Azərbaycanın regionlarında infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində hazırda mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edir.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında da iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılır.
Bu günlərdə isə Dünya İqtisadi Forumu 2014-cü il üçün yeni hesabatını yaymışdır. “Dünya ticarətinə cəlb edilmə - 2014" (”The Global Enabling Trade Report - 2014") adlı sənəddə Azərbaycan 138 ölkə arasında 77-ci pillədə yerləşmişdir.
Xatırladaq ki, Azərbaycan sözügedən hesabatda dörd pillə irəliləmişdir. Belə ki, 2012-ci ildə hazırlanmış sonuncu hesabatda ölkəmiz 81-ci mövqedə qərarlaşmışdı.
Dünya İqtisadi Forumunun dərc etdiyi sənəd 138 ölkəni əhatə etmiş, “Daxili bazara çıxış”, “Sərhəddə inzibati idarəetmə”, “İşgüzar mühit” və “Nəqliyyat və kommunal infrastruktur” kimi dörd göstərici əsasında tərtib olunmuşdur. Daxili bazara çıxış göstəricisi üzrə Azərbaycan 2014-cü ildə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü, işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olmuşdur.
Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və aprelin 23-də yayımlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014 (”The Global Information Technology Report 2014") adlı illik hesabatda isə göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlmişdir. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlamışdır.
Respublikamız “ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada birinci yerdə göstərilmişdir və bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Eyni zamanda, “Şəbəkələşmə hazırlığı indeksi”nin formalaşmasına təsir edən informasiya-kommunikasiya texnologiyalarının əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Göründüyü kimi, ölkəmiz daxili bazara çıxış, sərhəddə inzibati idarəetmə, işgüzar mühit, nəqliyyat və kommunal infrastruktur və s. məsələlərdə mühüm uğurlar əldə etmişdir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmış və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Azərbaycanın sosial-iqtisadi inkişafının dinamik xarakter aldığı diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artdığını deyən dövlətimizin başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz yüksəldiyini vurğulamış, valyuta ehtiyatlarının hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırmışdır.
Ölkə rəhbəri bildirmişdir ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz mövqelərini daha da möhkəmləndirmişdir. “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir”, – deyən Prezident İlham Əliyev bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını vurğulamışdır. İlin əvvəlindən etibarən xaricə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən dövlət başçımız ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulamışdır.
Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur. Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, kreditlərin verilməsi prosesinə təsir göstərən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi adı çəkilən fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və aidiyyəti dövlət qurumlarına təqdim etmişdir. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaqdır, bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaqdır.
Prezident İlham Əliyev sahibkarlığa göstərilən diqqət barədə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir: “Mən sahibkarlığın inkişafı ilə bağlı giriş sözümdə fikirlərimi bildirdim. Dəstək davam edəcəkdir. Bu dəstək hesabına böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Misal üçün, keçən il 275 milyon manat kredit verilmişdir. Bu kreditlər vaxtında qaytarılır. Bu da sahibkarlığın inkişafına yeni dəstək verir. Çünki həmin vəsait yenə də kredit şəklində sahibkarlara verilir. Sahibkarlar da qeyd etməliyəm ki, bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar. Yəni bütün vəsait vaxtında qaytarılır. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən 1 milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır”.
Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması və bununla bağlı geniş Tədbirlər Planının təsdiq edilməsi iqtisadi inkişafın yeni modelinin təşəkkülündən xəbər verir.
Azərbaycanda qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını vacib sayır. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılması aktual məsələ kimi gündəmə gətirilir.
Sənayeləşmə siyasəti çərçivəsində yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə 2012-2013-cü illərdə 150-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Sənaye sektorunun inkişaf etdirilməsində məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı, ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi yolu ilə sənaye sahəsinin davamlı inkişafına nail olmaqdan ibarətdir.
Son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2004-2013-cü illərdə regionların inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.
Yeni təsərrüfatçılıq formalarından sənayeləşmənin innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə indistrual cəmiyyətin formalaşmasına güclü zəmin yaradır. Dünyada sənayeləşmənin qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın ən iri təşkilati-hüquqi forması olan sənaye texnoparkları layihələrinə üstünlük verilmişdir. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapitaltutumlu bölməsi sayılır və bu parklarda sənayenin bütün sahələrini əhatə edən onlarca zavod fəaliyyət göstərir.
Sənayenin ümumi inkişafında metallurgiyanın xüsusi rolunu və əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət yetirilməlidir”.
Göründüyü kimi, dövlətimizin başçısı sənayeləşməni bilavasitə metallurgiya sənayesinin inkişafı ilə bağlayır. Bu istiqamətdə artıq ciddi işlər həyata keçirilməkdədir. Xüsusilə Gəncə şəhərində fəaliyyətə başlamış “DET Al” İstehsalat Birliyi buna bariz misaldır.
Mütəxəssislərin fikrincə, Azərbaycan regionda ən perspektivli metallurgiya ölkəsidir. Hələ 2001-ci ildə Bakıda istehsal gücü ildə 350 min ton olan müasir “Bakı Polad istehsal şirkəti” (Baku Steel Company) işə salınmışdır. Müasir Azərbaycan metallurgiyasında xüsusi çəkisi olan “Baku Steel Company” MMC Qafqaz regionunda ilk müasir poladəritmə müəssisəsi olaraq bu gün də uğurla fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyev şirkətin rəsmi açılışı mərasimindəki çıxışında vurğulamışdır ki, metallurgiyanın dirçəldilməsi və inkişafı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün vacib olan dövlət əhəmiyyətli strateji məsələdir. Bu məsələnin həlli üçün respublikamızın dünya ölkələri ilə iqtisadi əlaqələr yaradılmasına imkan verən əlverişli coğrafi mövqeyi, zəngin enerji və material ehtiyatları, 160 ildən çox tarixi olan metallurgiya sənaye təcrübəsi vardır. Xüsusən müasir dövrümüzdə metallurgiyanın inkişafı ardıcıl, elmi cəhətdən əsaslandırılmış siyasətlə aparılır.
İqtisadiyyatın dinamik inkişafında kapital qoyuluşu xüsusi önəm daşıyır. Hər bir ölkə iqtisadiyyatına qoyulan investisiya onun müxtəlif sahələr üzrə inkişafı deməkdir. İnvestisiyaların qoyuluşu eyni zamanda əhalinin işlə təminatına və sosial rifahının yüksəlməsinə xidmət edir.
Son illər aparılan iqtisadi islahatlar və dinamik sürətlə artan kapital qoyuluşu ölkəmizi dünyanın sürətlə inkişaf edən dövlətlər sırasına cıxarmışdır. Azərbaycan kimi kiçik bir ölkəyə son illər ərzində 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Qoyulan sərmayələr isə ildən-ilə artmaqda davam edir. Məsələn, təkcə keçən il ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard dollar sərmayə qoyulmuşdur.
Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə iqtisadiyyata kapital qoyuluşunda xarici sərmayələr üstünlük təşkil edirdi. Lakin ölkəmiz iqtisadi inkişafa nail olduqdan sonra bunun əksi baş verdi. Yəni daxili investisiyalar kapital qoyuluşunda üstünlük təşkil etməyə başladı. Bu da dövlətin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsidir. Burada bir faktı xüsusi qeyd etmək lazımdır: dövlət özəl sektora investisiya qoyuluşuna xüsusi diqqət yetirir. Ayrılan kreditlərdə dövlət əhəmiyyətli infrastruktur layihələri ilə bərabər özəl sektorun da çəkisi ilbəil yüksəlir.
Yuxarıda deyilənlər Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.