Azərbaycan nümayəndə heyəti Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının XXIII toplantısında iştirak etmişdir

Polşanın Varşava şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının XXIII illik toplantısı keçirilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, toplantıya AYİB-in əməkdaşlıq etdiyi 60-dan çox ölkənin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılmışdır. AYİB-in Müdirlər Şurasının Azərbaycan Respublikası tərəfdən müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak etmişdir.

Toplantı çərçivəsində AYİB-in 2013-cü ildə üzv ölkələrdəki fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ötən il bank tərəfindən 392 layihənin həyata keçirilməsinə 8,5 milyard avro vəsait yönəldilmiş, əldə edilən gəlirlər 1,2 milyard avro olmuşdur. Kreditlər əsasən informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, emal və xidmətlər, bələdiyyə və ətraf mühit, infrastrukturun bərpası, kiçik və orta sahibkarlığın inkişafı və maliyyə sektorlarına ayrılmışdır.

Toplantıda AYİB-in Müdirlər Şurasının Azərbaycan Respublikası tərəfdən müdiri Şahin Mustafayev çıxış edərək, ölkə iqtisadiyyatı, aparılan islahatlar, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş nailiyyətlər barədə danışmışdır. Diqqətə çatdırılmışdır ki, dünya iqtisadi və maliyyə sistemindəki qeyri-sabitliyə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2013-cü ildə də davam etmiş və ümumi daxili məhsul istehsalı 5,8 faiz artmışdır.

Nazir vurğulamışdır ki, Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır, ölkəmizin iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri hələ uzun illər Azərbaycan və region ölkələri üçün səmərəli olacaqdır. Şahin Mustafayev, həmçinin qeyd etmişdir ki, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması regionda hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına ciddi maneçilik törədir, iqtisadi potensialın tam reallaşmasına imkan vermir. Buna baxmayaraq, Azərbaycan regionda liderə çevrilərək, irimiqyaslı beynəlxalq və regional layihələr həyata keçirməkdədir.

Azərbaycanda beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirən nazir bankın ölkəmizdə həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirmişdir. O, AYİB-i özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət etmiş, bankın fəaliyyətinin özəl səhm kapitalına investisiya və şirkətlərə birbaşa kredit vəsaitlərinin artırılması, eləcə də korporativ idarəetmə standartlarının inkişafı yolu ilə daha da genişləndirilməsini, layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunmasını və bu fəaliyyətin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetləri ilə uzlaşdırılmasını təklif etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında