsi oldu. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilmirdi.

Ona görə də Azərbaycan dövləti, daha dəqiq desək, ölkə Prezidenti cənab İlham Əliyev məsuliyyəti və təşəbbüsü öz üzərinə götürərək çox düşünülmüş addım atdı. TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarı, əsas təşəbbüskarı və əsas icraçısıdır. İnanırıq  ki, bu qlobal layihə 2018-ci ilə qədər icra ediləcək. Bunu etmək üçün ölkəmizin hər cür imkanları - həm maliyyə, həm də texniki imkanları vardır və bu layihəni icra etmək üçün ölkə başçısının rəhbərliyi ilə hazırlanmış düşünülmüş siyasət davam etdirilməlidir.

Dünya politoloqlarının da etiraf etdikləri kimi, Azərbaycanın son on ilinin təcrübəsi sürətli inkişaf tarixidir. Çünki bu on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Azərbaycan cəmiyyəti, sözün həqiqi mənasında, son on ildə  böyük və uğurlu inkişaf yolu  keçmişdir.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yolun təməli  1993-cü ildə – real müstəqilliyimizin ilk ilində qoyulmuşdur. Bu gün Azərbaycan beynəlxalq arenada əsl söz sahibidir. Ölkəmizin mövqeyi ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipial mövqeyi Azərbaycana  həm bölgədə, həm də dünyada əlavə hörmət qazandırır.

Müstəqil Azərbaycan dövlətinin artan iqtisadi imkanları və yeni investisiya siyasəti də formalaşmışdır. Biz artıq xarici ölkələrə investisiya yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın ən ağrılı problemi olan  Dağlıq Qarabağ məsələsinə toxunaraq demişdir ki, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Bunun üçün Azərbaycan iqtisadiyyatı güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki, indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur.

Statistik məlumatlara görə hər il Ermənistandan  80-90 min insan həmişəlik gedir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi hakimiyyətdədir, bu köç davam edəcəkdir. Ona görə də erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir. Ermənistan işğal edilmiş torpaqlardan tezliklə çıxmalıdır. Əks təqdirdə bu ölkənin vəziyyəti daha acınacaqlı olacaqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir:  “Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial. Bütün bunlar isə Ermənistanın böyük tənəzzül yaşadığını bir daha aydın surətdə göstərir və bu ölkənin tarixin arxivinə qovuşacağını istisna etmir”.

Dövlət başçısı Azərbaycan Respublikasının qarşıdakı illərdə iqtisadi inkişaf perspektivlərindən danışarkən vurğulamışdır ki, iqtisadi siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin sürətli inkişaf perspektivləri öz geniş əksini tapıb. Əsas vəzifə 2020-ci ilə qədər ölkəmizdə mövcud olan bütün əsas infrastruktur layihələrini başa çatdırmaqdan ibarətdir.

Ölkəmizdə əhalinin etibarlı sosial müdafiə sistemi qurulmuşdur və bu sistem daha da təkmilləşdirilməkdədir. Bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə malik sahələrinin yaradılması və ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilmişdir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Təbii ki, hər bir ölkənin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən konkret bir sənədə ehtiyacı vardır. Əminliklə deyə bilərik ki, bu baxımdan Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strateji sənəddir.

Təqdirəlayiq haldır ki, bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bu məqsədlərə nail olmaq üçün isə ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Elmin və inkişafın planlaşdırılması və idarə edilməsinə əsaslanan səmərəli idarəetmə sistemi, davamlı yüksəliş, ekoloji sivilizasiya və digər bu kimi sahələrin də konsepsiyada öz əksini tapması sənədin əhəmiyyətini artırmaqdadır. Yəni “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını bir növ davamlı inkişafın yol xəritəsi hesab etmək olar. Çünki bu sənəd önümüzdəki 6 il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və ətraf mühitin qorunması məsələlərini geniş şəkildə əhatə edir.

Məlumdur ki, bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Ancaq Azərbaycanın strateji konsepsiyası ölkəmizin və cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini ehtiva edir.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul edilib və ediləcəkdir. Sənəd, həm də orta və uzunmüddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndirilir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir.

Azərbaycanın gələcəyinə istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması, əslində zərurətdən meydana gəlmişdi. Çünki bazar iqtisadiyyatına keçidin qısa müddət ərzində uğurla başa çatdırılması və liberal iqtisadi münasibətlərin təşəkkülü bir tərəfdən iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə keçməsini, digər tərəfdən isə qloballaşan dünyaya inteqrasiya ilə bağlı çağırışlara cavab verilməsini zərurətə çevirmişdir. Təbii ki, keçid iqtisadiyyatından yeni modernləşmə erasına daxil olmaq milli iqtisadi inkişafın yeni modelinin hazırlanması və tətbiqi sayəsində baş vermişdir. Qürurla deyə bilərik ki, respublikamız MDB-də mükəmməl iqtisadi model hazırlayan novator ölkə kimi səciyyələndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin novatorluğu və qətiyyəti bu modelin yüksək səviyyədə formalaşmasına səbəb olmuşdur. Bu mənada, müstəqilliyimizin üçüncü onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyənləşdirən, yeni istiqamətlər açan milli inkişaf konsepsiyasının əsas məqsədi də ölkəni irəliyə aparmaqdan, cəmiyyətin daha da inkişafı üçün geniş imkanlar yaratmaqdan ibarətdir.

Respublikamız ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunmasını, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılmasını və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsini qarşısına məqsəd qoyub. Qarşıdakı illərdə qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi prioritet məsələlər kimi qarşıda durur. Bunun üçün real imkanlar da var. Belə ki, qeyri-neft sektorunun dinamik artımı bu sahəyə aid ixracın da artmasına müsbət təsir göstərəcəkdir.

Azərbaycan 2020-ci ilədək yoxsulluğun aradan qaldırılması üçün qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək imkanına malikdir. Yeni iş yerlərinin açılması, azad sahibkarlıq fəaliyyətinə dəstək verilməsi və digər mühüm amillər bunu təmin edəcəkdir. Ötən illərdə əldə etdiyimiz nailiyyətlər də bu uğurların reallaşmasına əsas yaradır. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi ölkəmizin hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bugünədək Azərbaycanda bir milyon 200 mindən çox  iş yeri açılmışdır ki, onlardan 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5, 2 faiz səviyyəsinədək düşmüşdür. Bu illər ərzində işsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüş və 6 faiz təşkil etmişdir. Onu da qeyd edək ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir. Həmin ölkələrdə gənclər arasında  bu rəqəm bəzən  50 faizə çatır. Yəni qazandığımız uğur, hətta inkişaf etmiş ölkələr üçün çox yüksək göstərici hesab oluna bilər.

Yüksəlişimizin 2014-2020-ci illəri əhatə edəcək yeni mərhələsində Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunda yeni-yeni nailiyyətlər bizi gözləyir. 2020-ci ildə respublikamızın ümumi daxili məhsulunun iki dəfə artırılaraq adambaşına 13 min dollara çatdırılması üçün illik artım tempi 7-8 faiz səviyyəsində olmalıdır. Bu, qarşıdakı yolun heç də asan olmayacağı mənasına gəlir. Ancaq nüfuzlu beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, dünyanın zəngin neft-qaz ölkələrindən biri olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaqdır. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan verəcəkdir. Yəni sürətli iqtisadi inkişafımızı davam etdirməyimiz və müəyyənləşdirilən yeni hədəflərə çatmağımız üçün real imkanlar var.

Ölkə Prezidenti İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda bu uğurlardan və qarşıda duran prioritet vəzifələrdən ətraflı söhbət açmış və nitqini bu sözlərlə yekunlaşdırmışdır: “Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.

 

Əlipənah BAYRAMOV, “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında