Neft və qaz hasilatının artırılması üçün yeni quyular qazılır

Müstəqilliyinin bərpa olunmasından ötən dövr ərzində sürətli inkişaf dövrü keçmiş Azərbaycan Respublikası yüksək nailiyyətlərə imza atmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Ulu öndərin müəllifi olduğu neft strategiyasının icraçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir. Yeni yataqların açılması və istismarı sayəsində ölkəmizin enerji ehtiyatları artır, bununla da, Azərbaycanın ixrac imkanları genişlənir. 

Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkədə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ən son texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir. Bütövlükdə isə son illər modern, dünya səviyyəli bir şirkətə çevrilmiş ARDNŞ-in uğurlarından yeraltı zənginliyə yol açan fədakar qazmaçılara da xüsusi pay düşür.

Hazırda şirkətin Kompleks Qazma İşləri Tresti ölkəmizin quru və dəniz əraziləri üzrə 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyalardan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat  və istismar qazma işləri aparır. Qazma işləri Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.

Trestin kollektivi sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ölkəmizdə  neft-qaz hasilatının sabit saxlanılması məqsədilə istismar və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi sahəsində Dövlət Neft Şirkətinin  strukturuna daxil olan böyük elmi potensiala malik idarələrlə sıx əməkdaşlıq edir. Dövlət Neft Şirkəti rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Məhz bunun nəticəsidir ki, ötən hər bir il kollektiv üçün xüsusi nailiyyətlərlə yadda qalır. Bu baxımdan 2013-cü ili yüksək texniki-iqtisadi göstəricilərlə yola salan qazmaçılar cari il üçün də növbəti uğurların təməlini qoymuşlar. Belə ki, Kompleks Qazma İşləri Trestinin kollektivi 2014-cü ilin birinci rübündə ölkəmizin quru və dəniz sahələrində 27 min 437 metr qazma işi həyata keçirmişdir. Yanvar-mart ayları ərzində trest üzrə 22 quyunun qazılmasına  başlanılmış, 20 quyuda qazma işləri başa çatdırılmış, 19 quyu isə sifarişçiyə təhvil verilmişdir.

Bu yaxınlarda “Bulla-dəniz” yatağındakı 122 saylı özülün birinci istismar quyusunda qazma dəzgahı işə salınmışdır. Mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyində təmsil olunan digər  nümayəndələr iştirak etmişlər. Xatırladaq ki, 2013-cü ilin noyabr ayından etibarən ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşasına başlanılan 122 saylı stasionar dəniz özülünün tikintisi şirkətin “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilmişdir. Yeri gəlmişkən, Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında layihə dərinliyi 6 min metr olan quyuda yaxın günlərdə qazma işlərinin başlanması planlaşdırılır. Quyu məhsuldar qatın VIII horizontuna layihələndirilmişdir.  Bundan əlavə, “Ağburun-dəniz” sahəsində “Xəzər-6" üzən qazma qurğusundan 1 saylı axtarış quyusunun qazmasına başlanılmışdır. Məlumat üçün bildiririk ki, ”Ağburun-dəniz" strukturunun kəsilişinin öyrənilməsi, kollektorluq və neft-qazlılığın qiymətləndirilməsi məqsədilə layihə horizontu məhsuldar qatın Qırməki altı lay dəstəsi olan  1 saylı axtarış quyusu 1250 metr dərinliyinə layihələndirilmişdir.  

Kompleks Qazma İşləri Trestinin kollektivi strateji əhəmiyyətli “Günəşli” yatağında da qazma işlərini sürətlə davam etdirir. Hazırda həmin yataqdakı 10, 14 və 19 saylı özüllərdə müvafiq olaraq 341, 343 və 37 saylı quyularda qazma işləri aparılır. Bununla yanaşı, yaxın günlərdə 8 saylı özüldən 34 saylı istismar quyusunun qazılmasına başlanması planlaşdırılır.

Qeyd etdiyimiz kimi, kollektivin qazma işləri apardığı sahələrdən biri də “Darvin bankası” yatağıdır. Ötən müddətdə 620 saylı meydançada nəzərdə tutulan 20 quyunun qazılması başa çatdırılmışdır.  Gələcəkdə  740 saylı meydançadan 8 quyunun qazılması planlaşdırılır. Həmin quyulardan birincisinin qazılmasına isə (738 saylı) yaxın vaxtlarda başlanacaqdır.

Azərbaycan neftçiləri tərəfindən kəşf edilib istismara verilmiş zəngin qaz-kondensat yatağı olan “Ümid”də ilk kəşfiyyat quyusu  da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılmışdır. Onu da qeyd etmək lazımdır ki, “Ümid” yatağının istismara verilməsi, hər şeydən əvvəl, ölkəmizin iqtisadi qüdrətinin təntənəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünya səviyyəli bir şirkətə çevrilməsinin məntiqi nəticəsidir. Dövlət Neft Şirkətinin gücü ilə inşa olunmuş unikal “Ümid-1" platformasından  10 nömrəli kəşfiyyat quyusunda qazma işləri 2012-ci ilin yayında-vaxtından dörd ay əvvəl başa çatdırılmışdır. Həmin quyunun qazılmasında dünya üzrə qazma sahəsində mövcud olan ən son mütərəqqi texniki və texnoloji yeniliklərdən istifadə edilmişdir. Bunlardan karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri və bisentrik baltaları xüsusilə qeyd etmək lazımdır.  6400 metr dərinliyədək qazılmış quyu layihə horizontu olan məhsuldar qatın VII horizontunu tam açaraq öz geoloji vəzifəsini də yerinə yetirmişdir. Yeri gəlmişkən, 2012-ci  il iyun ayının 8-də perforasiya olunan və mənimsənilən  10 nömrəli ikinci quyunun gündəlik hasilatı  bir milyon 200 min kubmetr qaz və 150 ton kondensat həcmindədir. Bu quyunun məlumatları ”Ümid" yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu və “Şahdəniz” yatağından sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha əyani şəkildə sübut edir. Məlumat üçün bildiririk ki, hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Ötən müddətdə, həmçinin “Ümid-1" platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilərək istismara verilmişdir. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi ”Ümid"də qazanılmış bu nailiyyət Azərbaycan neftçilərinin daha bir mühüm uğuru kimi tarixə düşmüşdür.

Son illər ölkə əhalisinin payız-qış mövsümlərində “mavi yanacaq”la təminatının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Dövlət Neft Şirkəti tərəfindən bu məqsədlə hazırlanmış tədbirlər proqramına əsasən, ölkə ərazisində fəaliyyət göstərən Qalmaz və Qaradağ yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsinin “Qalmaz” və “Qaradağ” sahələrində yeni quyuların qazılması davam etdirilir.  ARDNŞ-in bu məqsədlə hazırladığı xüsusi tədbirlər proqramına əsasən, 2014-cü ilin üç ayı ərzində  “Qalmaz” sahəsində 630 və 627, “Qaradağ”  sahəsində isə 469 və 480 saylı quyular qazılıb istismara verilmişdir. Hazırda  “Qalmaz” sahəsində 636 və “Qaradağ”  sahəsində 478 saylı quyularda qazma işləri uğurla davam etdirilir.

Azərbaycan Respublikası Dövlət  Neft  Şirkəti regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində geniş miqyaslı tikinti-quraşdırma və abadlıq işləri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında təcili həllini gözləyən qaz təchizatının sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər bu baxımdan diqqəti  cəlb edir. Yeri gəlmişkən, muxtar respublikada yeraltı qaz anbarının yaradılması qaz təchizatının əsaslı surətdə yaxşılaşdırılması ilə yanaşı, bir sıra vacib sosial problemlərin həllinə də öz müsbət təsirini göstərəcəkdir. Ötən müddətdə Naxçıvan Muxtar Respublikasının “Nehrəm” duz yatağı bazasında yeraltı qaz anbarının yaradılması məqsədilə “Tumbul” sahəsində 1 və 2 saylı kəşfiyyat quyularında qazıma işləri başa çatdırılmışdır. Hazırda 4 saylı kəşfiyyat quyusunda isə qazma işləri müvəffəqiyyətlə davam etdirilir.

Müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan istifadə edən trestin kollektivi 2014-cü ilin qalan dövrü ərzində də ölkənin dəniz və quru sahələrində axtarış və istismar qazma işlərini müvəffəqiyyətlə davam etdirmək məqsədilə bütün imkanları səfərbərliyə almışdır.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında