“Asan imza” mobil elektron imza xidməti üçün qiymətlər bir ay müddətinə endirilmişdir

Bu  ilin may ayından “Asan imza” mobil elektron imza xidməti üçün tariflərin endirilməsi ilə bağlı yeni kampaniya başlamışdır. Elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan “Asan İmza”nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən “Asan imza” mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib. Kampaniya 16 may 2014-cü il tarixdən etibarən başlayır. “Asan imza” mobil elektron imza xidməti üçün yeni tariflər bir ay ərzində qüvvədə olacaq.

Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları “Asan imza” mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə - 18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. “Asan imza” mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40 faiz, hüquqi şəxslər üçün 90 faiz və dövlət qulluqçuları üçün 80 faizə qədər təşkil edir.

Xüsusilə vurğulanmalıdır ki, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün “Asan imza” mobil elektron imza üçün sertifikat ödənişsiz əsaslarla təqdim edilir. Bundan əlavə, “Asan imza” mobil elektron imza istifadəçisi bir neçə hüquqi şəxsi təmsil etdikdə, bütün hüquqi şəxslər üçün bir “Asan imza” SIM kartına sahib olması kifayət edir.

 “Asan imza” mobil elektron imza Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun gələn yeganə mobil elektron imzadır. Hazırda “Asan imza” mobil elektron imza istifadəçiləri üçün Elektron Hökumət portalında - www.e-gov.az (320-yə yaxın xidmət), Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron xidmətlər portalında - www.e-taxes.gov.az (50-yə yaxın xidmət), “Hesab.az” internet-ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin “Asan imza” vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı xidməti istifadəçilər arasında xüsusi populyarlıq qazanmışdır.

Cari ilin iyun ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində “Asan imza”nın tətbiqinə başladığından, yeni istifadəçilərə yeni tariflərlə “Asan imza” mobil elektron imzanı əldə etmələri üçün tələsmək məsləhət görülür. Əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydaları qanunsuz məşğulluqla mübarizə çərçivəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə işlənib hazırlanmışdır. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə “Asan imza” vasitəsilə bütün hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar ƏƏSMN-nin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil edəcəklər. Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əmək haqqı ilə bağlı arayışların alınması asanlaşacaqdır. Arayışda faktiki əmək haqqı ilə bağlı informasiya əks olunacaqdır ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirmiş olacaqdır.    

“Asan imza” mobil elektron imzanın bütün istifadəçiləri üçün həm dövlət, həm də özəl sektorda yeni xidmətlər təqdim ediləcəkdir. “Asan imza” mobil elektron imzanın Azərbaycanın aparıcı banklarının internet və mobil bankçılıq sisteminə inteqrasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. “Asan imza” mobil elektron imza istifadəçiləri birbaşa olaraq, mobil telefondan bütün bank əməliyyatlarını (öz maliyyə vəsaitləri ilə bağlı qısa məlumatı almaq, hesab qalığını öyrənmək, istənilən bank müqavilələrini bağlamaq, bank kartının limitini müəyyənləşdirmək, kredit və lizinqlə bağlı ərizə vermək, sığortanı və b. rəsmiləşdirmə əməliyyatlarını) asan, sadə və təhlükəsiz şəkildə, istənilən yerdə həyata keçirə biləcəklər.

“Asan imza” mobil elektron imza - telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” mobil elektron imza texnologiyasının əsas üstünlükləri smart kartın oxunması və proqram təminatı üçün əlavə qurğuların istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imzanın rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. 

Dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarına, hüquqi və fiziki şəxslərə “Asan imza” mobil elektron imza üçün təkmil sertifikatlar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

 

V.BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında