İqtisadiyyat və Sənaye Nazirliyi Samuxda konfrans keçirmişdir

Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunmuş tədbirdə  Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, dövlət proqramının icraçı təşkilatlarının nümayəndələri, sahibkarlar iştirak etmişlər.

Konfransda iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək bildirmişdir ki, Prezident İlham Əliyevin regionların inkişafına diqqət yetirməsi və bununla bağlı dövlət proqramlarının qəbulu, onların uğurlu icrası əhalinin işgüzarlığının artmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasına hərtərəfli şərait yaratmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”  da regionların inkişafında mühüm mərhələdir və bu proqram da uğurla icra olunur. Elə faktlar da bunu deməyə əsas verir ki, həmin proqram regionların inkişafını daha da sürətləndirir, problemləri aradan qaldırır.

Sahib Məmmədov demişdir ki, artıq 2014-cü ilin birinci rübü ərzində respublika üzrə 29 min yeni iş yeri açılmış və 3 minə yaxın müəssisə yaradılmışdır.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək rayonun timsalında regionların böyük sürətlə inkişaf etdiyini konkret faktlar və rəqəmlərlə konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd edilmişdir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün hərtərəfli şərait var, yeni istehsal və xidmət sahələri yaradılır, adamların güzəranı daha da yaxşılaşır, maddi rifah halı yüksəlir.

Rayon rəhbəri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Samux rayonu üzrə nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən də danışmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsini icra edən Elşən Əsədov, nazirliyin Sənaye şöbəsinin sektor müdiri Əbdül Musazadə, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev və başqaları çıxış edərək region üzrə indiki dövlət proqramında nəzərdə tutulmuş tədbirlərdən, 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar həyata keçiriləcək işlərdən məlumat vermişlər.

Konfrans iştirakçıları rayon mərkəzindəki Heydər Əliyev parkında təşkil olunmuş stend və diaqramlarla tanış olmuş, onlara qarşıda duran vəzifələr, yeni layihələr barədə məlumat verilmişdir.

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında