Bu gün Azərbaycanda əsas vəzifə iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə mühüm əhəmiyyət verilir. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Biz həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq...".
Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluğun azaldılması ilə bağlı müsbət göstərici əldə edilmişdir - 11 faiz. Bununla belə dövlət həmin təbəqədən olan insanlara daim öz qayğısını göstərir, minimum əmək haqqı və pensiyanın qaldırılmasında, sosial müdafiə işlərində çox mühüm addımlar atır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, cari ilin iyul ayının 1-i vəziyyətinə ölkə üzrə 294,7 min nəfər sosial müavinətlər almışdır. Yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 93,4 min nəfər, ailə başçısının itirilməsinə görə - 34,3 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı isə 58,1 min nəfər təşkil etmişdir.
Əmək pensiyasını almaq hüququ olmayan 56,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 489 nəfər zərərçəkənlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 902 nəfər qəyyumlarına, eləcə də 11,1 min ailəyə 22,5 min uşaq üçün müavinət verilmişdir. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları almışlar. Bundan əlavə, 51,1 min nəfərə, o cümlədən 45 min uşağın doğulmasına görə 4,6 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan 952 nəfərə və həyatını itirmiş 970 nəfərin dəfni üçün birdəfəlik müavinət verilmişdir.
Azərbaycan Respublikası qarşısında göstərdiyi xüsusi xidmətlərə görə 33,5 min nəfər təqaüd almışdır.
Ölkədə 133 min ailənin 603,3 min nəfər üzvü ünvanlı dövlət sosal yardımı almış, yardımın 1 nəfərə düşən orta aylıq məbləği 24,90 manat təşkil etmişdir.
Ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti altında özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə siyasətində də mühüm uğurlar əldə edilmişdir. Belə ki, büdcədə tətbiq edilən makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakını, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsini və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir.
Ölkənin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin nə dərəcədə ciddi rol oynadığının əlavə şərhinə ehtiyac yoxdur. Son illər büdcə sisteminin formalaşması və inkişafı istiqamətində xeyli müsbət dəyişikliklər baş vermişdir. Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin təkmilləşməsi, zəruri ehtiyaclar üçün maliyyə mənbələrinin səfərbər edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla bərabər yeni vəzifələr maliyyə sistemi qarşısında da müvafiq tələblər qoyur.
Azərbaycanda bu gün effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Belə halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilirlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir.
İqtisadi inkişafımızın dinamikası son illər Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyindən xəbər verir. Bu barədə Prezident İlham Əliyev demişdir: "Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır. Bu siyasət davam etdirilir və ona alternativ siyasət yoxdur. Alternativ siyasət aparmaq istəyənlər iflasa uğradılar. Həm özlərini, həm də ölkəmizi uçurum kənarına gətirib çıxardılar. Biz buna yol verə bilmərik. Azərbaycanın qarşısında gözəl perspektivlər var. Çox aydın üfüqlər var..."
Azərbaycanda maliyyə bazarının təkmilləşdirilməsi də uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.
İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında demişdir: "Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.
Bu gün isə maliyyə imkanlarımız məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxil sərmayələrdir, həm də dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır".
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. Buna görə də Azərbaycan Respublikası XXI əsrə bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlərlə qədəm qoymuşdur.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, yerli və xarici investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.