Azərbaycanın informasiya texnologiyaları bazarında inkişaf dinamikasını daim yeniliklərlə artıran, peşəkar işçi heyəti və təcrübəli mütəxəssislərinin birgə səyi ilə ərsəyə gətirdikləri kompleks həllər hesabına həyata keçirdiyi layihələrlə daim ilklərə imza atan, təhsil, səhiyyə və mədəniyyətimizə verdiyi töhfələrlə respublikamızın davamlı və dayanıqlı inkişafının təmin edilməsində böyük xidmətləri olan ULTRA şirkəti artıq 15 ildir ki, fəaliyyətdədir.
Şirkət bu 15 il müddətində bir sıra dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində yaxından iştirak etmiş və Azərbaycanda İKT-nin inkişafına böyük töhfələr vermişdir.
İnkişaf dinamikasını distribüsiya sahəsində olduqca genişləndirmiş və 2000-ci ildən tərəfdaşlıq etdiyi İntel korporasiyası ilə birgə 2003-2005-ci illərdə MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycanda müasir texnologiyaların premyeraları keçirilməsinə nail olmuşdur. Şirkət 2003-cü ildə Azərbaycanın fəxr edə biləcəyi bir brend yaratmışdır. Qafqazda ilk noutbuk brendi olan NEXUS adı altında daha sonra fərdi kompyuterlər, LCD/LED tv-monitorlar, proyektorlar istehsal olunmağa başladı. Dünyada nano-texnologiyaların inkişafı, bazar iqtisadiyyatı və müasir texnologiyaların rəqabət gücü daha yeni texnologiyaların inkişafına gətirib çıxardı ki, bu da öz növbəsində kompyuter aləminə böyük təsir etdi. Azərbaycan brendi NEXUS 2008-ci ildən noutbuk formasında tabletlərin, 2011-ci ildən isə planşetlərin istehsalına başladı. Hal-hazırda NEXUS brendi altında müasir, milli ornamentlərlə qutulaşmış və ən son texnologiya standartlarına uyğun formatda hazırlanır və istehlakçılara təqdim edilir.
ULTRA şirkəti 2003-2005-ci illərdə universitetlərdə müxtəlif İKT layihələrinin həyata keçirilməsi, tələbələr üçün güzəştli kredit kampaniyalarının tətbiq olunması, universitetlərdə hotspot zonaların qurulması və s. kimi fəaliyyətləri ilə təhsil sektorunun inkişafına dəstək olunmuşdur. ULTRA-nın təhsil sahəsində fəaliyyəti bununla məhdudlaşmamış, Azərbaycan təhsilində müasir İKT nailiyyətlərinin tətbiqinə zəmin yaradaraq şirkət e-Məktəb layihəsini həyata keçirmişdr. Təhsil müəssisəsinin vahid informasiya mühitini təşkil edən kompleks informasiya sistemi olan “Elektron məktəb” informasiya texnologiyalarının tətbiq edilməsi müəllim, şagird və valideynləri təhsil prosesinə daha fəal cəlb etməyə şərait yaratmışdır. “Elektron məktəb” tədris müəssisəsində təlim-tərbiyə prosesinin mühüm aspektləri barədə informasiyaları əhatə etməklə məktəbin vahid məlumat bazasının yaradılmasına, bu məlumat bazasına pedaqoji heyət, kadrlar, şagird, müəllimlər haqqında məlumat, tədris planı, siniflərin elektron jurnalı, dərs cədvəli və müxtəlif hesabatlar daxil edilməsinə imkan verir. Eyni zamanda, məktəbin səmərəli idarə edilməsi və tədris prosesinin planlaşdırılması, video-müşahidə vasitəsilə məktəbin işinə operativ nəzarət, müəllimlərin tematik planları ilə tanışlıq, məktəbin idarəetmə orqanlarının, pedaqoji şuranın, valideyn komitəsinin və s. orqanların qarşılıqlı fəaliyyətinin təşkili, təhsil müəssisəsi haqqında ümumi məlumatların, o cümlədən, maddi-texniki baza haqqında məlumatların formalaşdırılması kimi məsələləri həll etməyə imkan yaratmışdır.
2008-2012-ci il üzrə ULTRA şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyi, Siveco, Cisco, Microsoft, İntel və Mədəd şirkətlərinin konsorsiumu ilə Azərbaycanda Təhsil Sisteminin İnformasiyalaşdırılması Dövlət Proqramını həyata keçirdi. E-təhsil layihəsi çərçivəsində ULTRA məktəblərdə e-Gündəlik sistemi tətbiq etmişdir.
Hazırda Bakı şəhəri və bir sıra rayon məktəblərində e-Gündəlik sistemi aktivdir ki, bu da öz növbəsində şagirdə nəzarət, valideyni övladının dərsə davamiyyəti və qiymətləri barədə məlumatlandırma sistemidir. Sistem heç bir mobil tətbiq istifadə etmədən, valideynin razılığı ilə SMS vastəsilə çatdırılır.
Müasir dövr öz xüsusiyyətilə sıravi insandan dövlətə qədər həyatımızın bütün sferalarında öz qanunlarını və tələblərini diqtə edir. 10 il əvvəl istifadə olunan metod və üsullar bugün köhnəlmiş hesab olunur, əvəzləmə və ya müasirləşdirmə tələb edir. Bu tendensiya əlbəttə ki, təhsil sistemində də öz əksini tapır. Məhz bu səbəbdən Ultra Smart Class layihəsini həyata keçirir. Smart Class həlli təlim prosesində dərslərin formalaşdırılmasına, onların tədris olunması və nümayiş vasitələrinə, informasiya göndərilməsinə və şagirdlərlə ünsiyyətə olan yeni yanaşmadır.
Son texnologiyaların tətbiqi ilə işləyən mərkəzləşmiş vahid kitabxana sistemi qurmaq, müəllif hüquqlarını qoruyub saxlamaqla və milli ədəbiyyat nümunələrini elektron daşıyıcılara köçürməklə e-Kitabxana (ALİSA) yaratmaq ULTRA-nın mədəni irsimizin qorunub saxlanılması istiqamətində dəyərli xidmətidir. Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında standart yanaşma yoxdur. Mövcud yanaşmalarda isə gələcək perspektivin nəzərə alınmaması, sistemlərin daxili və texnoloji tələblərə cavab verməməsi və ya xaricdən gətirildiyi üçün əlavə xərclərin, eyni zamanda, texniki dəstək üçün vaxt itkisinin mövcudluğu və bir sıra digər səbəblər ölkəmizdə vahid mərkəzləşdirilmiş sistemin yaradılmasını labüd edirdi. Məhz bu səbəbdən kitabxana proseslərini və oxucularla münasibətləri avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən, son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemi yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdu. Bütün sadalanan şərtləri reallaşdırmaq üçün ALİSA-Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana sistemi işlənib hazırlanmışdır. ALISA sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün nazirlik nəzarət sistemini, kitabxanadaxili prosesləri və kitabxana- oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçir, aldığı oxucu bileti - plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana bilir, onlayn sifariş verib istədiyi nəşri rezerv edir, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edir, sifariş statusunu elektron növbə monitorunda izləyir, sifarişini götürür, geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytarır. Kitabxana rəhbərliyi kitabxanadaxili proseslərə dair istənilən hesabatı görə bilir, Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyi isə bütün kitabxanalara nəzarət edir, istənilən hesabatı görür.
Kitabxana sistemlərinin tətbiqi üzrə peşəkar üstünlüyə malik olan ULTRA 2014-cü ildə daha bir böyük layihəni həyata keçirdi. Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının tam İT infrastrukturunun qurulması və sistemləşdirilməsi prosesi başa çatdı. Respublikamızın milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanası sayılan Mərkəzi Kitabxana şirkətin bu sahədəki çoxillik təcrübəsinə əsaslanan ALİSA sistemi üzərində quruldu. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir texnologiyalar və sistemlər məhz bu kitabxanada tətbiq olunmuşdur. Şirkət milli-mənəvi dəyərimiz olan kitablarımızın qorunması məqsədi ilə DLA (Digital Library Assistant) sistemini işləyib hazırlamışdır.
Sistemin əsas işləmə prinsipi kitab bazasında lazım olan kitabın digər kitabları zədələmədən tapılmasına yönəlmişdir. Bu məqsədlə kitablar üzərində onları elektron şəkildə oxuya biləcək xüsusi ciplər quraşdırılmışdır ki, DLA kitabxana köməkçisi bazada axtarılan kitaba yaxınlaşdırılanda xüsusi səs effekti verir. Bunun nəticəsində yalnız axtarılan kitab bazadan götürülür və fondda olan digər kitablara toxunulmur. Elektron- hökümət quruculuğunda fəal iştirak edən ULTRA şirkəti həyata keçirdiyi layihələrlə istər dövlət, istərsə də özəl təşkilatların fəaliyyət göstərdiyi qurumlarda, ASAN XİDMƏT mərkəzlərində İT infrastrukturunun və təhlükəsizlik sistemlərinin qurulmasında fəal iştirak etmiş, lokal şəbəkələr və data- mərkəzlər qurmuşdu. Məlumat Mərkəzləri (Data Centre) - hesablama resursları (server və saxlama sistemləri) ilə yanaşı həmin resurslara uzaqdan girişi təmin edən telekommunikasiya infrastrukturu, həmçinin məlumat təhlükəsizliyi sistemi və müvafiq mühəndis sistemləri (havalandırma, yanğınsöndürmə, fasiləsiz elektrik enerjisi və s.) ilə təchiz olunmuş binadır. Server avadanlığını özündə birləşdirən və Məlumat Mərkəzinin (Data Centre) əsas funksiyaları olan, məlumatın emalı və saxlanmasını təmin edən informasiya infrastrukturları, Məlumat Mərkəzi ( Data Centre ) elementlərinin qarşılıqlı əlaqələrini təmin edən, həmçinin, məlumat mərkəzi ilə istifadəçilər arasında verilənlər mübadiləsini təmin edən telekommunikasiya infrastrukturları, Məlumat Mərkəzinin (Data Centre) əsas sistemlərinin normal fəaliyyətini təmin edən mühəndis infrastrukturları burada qurulmuşdur. Mühəndis infrastrukturu- təyin olunmuş parametrlərdə temperatur və rütubətlilik dərəcəsini saxlamaq üçün havalandırma sistemi, elektrik enerjisi mənbəyinin kəsilməsi zamanı məlumat mərkəzinin avtonom rejimdə çalışması üçün fasiləsiz elektrik təchizatının təmin edilməsi, keşikçi yanğın siqnalizasiyası və qaz yanğınsöndürmə sistemi, məsafədən İP-nəzarət və digər bu kimi İT həlləri özündə cəmləşdirir. Bu mərkəzlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti, M.F.Axundov adına Milli Kitabxana, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə 1 saylı ASAN XİDMƏT Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə 3 saylı ASAN XİDMƏT Dövlət Agentliyi və s. dövlət müəssisələrində yaradılmışdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.