“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul edilmişdir

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilmişdir.

Milli Məclisin sədri  Oqtay Əsədov iclası açdıqdan sonra Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra gündəlikdə duran “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə baxılmışdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, qanun layihəsi hazırlanarkən Maliyyə Nazirliyi, Hesablama Palatası ilə birlikdə Azərbaycanın makroiqtisadi göstəriciləri, 2013-cü ilin dövlət büdcəsinin və iqtisadi inkişafın əsas parametrləri təhlil edilmiş, son 10 ildə ölkəmizin sosial-iqtisadi həyatında baş verən dəyişikliklərə münasibət bildirilmişdir.

Qeyd edilmişdir ki, son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə artmışdır. Bu da dünyada baş verən proseslər fonunda ən yüksək artımdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artıq 150 milyard dolları keçmişdir. Son 5 il ərzində isə iqtisadiyyata 80 milyard dollardan çox investisiya yatırılmışdır. 2013-cü ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 73 milyard dollar təşkil etmişdir. 2008-ci ildə isə bu rəqəm 48,8 milyard dollar idi. Hazırda ölkədə adam başına düşən ümumi daxili məhsulun həcmi 7,8 min dollardır. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında ilk sıraları tutur. 2013-cü ildə ümumi daxili məhsulun bölüşdürülməsində dövlət büdcəsinin payı 33,8 faiz olmuşdur ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən birini təşkil edir.

Diqqətə çatdırılmışdır ki, artıq Azərbaycanda gündən-günə möhkəmlənən maliyyə bazası formalaşmışdır. İqtisadi inkişafımızın dinamikliyi dövlət büdcəsi gəlirlərinin də sabit yerinə yetirilməsinə imkan yaratmışdır. Vergilər Nazirliyinin xətti ilə qeyri-neft-qaz sektoru üzrə proqnozlar tamamilə icra olunmuşdur. Qeyri-neft-qaz sektoru üzrə gələn gəlirlər ümumi gəlirlərdə 56,5 faiz təşkil etmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2013-cü ildə dövlət büdcəsinin gəlir və xərclərini əhatə edən təhlillər haqqında danışmışdır. O bildirmişdir ki, ötən il də Azərbaycanda sürətli iqtisadi inkişaf davam etmiş, bir çox mühüm layihələr və proqramlar uğurla icra edilmişdir.

Dünya ölkələrinin iqtisadi böhranın təsiri və dəyişkən makroiqtisadi şəraitdə yaranan risklərlə mübarizə apardığı bir dövrdə Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 5,8 faiz real iqtisadi artım tempinə nail olunmuşdur.

V.Gülməmmədov demişdir ki, əldə olunan nəticələr “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində mühüm addımlar atıldığını göstərir. 2013-cü ildə büdcə gəlir və xərclərinin ümumi daxili məhsulda faiz nisbəti Avropa üzrə orta göstəricilərə yaxın olmuşdur.

Ötən ilin dövlət büdcəsinin icrası haqqında məlumat verən maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2013-cü ilin dövlət büdcəsi uğurla icra olunmuşdur.

Azərbaycanda davam edən iqtisadi inkişafdan danışan nazir vurğulamışdır ki, 2013-cü ildə dövlət və icmal büdcə göstəricilərinin artım dinamikası təmin edilməklə ölkənin iqtisadi potensialının gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi imkanları genişlənmişdir. Ötən il dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon manat proqnoza qarşı 19 milyard 496 milyon manat və ya 101,8 faiz icra olunmuşdur. Bu isə 2012-ci ilin göstəricisindən 12,8 faiz çoxdur. Dövlət büdcəsi gəlirlərinin 58,2 faizi Dövlət Neft Fondundan transferin, 34,2 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 7,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşür.

Nazir demişdir ki, hesabat ilində iqtisadiyyatın qeyri-neft sektorunda inkişafı daha yüksək sürətə malik olmaqla bu sektorda əlavə dəyərin 10 faizlik artımı təmin edilmişdir. Onun ümumi daxili məhsulda xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz artaraq 56,6 faizədək yüksəlmişdir. Ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard dolları ötmüşdür ki, bu da dövlətin xarici borcundan 9 dəfə çoxdur. Ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər 6,6 faiz artaraq istehlak qiyməti indeksini 4,2 faiz üstələmişdir. Ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sosial sahədə də müsbət irəliləyişə nail olunmuşdur. Hesabat ilində dövlət büdcəsi xərclərinin 25,6 faizi sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.

Nazir bildirmişdir ki, aqrar sahənin inkişafı, maddi-texniki bazanın yaxşılaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmini dövlət büdcəsinin prioritetlərindən biri olmuşdur. Belə ki, kənd və meşə təsərrüfatlarının inkişafına, balıqçılıq və ovçuluq, ətraf mühitin mühafizəsi istiqamətində 832 milyon manat xərclənmişdir ki, bu da 2012-ci ilin göstəricisindən 49 milyon manat çoxdur.

İclasda, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilmişdir.

Bundan başqa, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə qanun layihələri də nəzərdən keçirilmişdir.

İclasda müzakirə edilmiş bütün qanun layihələri qəbul olunmuşdur.

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında