Naxçıvan Muxtar Respublikasında aqrar müşavirə keçirilmişdir

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. 2013-cü ildə muxtar respublika üzrə 109 min 468 ton dənli və dənli paxlalılar, 66 min 497 ton tərəvəz, 43 min 276 ton meyvə və 41 min 297 ton kartof istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da artım olmuş, ümumilikdə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 337 milyon 127 min manatdan artıq olmuşdur. Hazırda muxtar respublika üzrə 29 min 698 hektar sahə payızlıq taxıl əkini altındadır. Təkcə ötən il sahibkarlara 14 milyon 700 min manatdan artıq kredit verilmişdir.

Qeyd olunmuşdur ki, əldə edilmiş bütün nəticələr muxtar respublikada kənd təsərrüfatı sahəsində yaradılmış əlverişli şəraitin nəticəsində mümkün olur. Cari ilin ötən dövründə “Azərbaycan” nasos stansiyasından Kəngərli rayonunun Böyükdüz kəndinin ərazisini əhatə edən boru xəttinin və Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılmış, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 40 km uzunluğunda boru xəttinin çəkilişi davam etdirilir. Görülmüş tədbirlər nəticəsində Sədərək rayonunda 1500, Kəngərli rayonunda isə 4000 hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək demişdir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazaları üçün inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Fəaliyyəti dövründə cəmiyyətin xətti ilə muxtar respublikaya 1383 ədəd texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan 996 ədədi lizinq yolu ilə sahibkarlara satılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Kənd təsərrüfatı iqtisadi fəaliyyətin aparıcı sahəsi kimi muxtar respublikamızda qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş birinci və ikinci dövlət proqramları, kartofçuluğun inkişafı, eləcə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası daha böyük nəticələrin əldə olunmasına şərait yaradıb. Həyata keçirilən tədbirlər artıq öz nəticələrini göstərməkdədir. Ötən il kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalında 7 faiz, əkinçilikdə isə 8 faiz artıma nail olunmuşdur. Lakin bunlar arxayınçılıq üçün əsas yaratmamalıdır. Kənd təsərrüfatına diqqət artırılmalıdır. Ona görə ki, bu sahə bir tərəfdən əhalinin ərzaq təminatını ödəyirsə, digər tərəfdən ildən-ilə artan yeni emal müəssisələrinin xammalla təmin olunması və muxtar respublikanın ixrac potensialının artırılması üçün geniş imkanlar yaradır. Qeyd olunan sahələrdə fəaliyyətin gücləndirilməsi, eləcə də yaz-tarla işlərinin başlanması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulu istehsalçıları, həmçinin bu sahənin inkişaf etdirilməsinə cavabdeh dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr dayanır.

Ali Məclisin sədri müşavirədə aidiyyatı orqanlara tapşırıqlar vermişdir.

Ali Məclisin sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına, təmir sexinə, gübrə və ehtiyat hissələr anbarlarına baxmışdır.

***

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına gəlmiş, əkin sahələrinə baxmışdır.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, yardımçı təcrübə təsərrüfatının sahəsi 70 hektardır. Bu ilin məhsulu üçün şırım üsulu ilə 41,1 hektarda payızlıq taxıl əkini aparılmışdır. Səpin zamanı məhsuldar buğda və arpa sortlarından istifadə olunub. Həmçinin 9 hektarda “Santa” sortlu kartof, 16 hektarda yonca, 1 hektara yaxın ərazidə isə bostan məhsulları əkilmişdir. Birliyin nəzdində 25 texnika var. Əkin və becərmə işlərinin həyata keçirilməsində texnikadan səmərəli istifadə olunur.

Ali Məclisin sədri əkin zamanı yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə üstünlük verilməsi, torpaq mülkiyyətçiləri və fermerlərlə kənd təsərrüfatı bitkilərinin əkin və becərilmə qaydaları haqqında söhbətlərin aparılması, seminarların və rayonlarda səyyari yığıncaqların keçirilməsi, mütərəqqi əkin üsullarının izah edilməsi, qeyd olunan məsələlərlə bağlı kitabçaların hazırlanıb paylanılması, yardımçı təcrübə təsərrüfatında yerli sortlarından ibarət meyvə bağının salınması barədə müvafiq tapşırıqlar vermişdir.

 

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında