Hazırda ölkəmizin neft-qaz sənayesində təmir-tikinti və quraşdırma işləri sürətlə davam etdirilir. Neft və qaz sənayesinin ahəngdar işini təmin etmək məqsədilə yeni infrastruktur obyektləri inşa olunur, mövcud qurğuların imkanları bir qədər də genişləndirilir. Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində yığım-nəql sisteminin təkmilləşdirilməsi, hasil olunmuş neft və qazın nəqlini yaxşılaşdırmaq məqsədilə müasir tələblərə cavab verən yeni boru kəmərləri çəkilir.
Neft-qaz sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi, yeni obyektlərin inşası isə Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin tikinti-quraşdırma idarələri tərəfindən həyata keçirilir. Trestin 2 saylı tikinti-quraşdırma idarəsi də ölkənin neft-qaz təsərrüfatı üçün son dərəcə vacib olan bu tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir. Son illər idarənin təmir-tikinti və quraşdırma briqadaları tərəfindən magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının inşası ilə bağlı dövlət sifarişləri, bir qayda olaraq, vaxtında və keyfiyyətlə yerinə yetirilir. Bu baxımdan 2013-cü ili uğurla başa vuran kollektiv dövlət əhəmiyyətli bir sıra obyektlərin tikintisi və təmiri sahəsində yüksək əzmkarlıq göstərərk ölkənin neft sənayesinin inkişafına mühüm töhfələr vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, inşaatçılar il ərzində 162 kilometr uzunluğunda müxtəlif diametrli boru xətt çəkmiş, ölkənin qaz təsərrüfatı üçün xüsusi əhəmiyyət daşıyan 9 iri obyektin tikintisini uğurla başa çatdırmışlar. Bütövlükdə isə idarə üzrə yerinə yetirlmiş tikinti-quraşdırma işlərinin həcmi əvvəlki ilin səviyyəsindən 57 faiz artıq olmuşdur. Bütün bunlar isə, heç şübhəsiz, Dövlət Neft Şirkəti və “Neftqaztikinti” Tresti rəhbərliklərinin obyektlərdə həyata keçirilən işləri xüsusi nəzarətdə saxlamalarının, həmçinin göstərilən daimi diqqət və qayğının məntiqi nəticəsidir.
2014-cü il idarənin təsərrüfat fəaliyyəti üçün daha mühüm və məhsuldar bir dövrdür. Bunun bir səbəbi də trestin tərkibindəki 3 saylı təmir-tikinti idarəsinin ləğvi ilə əlaqədar adıçəkilən idarənin iş həcminin artmasıdır. Belə ki, həmin idarə tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bütün dəniz layihələri: sualtı boru kəmərlərinin çəkilişi və stasionar dəniz özüllərində aparılan tikinti-quraşdırma işləri məhz 2 saylı təmir-tikinti idarəsinə həvalə olunmuşdur.
Bu ilin əvvəlindən kollektiv ölkənin qaz təsərrüfatı üçün son dərəcə vacib olan bir sıra mühüm sifarişlər almışdır. Hazırda idarənin həyata keçirdiyi ən iri layihə “Qazımımmıd-Qazax (1-ci xətt) magistral qaz kəmərinin 210-cu kilometrədək olan hissəsinin yenidən qurulması” obyektidir. Layihənin məqsədi magistral qaz kəməri vasitəsilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarınadək olan ərazilərdə yerləşən rayonlara “mavi yanacağın” itkisiz və fasiləsiz ötürülməsinin təmin edilməsidir. Ötən ilin noyabr ayında icrasına başlanılmış layihə çərçivəsində artıq 20 kilometrə yaxın boru kəməri çəkilmişdir. Hazırda layihə çərçivəsində işlər sürətlə davam etdirilir, boruların qaynaq edilməsində ən müasir avtomat və yarımavtomat aparatlarından istifadə olunur. Bu da tikinti-quraşdırma işlərinin sürətləndirilməsinə və keyfiyyətlə görülməsinə imkan yaradır. Artıq inşaatçılar boru kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinə başlamışlar.
Azərbaycan neftçiləri tərəfindən kəşf edilib istismara verilmiş “Ümid” yatağı ilə bağlı tələb olunan infrastrukturun yaradılması istiqamətində işlər də sürətlə davam etdirilir. Yeri gəlmişkən, “Ümid” yatağının istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünya səviyyəli bir şirkətə çevrilməsinin məntiqi nəticəsidir. Xatırladaq ki, ötən müddətdə “Ümid” yatağının neft və qaz hasilatının nəqli sisteminin layihələndirilməsi sahəsində konkret işlər həyata keçirilmişdir. Layihə çərçivəsində adıçəkilən yataqdan hasil edilən mayenin və qazın nəqli üçün kəmərlərin çəkilməsi, eləcə də müvafiq texnoloji qovşaqların quraşdırılması nəzərdə tutulmuşdur. “Ümid” perspektiv strukturunda hasil olunacaq qazın və mayenin 82 saylı stasionar dəniz özülünə fasiləsiz nəql olunmasını təmin etmək üçün infrastrukturun yaradılması bu baxımdan həyata keçirilən vacib layihələrdəndir. Bu məqsədlə “Ümid-1" platformasından 82 saylı stasionar dəniz özülünədək 16 düyməlik qaz və 8 düyməlik maye kəmərlərinin çəkilişi layihələndirilmişdir. 2012-ci ildə ”Süleyman Vəzirov" borudüzən gəmisi vasitəsilə 18 kilometrlik qaz kəməri çəkilmiş və istismara verilmişdir. 2013-cü ildə və cari ilin əvvəllərində isə adıçəkilən gəmi vasitəsilə 18 kilomet uzunluğunda olan betonlu boru kəməri çəkilmiş, özülüstü qovşaq işləri aparılmış və digər tədbirlər başa çatdırılmışdır. Obyekt bu ilin aprel ayında istismara təhvil verilmişdir.
Ölkənin qaz təsərrüfatında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də yeraltı qaz anbarlarının tutumunun artırılması və qaz-kompressor stansiyalarının yenidən qurulması işləri ilə bağlıdır. Bu sahədə həyata kerilməsi nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası da 2 saylı tikinti-quraşdırma idarəsinə həvalə olunmuşdur. Hazırda inşaatçılar “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin sifariş etdiyi layihələrin icrası istiqamətində işləri davam etdirirlər. “Qaradağ” yeraltı qaz anbarında 2 saylı kompressor stansiyasının yenidən qurulması, adıçəkilən anbarda qazpaylama məntəqəsinin genişləndirilməsi, eləcə də yeni 14 quyuluq qazpaylama məntəqəsində əlavə 5 quyuluq monifold sisteminin artırılaraq genişləndirilməsi və şleyf xətlərinin çəkilməsi bu qəbildən olan işlərə aiddir. Bundan əlavə, inşaatçılar “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərinin kompleks əsaslı təmir işlərini, eləcə də “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarında bir sıra meydançalararası su və qaz xətlərinin çəkilişini ilin sonunadək başa çatdırıb sifarişçi təşkilata təhvil verməlidirlər. Bütövlükdə isə 2014-cü il ərzində kollektivin qarşısına ölkəmizin neft və qaz təsərrüfatı üçün son dərəcə vacib olan 14 tikinti və təmir obyektinin təhvil verilməsi kimi mühüm vəzifə qoyulmuşdur.
Göründüyü kimi, ölkəmizin neft-qaz sənayesinə mühüm töhfələr verən inşaatçılar dövlət qayğısından ruhlanaraq sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirirlər.Qaz təsərrüfatının infrastruktur imkanlarının artırılması isə əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatının yaxşılaşdırılmasına, eləcə də ölkəmizin ixrac potensialının genişləndirilməsinə gətirib çıxarır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.