Mayın 22-23-də Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransada işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Parisdə yerləşən mənzil-qərargahında baş katib Anxel Qurria ilə görüşmüşdür.
Görüşdən əvvəl Azərbaycanla İƏİT arasında “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulması haqqında protokolun imzalanma mərasimi olmuşdur. Sənədi vergilər naziri Fazil Məmmədov və baş katib Anxel Qurria imzalamışlar.
Sonra İƏİT ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında əlaqələri daha da genişləndirmək barədə geniş tərkibdə müzakirələr aparılmışdır.
İlk dəfədir Azərbaycandan olan nazirlə görüşdüyünü qeyd edən İƏİT-in baş katibi bundan məmnun olduğunu, rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafını müsbət qiymətləndirdiyini ifadə etmiş, Azərbaycan Respublikasının konvensiyaya edilmiş dəyişiklərə dair protokola qoşulmasını mühüm hadisə adlandırmış, bu mənada ölkə rəhbərliyinin göstərdiyi siyasi iradəni həlledici amil kimi dəyərləndirərək bu faktın Azərbaycanın vergi sisteminin şəffaflığının göstəricisi olduğunu bildirmişdir.
A.Qurria təşkilatın baş katibinin müavini İv Letermin Azərbaycanda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər forumunda iştirakı zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq, həmin görüşdə konkret sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırmışdır.
Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdıraraq Vergilər Nazirliyinin əməkdaşlarının İƏİT-in keçirdiyi tədbirlərdə yaxından iştirak etdiyini bildirmişdir.
Vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsinin müzakirələrinin davam etdiyini diqqətə çatdırmışdır. A.Qurria bunun gələcək əməkdaşlıq üçün əla bir proqram olacağını bildirmişdir. Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri ətraflı müzakirə olunmuşdur. F.Məmmədov cənab A.Qurrianı Azərbaycana səfərə dəvət etmişdir.
Azərbaycanın vergilər naziri Fazil Məmmədov Fransaya işgüzar səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirmişdir. Fransa büdcəyə məsul dövlət katibi cənab Kristian Ekerlə görüşdə azərbaycanlı iş adamlarına Fransada və fransalı investorlara ölkəmizdə əlverişli şəraitin yaradılması məsələləri diqqət mərkəzində olmuşdur. Nazir Kristian Eker ölkəsinin bu sahədə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın çox sürətlə inkişaf etdiyi, ölkəmizdəki vergi sistemi və burada aparılan islahatlar barədə ətraflı məlumat vermişdir. Azərbaycanın vergi sistemindəki qabaqcıl və müsbət təcrübələrdən bəhs edən F.Məmmədov bu sahədə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən, ƏDV depozit hesabı və digər həyata keçirilmiş layihələrdən danışmışdır.
Nazir hər iki tərəf üçün xüsusi maraq doğuran Avropa İttifaqının Azərbaycana yardımı çərçivəsində yeni tvinninq layihəsinin həyata keçirildiyini vurğulamış, bu layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış edən Fransanın və İspaniyanın vergi administrasiyasının qalib gəldiyini bildirmişdir. Azərbaycanın vergi administrasiyası üçün kadr potensialının inkişafında Fransanın dəstəyinin vacibliyini vurğulayan F.Məmmədov bu məsələnin ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırmışdır. Fransanın vergi orqanlarının elektron audit sahəsində müsbət təcrübələrinin olduğunu vurğulayan nazir, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi təklifini irəli sürmüşdür.
Fransalı nazir bu təklifi məmnuniyyətlə qəbul edərək, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq verəcəyini, tvinninq layihəsini həyata keçirməkdə Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını bildirmişdir.
Azərbaycan qanunvericiliyində bank məlumatlarının mübadiləsi və şəffaflığın təmin edilməsi sahəsində artıq müvafiq dəyişikliklər edildiyini bildirən vergilər naziri səfər çərçivəsində bank məlumatlarının mübadiləsi ilə bağlı Strasburq Konvensiyasına edilmiş dəyişiklikləri özündə əks etdirən protokolun imzalanacağını da diqqətə çatdırmışdır.
Fransalı nazir bu xəbəri böyük məmnuniyyətlə qarşılamış, digər ölkələrin də Azərbaycanın yolu ilə gedərək bu mühüm sənədi imzalamaqla vergi orqanları arasında məlumat, o cümlədən bank məlumatları mübadiləsinin daha da genişləndiriləcəyini, öz növbəsində bunun vergi daxilolmalarının artmasına və vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına müsbət təsir göstərəcəyini bildirmişdir.
Görüşün sonunda F.Məmmədov Fransanın büdcə nazirini ölkəmizə səfərə dəvət etmişdir. Dəvətə görə təşəkkürünü bildirən cənab K.Eker imkan olan kimi bu dəvəti reallaşdıracağını bildirmişdir.
V.BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.