Azərbaycan iqtisadiyyatının sürətli və davamlı inkişafı

Yanvar-aprel aylarında ölkənin qeyri-neft sektorunda artım 9 faiz olmuşdur

Prezident İlham Əliyevin  rəhbərliyi ilə son on  ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi  uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim bu siyasi kursa sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. O, Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmış, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Ötən illər ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış və özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından da vacib əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan  iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan  ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlində ilk yerlərdən birini tutur. Sevindirici haldır  ki, son illərdə bu artım qeyri-neft sektorunun yüksək həcmli inkişafı hesabına əldə edilmişdir. 2003-cü ildən indiyədək ölkədə ÜDM istehsalı 7,15 milyard manatdan  54 milyard manata yüksəlmiş,  ötən il onun  28,5 milyard manatı və yaxud 52,8 faizi qeyri-neft sektorunun payına düşmüşdür.

Əvvəkli illərdə qazanılan bu uğurlu və dinamik inkişaf  tendensiyası  bu il də davam etməkdədir. İlin əvvəlindən keçən dörd ay ərzində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanmış,  qeyri-neft sektoru daha da inkişaf etmiş,  sahibkarlığa dövlət dəstəyi  gücləndirilmişdir.

Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, dörd ay ərzində  18,2 milyard manatlıq ÜDM istehsal edilmiş və 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artmışdır. Ümumi daxili məhsulun 60,9 faizi məhsul istehsalı, 31,9 faizi xidmət sahələrində yaradılmış, 7,2 faizini isə məhsula və idxala xalis vergilər təşkil etmişdir. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 9 faiz artmış, neft-qaz sektorunda isə 3,2 faiz azalmışdır. Ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1942,6 manata və ya 2476,5 ABŞ dollarına çatmışdır.

Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 11 milyard manatlıq  sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma bölməsində, 20,8 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artmış, neft-qaz sektorunda isə 2,9 faiz azalmışdır.

Aqrar bölmə  qeyri-neft sektorunun aparıcı sahələrindəndir və bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. Ötən müddətdə kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmişdir. Müasir texnologiyalara əsaslanan məhsulların istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Hazırda kənd təsərrüfatının əsas sahələrindən olan üzümçülüyün inkişafı ilə yanaşı, emal sənayesinin inkişafına da təkan verəcək “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilir.

Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 262 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 20,3 min hektar sahədə dən üçün qarğıdalı, 57,5 min hektar sahədə kartof, 52,5 min hektar sahədə tərəvəz, 14,8 min hektar sahədə pambıq çiyidi, 18,1 min hektar sahədə bostan bitkiləri, 4,6 min hektar sahədə şəkər çuğunduru, 7,2 min hektar sahədə dən üçün günəbaxan və 756 hektar sahədə tütün əkilmişdir.

Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən bəri diri çəkidə ət istehsalı 144,5 min tona, süd istehsalı 569,8 min tona, yumurta istehsalı 496,6 milyon ədədə çatmış, ötən ildəkindən 11,2 faiz çox və ya 2,7 min ton yun qırxılmışdır. Ölkədə 46,6 min ton tərəvəz, 6 min ton kartof istehsal edilmişdir. Kənd əməkçilərinin səyi nəticəsində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,1 faiz, heyvandarlıq məhsulları istehsalı 3 faiz, kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı isə 3,3 faiz artmışdır.

Azərbaycanın sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı da  xüsusi vurğulamaq olar. Xatırladaq ki, ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 4,6 milyard manat, yaxud 2013-cü ilin yanvar-aprel aylarında olduğundan 8,6 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 3,2 milyard manatı və ya 68,9 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3,2 milyard manatı və ya 68,8 faizini daxili investisiyalar təşkil etmiş və ötənilki səviyyədən 3,5 faiz yüksək olmuşdur. Xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 22  faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 25,6 faiz artaraq 3,4 milyard manat təşkil etmişdir.

Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5322,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1728,7 milyon manatından istifadə edilmişdir.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində 500,9 min kvadratmetr sahəsi olan yaşayış evləri, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 430 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi və s. obyektlər istifadəyə verilmişdir.

Qeyd edək ki, son vaxtlar yol-nəqliyyat strukturunun  müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu bölgədə həyat sözün əsl mənasında canlanır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də həyatın başlanğıcıdır.

Ölkə Prezidenti cənab  İlham Əliyev demişdir: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması vardır. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral  yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan yüz milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək...”.

Hazırda Bakı şəhərində yol şəbəkələri və küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr həyata keçirilir.

Yeri gəlmişkən, tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Bu gün  rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində də mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Ümumiyyətlə, son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi  məqsədilə mühüm işlər görülmüşdür. Qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmışdır. Sənaye şəhərciklərinin,  ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə  də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində reallaşdırılan sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ilin birinci rübündə xarici ölkələrlə 7,1 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 6,5 milyard dolları və ya 91 faizi uzaq xarici dövlətlərin, 642,4 milyon dolları MDB ölkələrinin payına düşmüşdür. Bu dövrdə ölkəmizdən 5,4 milyard dollar məbləğində mal göndərilmişdir. İxrac olunmuş məhsulların 5,2 milyard dollarlığı (96,7 faizi) MDB dövlətləri istisna olmaqla digər ölkələrə, 179,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmişdir.

Rüb ərzində ölkəmizə 1,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən 1,3 milyard dollar, MDB üzvü ölkələrindən 463 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə digər ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 22,1 faiz, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 17,5 faiz azalmışdır.

İxracın idxalı üstələməsi nəticəsində 3,7 milyard dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 3,9 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə isə 0,2 milyon dollarlıq mənfi saldo yaranmışdır. Xarici ticarət əlaqələrinin 45,9 faizi Avropa İttifaqı ölkələri, 9 faizi MDB üzvü dövlətləri, 45,1 faizi digər ölkələrlə aparılmışdır.

2014-cü ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 3,3 faiz artaraq 1290,7 manata çatmış və onun 70,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,1 faizi əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-mart aylarında 6,6 faiz artaraq 434,3 manat təşkil etmişdir.

Bütün bunlar əhalinin banklardakı əmanətlərinin həcminin artmasında özünü göstərmişdir. Ötən dörd ayda banklara qoyulan əmanətlərin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artaraq 6,7 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,6 milyard manat olmuşdur.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında