Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə növbəti müqavilə imzalandı

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə hazırlıq məqsədilə mühüm tədbirlər həyata keçirilir. Xatırladaq ki, Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin etmək üçün Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi  nəzərdə tutulmuşdur. Cənubi Qafqaz Boru Kəməri Şirkəti və Şahdəniz konsorsiumu adıçəkilən kəmərin genişləndirilməsi layihəsi üçün daha bir podrat müqaviləsi imzalamışlar. 

Boru kəməri üçün lazım olan boruların örtüklənməsi işləri üzrə müqavilə “Bredero Shaw International BV” şirkətinə verilmişdir. Dəyəri təxminən 70 milyon dollar təşkil edən bu müqavilə üzrə iş həcminə Cənubi Qafqaz boru kəmərinin tikintisi üçün istifadə ediləcək bütün boruların örtüklənməsi daxildir. “Bredero Shaw International” şirkəti boruların üstünü  üçqat polietilen materialla, içəridən isə epoksidlə örtükləyəcək. Müqavilənin icra müddəti 18 aydır. Boruların ilk hissəsinin Azərbaycana bu ilin sonunda gətiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, Cənubi Qafqaz boru kəmərinın genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı  2013-cü il dekabrın 17-də “Şahdəniz-2" layihəsi üçün qərarın verilməsi ilə eyni zamanda qəbul edilmişdir. 2014-cü ilin birinci rübü ərzində kəmərın genişləndirilməsi layihəsi üzrə dörd müqavilə imzalanmışdır. Həmin müqavilələrə Cənubi Qafqaz boru kəməri layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, layihənin Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri, eləcə də layihənin iki çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir.

2014-cü ilin ikinci rübündə Azərbaycanda boru kəmərinin tikintisi üzrə digər müqavilələrin bağlanması da planlaşdırılmışdır. İlk boru partiyasının Azərbaycana gətirilməsi bu ilin sonuna nəzərdə tutulmuşdur.

Bütövlükdə isə “Şahdəniz-2" layihəsi üzrə indiyədək 13 mühüm podrat müqaviləsi imzalanmışdır. Bu da sözügedən layihənin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanmışdır.

Yeri gəlmişkən, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (texniki operator - 28,8 faiz), ARDNŞ (16,7 faiz), Statoyl (15,5 faiz), Total (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), və TPAO (9 faiz) şirkətləridir. Bu faizlərə “Statoyl”dan müvafiq olaraq bp və ARDNŞ-in aldıqları iştirak payları daxildir.

Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 12 milyon dollar əməliyyat xərcləri və 137 milyon dollar əsaslı xərclər sərf edilmişdir. Bütövlükdə isə 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə kəmərin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 250 milyon dollara qədər artacaq.

Məlumat üçün bildiririk ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində çıxarılan təbii qazı çatdırır. Bu ilin ötən dövrü ərzində Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 18,14 milyon kubmetr  qaz və ya gündə 110 min 430 barel neft ekvivalenti olmuşdur.

Cənubi Qafqaz boru kəmərinin iki operatoru var. bp şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur. 

“Şahdəniz-2" layihəsi üçün yekun investisiya qərarı Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya isə yeni bir “Cənub” qaz dəhlizi açacaq.

Mərhələ-2 layihəsi “Şahdəniz” qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan əlavə, ikinci mərhələ çərçivəsində hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında