Holdinq ölkəmizin iqtisadiyyatına indiyədək 500 milyon dollar sərmayə yönəldib
Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası qısa müddət ərzində dünya ölkələrinin maraq dairəsinə daxil oldu. Bu da təsadüfi deyildi. Çünki ölkəmiz zəngin təbii sərvətlərə malik olmaqla yanaşı, həm də son dərəcə əlverişli geosiyasi məkanda yerləşir. Eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitlik bərqərar olundu, ölkədə əlverişli biznes mühiti yaradıldı. Bununla da, Azərbaycanın qapıları burada iş görmək istəyən bütün əcnəbi şirkətlərin üzünə açıq elan olundu.
Azərbaycanın dövlət müstəqilliyini ilk olaraq tanıyan qardaş Türkiyə Cümhuriyyətinin iş adamları da yaranmış şəraitdən istifadə edərək ölkəmizə böyük həvəslə sərmayə yönəltməyə başladılar. Bu isə təkcə biznes qurub qazanc əldə etmək məqsədi güdmürdü. Şübhəsiz, qardaş ölkənin iş adamları, tanınmış şirkətlərin rəhbərləri bu yolla həm də Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişafına töhfələr vermək məqsədini güdürdülər.
Təsadüfi deyil ki, hazırda Türkiyənin çoxsaylı şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərərək iqtisadiyyatın, eləcə də digər mühüm sahələrin inkişafına misilsiz töhfələr verirlər. Bu baxımdan 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərən DHT Holdinq şirkətlər qrupunun fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Məlumat üçün bildiririk ki, DHT Holdinq dəmir polad, kənd təsərrüfatı, dənizçilik, inşaat, dizayn və xarici ticarət sahələrində mühüm nailiyyətlərə imza atmışdır. 1992-ci ildə Azərbaycanın iqtisadi həyatına daxil olmuş adıçəkilən şirkətlər qrupu ölkəmizdə kənd təsərrüfatı, metallurgiya, inşaat və dənizçilik sahələrində mühüm layihələr həyata keçirmişdir. DHT Holdinq ölkəmizdə ilk mühüm layihələrini inşaat sektorunda reallaşdırmışdır. Belə ki, holdinqin tərkibinə daxil olan "DHT İnşaat" şirkətinin Bakıda tikdiyi Mərkəzi Bankın və Azərbaycan Beynəlxalq Bankının binaları dövrümüzün nadir memarlıq nümunələri kimi diqqəti cəlb edir. Bundan əlavə, vaxtilə Bakıda fəaliyyət göstərən "Tapet" yanacaqdoldurma stansiyaları da DHT Holdinqin Azərbaycanın inşaat sektorunda gerçəkləşdiyi layihələrdəndir. 2007-ci ildən AST Beynəlxalq Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətini davam etdirən şirkət Bakı "Günəş" Uşaq evi və SOCAR VİP qonaq evi kimi nümunəvi layihələrə imza atmaqla yanaşı, SOCAR yanacaqdoldurma stansiyalarını da layihələndirmişdir.
Ötən 20 ilə yaxın bir müddətdə Azərbaycan iqtisadiyyatına 500 milyon dollardan artıq sərmayə yönəldən DHT Holdinq ölkəmizdə kənd təsərrüfatı sahəsində də bir sıra uğurlu layihələr həyata keçirmişdir. Holdinqin Azərbaycanda təsis etdiyi "Azəryem", "Azərtoxum" və "Azəraqro" kimi qurumlar ölkəmizin aqrar sektoruna mühüm töhfələr vermişdir. 2007-ci ildə Balakən şəhərində qurulmuş "Azəryem" yem sənaye müəssisəsi kənd təsərrüfatının heyvandarlıq sahəsinin yüksək keyfiyyətli yem məhsullarına olan tələbatının ödənilməsində özünəməxsus rol oynayır. Bundan əlavə, 2009-cu ildə yaradılmış "Azərtoxum" MMC Azərbaycanda bol məhsulun yetişdirilməsinin mühüm qarantı kimi çıxış edir. Müəssisənin Yevlax şəhərində qurulmuş müəssisəsində il ərzində 250 min ton yüksək keyfiyyətli arpa, buğda, qarğıdalı, günəbaxan, yonca sortları yetişdirilərək fermerlərə satılır.
Azərbaycanda ən böyük kənd təsərrüfatı şirkəti sayılan "Azəraqro" 10 min hektar nümunəvi əkin sahəsinə malikdir. 200-dən artıq ailə ilə imzalanmış müqaviləyə əsasən 800 nəfər işlə təmin olunmuşdur. Şirkət yüksək texnologiyalardan istifadə etməklə ölkəmizdə bol məhsul yetişdirilməsinə mühüm töhfələr verir. "Azəraqro" həm də dünyanın kənd təsərrüfatı sahələrində geniş istifadə edilən kimyəvi birləşmələrin və yüksək keyfiyyətli toxum istehsalçısı olan "Sungenta"nın Azərbaycandakı təmsilçisidir. Şirkət bu yaxınlarda min baş damazlıq düyə yetişdirmək imkanına malik təsərrüfatının istifadəyə verilməsinə hazırlaşır.
DHT Holdinqin digər törəmə müəssisə olan "Suada" dənizçilik şirkəti Xəzərin ekoloji problemlərinin aradan qaldırılması sahəsində fəaliyyət göstərir. Bütövlükdə isə "Suada" dəniz nəqliyyatı, boru xətlərinin çəkilməsi və təmiri, dalğıc xidmətləri, sualtı qaynaq işləri, dəniz dibinin təmizlənməsi və digər mühəndislik xidmətləri, həmçinin liman inşaatı, neft və qaz platformalarının demontajı, neftlə çirklənmiş torpaqların təmizlənməsi kimi layihələri gerçəkləşdirir.
1996-cı ildə holdinq Azərbaycanın canlanmaqda olan tikinti sektorunda fəaliyyətini genişləndirməyi qərara alır. Bu məqsədlə Bakıda DHT Metal şirkəti təsis edilərək 33 min kvadratmetrlik sahədə armatur istehsalı müəssisəsi yaradılır. 2002-ci ildən etibarən isə yeni sərmayələr cəlb edilməklə Azərbaycanın dəmir-polad sektorunda mühüm mövqe əldə olunmuşdur. Ötən müddətdə DHT Metal şirkəti istehsalat prosesində yeni metaləritmə sobalarından istifadəyə keçməklə Azərbaycanın ağır sənayesində çox mühüm bir mərhələyə yüksəlmişdir. Dəmir tullantılarını təkrar istehsalata cəlb edən DHT Metal ölkəmizə yüksək iqtisadi faydalar gətirməklə yanaşı, ətraf mühitin qorunmasına da xüsusi önəm verir. Belə ki, ayda 40 min ton poladəritmə gücünə malik olan bu müəssisədə regionda ən böyük toztoplama texnologiyası tətbiq olunmuşdur ki, bu da zərərli maddələrin ətraf mühitə vura biləcək mümkün ziyanın qarşısını almağa imkan yaradır.
Hazırda DHT Holdinqin Azərbaycandakı çoxsaylı təsisatlarından olan DHT Metal zavodu metal tullantılarının təkrar emalını həyata keçirərək daxili və xarici bazarın keyfiyyətli polad məmulatlarına olan tələbatının ödənilməsinə mühüm töhfələr vermək gücünə malik nəhəng istehsal sahəsinə çevrilmişdir. Artıq zavod Türkiyə ilə Azərbaycan arasında mövcud iqtisadi əlaqələrin daha da gücləndirilməsində xüsusi rol oynamağa başlamışdır. Yeri gəlmişkən, 20 ilə yaxın bir müddətdə Azərbaycanda fəaliyyət göstərən DHT Holdinqin burada belə bir müəssəni yaradıb onu ilbəil inkişaf etdirməsi ölkəmizə olan etibarının, burada əlverişli biznes mühitinin mövcudluğunun nəticəsidir. 1996-cı ildən fəaliyyət göstərən DHT Metal il ərzində ən azı 50 faiz inkişaf etmək strategiyasını hədəfləmişdi. Hazırda ümumi sahəsi 70 min kvadratmetrə çatdırılan müəssisə Azərbaycanın armatura olan illik tələbatının 30 faizini ödəmək iqtidarındadır. Ona da deyək ki, iki il əvvəl dünyanı ağuşuna alan qlobal maliyyə böhranına baxmayaraq, DHT Holdinq uzun illər öncə hədəflədiyi son məqsədə çatmağa müvəffəq olmuşdur. Artıq tam gücü ilə fəaliyyətə başlamağa hazırlaşan bu nəhəng polad istehsalı müəssisənin qurulmasına indiyədək 200 milyon dollar sərmayə yönəldilmişdir.
Azərbaycanın dəmir-polad sektorunda keyfiyyət problemini həll etməyi, daxili bazarın dəmir və polad məmulatlarına olan ehtiyacının ödənilməsində yaxından iştirak etməyi, həmçinin yaxın illərdə yüksək ixrac potensialına yiyələnməyi başlıca hədəflərdən seçən holdinq bu məqsədlə ölkəmizə ən son texnologiyaların gətirilməsinə nail olmuşdur. Hazırda DHT Holdinq Azərbaycanda dəmir-polad istehsalı sahəsində ən müasir texnologiyalara malikdir. Belə ki, dəmir və polad məmulatlarının keyfiyyətinin davamlılığını təmin etmək üçün istehsal prosesi xüsusi nəzarət altında saxlanılır. Bu məqsədlə yaradılan kimyəvi laboratoriyada kompyuterlə idarə olunan 60 və 100 tonluq iki test cihazı quraşdırılmışdır. Zəlzələyə qarşı son dərəcə davamlı olan armarturların istehsalını mənimsəyən DHT Metal Azərbaycanda metal tullantılarından dəmir-polad məmulatı istehsal edən zavodlar arasında İSO-9001: 2008 keyfiyyət nişanı standartlarını tətbiq edən ilk istehsal sahəsidir. Öz fəaliyyətində müştəri məmnunluğunu əsas götürən şirkət xidmət səviyyəsini davamlı olaraq artırmağı, sosial və təbii mühiti qoruyaraq inkişaf etdirməyi başlıca vəzifələrdən hesab edir.
Zavodda polad və armatur istehsalı sexləri ilə yanaşı, bir sıra yardımçı sahələr də yaradılmışdır. Əsas istehsal sahəsində metal tullantıları əridilərək tərkibi təmizlənir, lazımi qarışıqlar qatıldıqdan sonra möhkəmləndirilmiş poladdan 8 millimetrdən 32 millimetrədək ölçüdə yüksək keyfiyyətli armaturlar istehsal edilir. Bütövlükdə isə zavodun illik istehsal gücü 430 min ton təşkil edir.
"İqtisadiyyat və qardaşlığa poladdan töhfə" devizini əsas götürən DHT Holdinq ailəsi Azərbaycan cəmiyyəti ilə həmrəyliyi özünün əsas prioritetlərindən hesab edir. Yeri gəlmişkən, avqustun 17-də Azərbaycana rəsmi səfər edən Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül DHT Metal şirkətinin yeni, müasirləşdirilmiş istehsal sahəsi ilə yaxından tanış olmuş, kollektivə uğurlar arzulamışdır. Zavodun açılış mərasimində iştirak edən Abdullah Gül dost və qardaş Azərbaycanın inkişafından qürur duyduğunu vurğulamış, DHT Metal şirkətinin Azərbaycanın qeyri-neft sektoruna, eləcə də ölkənin ixrac potensialının artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.
Müasir və yenilikçi bir şirkətlər qrupu olan DHT Holdinq Türkiyədə doğulub boya-başa çatmış Azərbaycan əsilli iş adamı Əli Turanlı tərəfindən ötən əsrin 50-ci illərində təsis olunmuşdur. Holdinq Türkiyədə DHT İnşaat, ASM Metal, Turanlılar Xarici Ticarət və Suada Dənizçilik kimi iri şirkətləri özündə birləşdirir. DHT Holdinqin prezidenti Dağıstan Turanlı dedi: -DHT Holdinq, ilk növbədə, Türkiyə və fəaliyyət göstərdiyi bütün ölkələr arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm faydalar gətirməyə çalışır. Azərbaycandakı fəaliyyətimizə gəldikdə isə hər şeydən əvvəl demək istəyirəm ki, buranı özümüzə Vətən hesab edirik. Çünki rəhmətlik atamızın ürəyi daim Azərbaycanla döyünürdü. Elə körpəlikdən bizə Azərbaycan sevgisi aşılayan bu vətənpərvər insan gələcək fəaliyyətlərimizdə "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan naminə can-başla çalışmağı tövsiyə edirdi. Onu da deyim ki, atamız Azərbaycanın müstəqilliyini özünün ən böyük, ən ülvi arzusu hesab edirdi. Elə ikinci vətənimiz tarixi müstəqilliyinə qovuşduqdan sonra o, tez bir zamanda Azərbaycanı ziyarət etdi.
Bu vətənpərvər insanın övladları olan bizlər də 1992-ci ildən bəri doğma Azərbaycanımızda fəaliyyət göstəririk. Türk dünyasnın böyük oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycanda yaratdığı siyasi sabitlik, bu ölkədə iş görmək istəyən hər bir xarici iş adamına xüsusi diqqət və qayğı göstərməsi bizi buraya getdikcə möhkəm bağladı. Bu siyasət Azərbaycanın hazırki dövlət başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Biz hazırda fəaliyyətimizi cənab dövlət başçısının müəyyən etdiyi iqtisadi strategiyaya uyğun davam etdiririk. Belə ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməklə həm Bakıda, həm də regionlarda iri layihələr həyata keçiririk. Bununla da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, Azərbaycanın güclənməsinə yardımçı olmağa çalışırıq. Ən başlıca hədəflərimizdən biri də Azərbaycanda yeni iş yerləri açmaqla ölkənin məşğulluq strategiyasına mühüm töhfələr verməkdir...{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.