Heydər Əliyev və Azərbaycanda vergi siyasəti

 “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”.

Heydər ƏLİYEV

Ümummilli lider

Azərbaycanda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin həyata keçirdiyi islahatlar nəticəsində müasir  tələblərə cavab verən vergi sistemi yaradılmışdır.

Məhz ulu öndərin bilavasitə rəhbərliyi ilə vergi xidmətinin fəaliyyəti yenidən qurulmuşdur. Bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsində, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasında, çevik vergi siyasətinin aparılmasında dahi rəhbərin misilsiz fəaliyyəti danılmazdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə:

 –Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın milli maraqlarını nəzərə alaraq uzunmüddətli inkişaf strategiyasının prioritetlərini müəyyən etdi.

Onun birbaşa təşəbbüsü ilə Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları yaradıldı, kompleks və sistemli islahatların istiqamətləri müəyyənləşdirildi. Vergi sahəsində təkmil qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, kadr potensialının çevik idarəetmə sistemində fəaliyyətinin təkmilləşdirilməsi vergi siyasətinin güclü və işlək mexanizmlərini formalaşdırdı. Ulu öndərin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında  Vergilər Nazirliyinin yaradılması yeni dövrün inkişaf meyarlarından biri olmaqla, iqtisadiyyatı yüksək artım templəri ilə müşahidə olunan Azərbaycan dövlətinin qarşısında vergi siyasətinin həyata keçirilməsinin və vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib hissəsi olmasının əyani təzahürü idi.

Ulu öndərin yürütdüyü siyasət ilk növbədə, ölkədə social-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi kimi mühüm həlqələri əhatə etməklə bu iqtisadi strategiyanın uğurla reallaşdırılmasına zəmin yaratmışdır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişikliklər özünü təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi və dinamikləşməsində, sahibkarlıq subyektlərinin sayının gündən-günə artmasında göstərdi. Kənd təsərrüfatı mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad olundu ki, bu da aqrar sahədə dinamik inkişafa əlverişli zəmin yaratdı.

Vergilər nazirinin müşaviri Akif Musayev:

– 2001-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevrildi. Bir sözlə, vergi islahatlarının bütün istiqamətləri vergi münasibətlərinin tənzimlənməsinin hüquqi əsasını qoyan Vergi Məcəlləsində öz əksini tapdı. Məcəllənin qəbulu, yeni və vahid qanunvericilik bazasının təşkili vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını yaratdı.

 Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoydu.

Bütün sadalananlarla yanaşı, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələlərilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar müəyyənləşdirildi.

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadənin sözlərinə görə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu səmərəli büdcə-vergi siyasətinin hədəflərinin reallaşdırılması nəticəsində son 20 il ərzində dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli şəkildə artmışdır. “1995-ci ildən başlayaraq vergi orqanları tərəfindən təmin edilən daxilolmaların büdcə gəlirlərində yüksək artımı qeydə alınmışdır.

Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmaları 1995-ci illə müqayisədə 2013-cü ildə  təxminən 30 dəfə artmışdır. Belə ki, 1995-ci ildə vergi daxilolmalarının həcmi büdcədə təxminən 220 milyon manata bərabər idisə, 2013-cü ildə bu rəqəm 6,6 milyard manat təşkil etmişdir”.

 Qeyd olunduğuna görə, Vergilər Nazirliyinin yaradılması vergi xidmətinin hüquqi baxımdan statusunun qaldırılmasına, funksional idarəetmədə, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində aparıcı rolunun artmasına səbəb oldu. Beləliklə,  respublikamızda istehsal və xidmət sahələrinin miqyasının genişlənməsi, sahibkarlıq sektorunun  iqtisadiyyatda mühüm yer tutması və digər amillər ölkədə vergi daxilolmalarının həcminin artması üçün əhəmiyyətli zəmin yaratdı. 2003-2013-cü illərdə vergi daxilolmaları 823,4 milyon manatdan 6 milyard 25,5 milyon manatadək və ya 7,3 dəfə artdı.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən səmərəli iqtisadi siyasət nəticəsində Azərbaycanın vergi xidməti keyfiyyətcə yeni mərhələyə çıxmışdır. Vergi xidmətində son illər əsaslı modernləşmə prosesi getmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı təkmilləşdirilmişdir. Dövlət başçısının 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı (2005-2007-ci illər)” və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” vergi xidmətində aparılmış ciddi texnoloji dəyişikliklərin əsasını qoymuşdur. 2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), 2007-2010-cu illərdə vergi ödəyiciləri üçün elektron bəyannamə, elektron vergi hesab-fakturalarının göndərilməsi, “onlayn kargüzarlıq” sistemi tətbiq edilmişdir.

2007-ci ildə möhtərəm Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatı Vergilər Nazirliyinə həvalə olunmuş və bu tapşırıq uğurla icra edilmişdir. Dövlət qeydiyyatının “bir pəncərə” prinsipilə tətbiqinin müvəffəqiyyətlə həyata keçirilməsi beynəlxalq maliyyə təşkilatları tərəfindən yüksək qiymətləndirilmiş, bu yenilik ötən il qeydiyyat sahəsində dünyada aparılmış ən uğurlu islahat hesab edilərək, “Celebrating Reform-2008" hesabatına daxil edilmişdir.

Azərbaycanın vergi sistemi müasir informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə xidmət, insan resurslarının inkişafı və vergi inzibatçılığında yeni idarəetmə standartlarının tətbiqi baxımından mühüm nailiyyətlər əldə etmişdir. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vergi orqanlarının fəaliyyətini avtomatlaşdırmaqla, çevik və səmərəli vergi siyasətinin aparılması üçün texnoloji dəstəyi təmin etmişdir.

Azərbaycan hazırda Avropanın ən qabaqcıl vergi modellərini tətbiq edir. Ölkəmizdə elektron audit sisteminin tətbiqi istiqamətində mühüm addımlar atılır. Avropa Komissiyası ilə birgə Niderland Krallığının Vergi Administrasiyasının dəstəyilə həyata keçirilən “Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq-layihəsi həyata keçirilir. Layihənin həyata keçirilməsi Azərbaycana MDB ölkələri arasında ən müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcək və sözsüz ki, ölkədə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Vergilərə dair zəruri məlumatların təqdim edilməsi məqsədilə MDB məkanında ilk olaraq Azərbaycanda yaradılan Vergilər Nazirliyinin “195"  Çağrı Mərkəzi  ödəyicilərə operativ və keyfiyyətli xidmətin ən mühüm vasitələrindən birinə çevrilmişdir.

Milli vergi sistemini dünya standartlarına uzlaşdırmaq istiqamətində çalışan Azərbaycan vergi sahəsində aktiv mübadilə proqramlarının tərəfdarı kimi çıxış edir. 2013-cü ildə ölkəmiz beynəlxalq birliyin təşəbbüsü olaraq ortaya çıxmış İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”una qoşulmuşdur.

Azərbaycan iqtisadiyyatında gedən inkişaf prosesləri və iqtisadi inkişafın tələbləri  vergi sistemində qanunvericiliyə dəyişikliklər edilməsi zərurətini meydana çıxardığından davamlı olaraq bu istiqamətdə addımlar atılmışdır. Belə ki, 2013-cü ildə  Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş və gəlir vergisi üzrə güzəşt və ödənişlərdən azadetmənin əhatəsi genişlənmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad olunmuşlar. Məcəlləyə olunmuş digər dəyişikliklərə əsasən, kitab nəşri gəlir vergisindən azad olunmuş, ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatı istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də vergidən azad edilmişdir. Həmçinin, uşaq bağçalarına vergi güzəştləri tətbiq olunmuşdur. Eləcə də 2014-cü il yanvarın 1-dən əhalinin bank və kredit təşkilatlarındakı əmənətləri gəlir vergisindən azad edilmişdir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsilə bağlı cari ildə sənayenin inkişafına mühüm təkan vermək məqsədilə sənaye parklarının və texnoparklarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad olunmuşdur.

Biznes cəmiyyətilə aparılan dialoqun nəticəsi olaraq, 2014-cü ildə vergi ödəyicilərilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılmış, sahibkarlarla ilk partnyorluq sazişləri bağlanılmışdır.

Prezident İlham Əliyev vergi xidmətinin işinə qiymət verərək bildirmişdir ki, vergi xidməti müasir əsaslarla idarə olunur, burada müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Ölkə iqtisadiyyatı üçün çox vacib olan bu sahədə aparılan islahatlar, tətbiq edilən yeniliklər,  “bir pəncərə” təşəbbüsü müasir Azərbaycanın inkişafına xidmət göstərir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

  

Yazı Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının  91-ci ildönümü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist  yazıları müsabiqəsinə təqdim olunur.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında