Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı, yüksəlişi ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Keçən əsrin 70-ci ilinədək SSRİ məkanında axırıncı yerlərdən birini tutan Azərbaycan Respublikası bu dahi insanın titanik əməyi sayəsində müstəsna nailiyyətlər əldə edib. Xalqının, dövlətinin bu günü və sabahı ilə yaşayan ulu öndər respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə - 1969-1982-ci illərdə suvarılan torpaqların sahəsi 1,5 dəfə artıb, 600 min hektar sahədə kompleks meliorasiya işləri görülübdür. 13 il ərzində bu uzaqgörən siyasətçinin xalqına olan tükənməz sevgisi, şəxsi təşəbbüsü və gərgin əməyi sayəsində meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına kapital qoyuluşu Sovetlər ölkəsinin əvvəlki 50 ildə qoyduğundan 2 dəfə çox olubdur.
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi. Bunun ardınca 1970-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin və kənd təsərrüfatının inkişafına dair iki qərar qəbul etdilər. Həmin qərarlar müvəffəqiyyətlə yerinə yetirildi.
Bundan 5 il sonra isə Heydər Əliyevin təklifi əsasında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının daha da inkişaf etdirilməsi məsələsinə keçmiş SSRİ rəhbərliyi tərəfindən yenidən baxılmış və 1975-ci il iyulun 9-da geniş qərar qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir respublikada bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük, əhatəli qərarlar çox nadir hallarda verilirdi. Bu qərarın qəbul edilməsi yalnız möhtərəm Heydər Əliyevin qətiyyətinin, nüfuzunun bilavasitə nəticəsi idi. Bu qərarda 5 il ərzində Azərbaycanda yerinə yetirilməsi nəzərdə tutulan böyük bir proqramın icrası üçün bütün məsələlər öz əksini tapmışdır.
Həmin tarixi qərarın bəzi məqamlarını xatırlamaq yerinə düşər. Lakin bundan əvvəl, demək istəyirəm ki, keçmiş müttəfiq respublikalar üzrə belə irihəcmli qərar heç vaxt qəbul edilməyibdir. Ancaq ulu öndər Heydər Əliyev o zaman Azərbaycana rəhbərlik etdiyi dövrdə bir neçə belə qərar çıxarılıbdır. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi hökumətin müvafiq qərarları olubdur. İndi deyəcəyim faktlar Heydər Əliyev dühasının möhtəşəmliyini bir daha göz önünə gətirəcəkdir.
Birinci növbədə, kənd təsərrüfatı kompleksinin inkişafı üçün SSRİ büdcəsindən 1,1 milyard manat həcmində vəsait ayrıldı. Bu, o zamanın qiymətləri ilə müqayisədə indi 2 milyard dollara yaxın vəsait idi. Meliorasiya işlərinə 910 milyon manat vəsait nəzərdə tutulmuşdu. Bu da hardasa 1,4-1,5 milyard dollar edirdi. Həmin vəsaitlə 45 min hektar suvarılan, 150 min hektar isə meliorativ cəhətdən yaxşılaşdırılan torpaq sahələrinin istifadəyə verilməsi planlaşdırılırdı. Kəndlərdə 276 min yerlik məktəblərin, 10 min yerlik internat məktəblərinin tikintisini planlaşdıran həmin qərarla respublikamıza 17 min 500 traktor, 13 min 800 yük maşını, 1600 ekskavator, 1500 buldozer və yüzlərlə digər maşın-mexanizm verilmişdi. Bunlardan əlavə, Şəmkir Su Elektrik Stansiyasının tikintisi barədə də qərar qəbul olunmuşdur.
1975-ci ilin qərarına əsasən, Azərbaycanda beş il ərzində 26 böyük su təsərrüfatı obyektinin tikilməsi planlaşdırılmışdı. Məhz həmin illərdə çayların su ehtiyatından səmərəli istifadə etmək məqsədilə respublikamızda Araz, Sərsəng, Arpaçay, Yuxarı Xanbulançay, Aşağı Köndələnçay, Madagiz, Zoqolovoçay, Viləşçay su anbarları və digər obyektlər tikilib istifadəyə verilmiş, sonrakı illərdə inşası nəzərdə tutulan meliorasiya və su təsərrüfatı obyektlərinin layihə-axtarış işlərinə başlanmışdır. Onları saymaqla qurtaran deyil.
Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə demişdir: “Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə aparılmasına yönəldilməli, istifadə olunmalıdır...”. Dahi rəhbərin bu göstərişini layiqincə həyata keçirən aqrar sektorun əməkçiləri xalq təsərrüfatının bu mühüm sahəsində 1970-1982-ci illərdə misli görünməmiş böyük nailiyyətlər əldə etmişlər. 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə, inqilabdan əvvəlki dövrə nisbətən isə 9 dəfə artmışdır. Bu göstəricilərin əldə olunmasında meliorasiya və su təsərrüfatı işçilərinin də əməyi böyükdür.
1982-ci ildə 1969-cu ildəki 573,9 min ton əvəzinə, 1211,3 min ton taxıl, 299,4 min ton əvəzinə, 558,9 min ton pambıq, 272 min ton əvəzinə, 1815,6 min ton üzüm, 372 min ton əvəzinə, 916,7 min ton tərəvəz, 24,5 min ton əvəzinə, 57 min ton tütün, 52,2 min ton əvəzinə, 345 min ton meyvə və giləmeyvə istehsal olunmuşdur.
1969-1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, pambıq üzrə 1,8 dəfə, tütün üzrə 2 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvə üzrə 1,4 dəfə, üzüm üzrə 2 dəfə, çay yarpağı dərimi üzrə 2,3 dəfə çox olmuşdur. Respublikada üzümçülüyün inkişafında daha böyük nailiyyətlər əldə edilmişdir. Üzüm istehsalında ölkəmizin xüsusi çəkisi keçmiş İttifaqda 1969-cu ildəki 6,5 faiz əvəzinə, 1982-ci ildə 23,2 faizə bərabər olmuşdur.
Ulu öndər 1982-1987-ci illərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən də respublikamızı xüsusi nəzarətdə saxlamış, ən vacib əhəmiyyət kəsb edən obyektləri vaxtında maliyyələşdirilməsində əməli köməyini göstərmişdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olduğu müddətdə Heydər Əliyev işgüzarlığı, səmimiyyəti, bacarığı sayəsində böyük hörmət qazanmışdı. Ermənipərəst Qorbaçov bundan ehtiyatlanır, vahiməyə düşür və belə yüksək nüfuz sahibinin ətrafında olmasını istəmirdi.
Buna görə də Azərbaycana böyük bir yoxlama briqadası göndərdi, Heydər Əliyevin əleyhinə faktlar toplamağa başladı. Lakin istəyinə çatmadıqda xəyanətkar erməniləri hərəkətə gətirdi. Artıq səmərəli işləməyin mümkün olmadığını görən ulu öndərimiz 1987-ci il oktyabr ayının 25-də vəzifəsindən istefa verdi. Heydər Əliyev siyasi hakimiyyətdən gedəndən 15 gün sonra ermənilər Azərbaycana qarşı torpaq iddialarını qaldırdılar. Bundan çox keçməmiş Qorbaçovun əlaltısı, akademik Aqanbekyan Fransanın paytaxtı Parisdə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşdirmək haqqında ermənilərin iddiasını bütün dünyaya bəyan etdi.
O vaxtdan da separatizm hərəkatı SSRİ-ni daxildən dağıtmağa başladı. Moskvanın riyakar siyasəti nəticəsində respublikamızda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşdı, ölkəni məqsədyönlü idarə etmək çətinləşdi. Təkcə bir faktı qeyd etmək istəyirəm: rəhbərlik etdiyim sahədə 1987-ci ildə 155 obyektin tikintisi aparılırdı. Onların bir hissəsinin inşası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində, bir hissəsi isə Moskvada işlədiyi dövrdə onun şəxsi nəzarəti altında plana salınmışdı. Vayxır Su Anbarı, Mil-Muğan kollektoru, Əzizbəyov kanalı, Baş Mil kanalı kimi nəhəng obyektlərin və digərlərinin tikintisi dayandırıldı. Nə yaxşı ki, tənəzzül dövrü uzun sürmədi. Qədirbilən xalqımızın təkidi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyevin respublikamıza rəhbər qayıtması, tarixi zərurət nəticəsində əsrin əvvəllərindəki müstəqilliyini bərpa etmiş Azərbaycanı tamamilə məhv olmaqdan xilas etdi.
Demək lazımdır ki, o vaxt ölkəmizin iqtisadiyyatı tamamilə dağılmışdı, hər yerdə təsərrüfatsızlıq, özbaşınalıq hökm sürürdü. Müdrik rəhbərin qayıdışı, həyatın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinin də yenidən dirçəlməsinə əlverişli şərait yaratdı. Bu sistemdə o vaxt 679 min kilovat-saatlıq güc aqreqatları, 13 min nasos vardı və bunların hesabına 1 milyon 450 min hektar sahə suvarılırdı. 1993-1994-cü illərdə ölkədə maliyyə vəsaiti çatışmırdı. Ümummilli liderin tapşırığı əsasında Nazirlər Kabinetinə bir arayış təqdim etdik ki, heç olmasa, vacib obyektləri müəyyənləşdirərək, bunların tikintisinə xarici sərmayəni və daxili imkanları cəlb edək. 11 obyekt seçildi. Onlardan üçünün ilk növbədə tikilməsi vacib sayıldı. Bunun biri, Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması idi ki, bu da Azərbaycanın şimal zonası və Bakı və Sumqayıt şəhərlərinin su təchizatı üçün əsas rol oynayırdı. İkincisi, Mil-Muğan kollektoru, üçüncüsü isə, Vayxır su anbarı idi. Son iki obyektin təməli Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulmuşdu.
Ulu öndər Heydər Əliyevin köməyi ilə İslam İnkişaf Bankından alınmış kreditlər hesabına Mil-Muğan kollektorunun və Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulmasına başlanıldı. Az sonra Avropa Birliyinin ayırdığı 1,5 milyon dollar həcmində kreditlə Vayxır su anbarının da inşası bərpa olundu. Bütün bu işlər ölkədə vəsait çatışmazlığının kritik dövründə ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu, hörməti sayəsində reallaşa bilmişdir.
Ölkəmizin ərazisində kənd təsərrüfatına yararlı olan 4,5 milyon hektar sahənin 3,2 milyon hektarı suvarmanın aparılmasını tələb edir. Kifayət qədər su ehtiyatı olmadığına görə, hazırda suvarılan torpaqların ümumi sahəsi 1 milyon 450 min hektardır ki, bunun da 75 faizi Kür-Araz düzənliyindədir. 130 min hektar suvarılan torpağımız isə işğal altındadır. Respublikamızdakı mövcud suvarma sistemlərindən-ümumi uzunluğu 51755 kilometr olan kanallardan, 29640 kilometr olan kollektor, su toplayıcı və drenlərdən, bu sistemlərdəki 118 min müxtəlif təyinatlı hidrotexniki qurğulardan, istismarda olan 910 ədəd nasos stansiyalarından, 7352 ədəd subartezian quyularından, ümumi su tutumu 21, 5 kubkilometr həcmində olan 135 su anbarından, müxtəlif konstruksiyalarda tikilmiş 14 hidroqovşaqdan, Kür, Araz və digər daşqın törədən çayların sahillərində salınmış 1700 kilometr uzunluğunda mühafizə bəndlərindən və digər qurğulardan səmərəli istifadə edilir. Meliorasiya və su təsərrüfatı sahəsində istismar olunan obyektlərin böyük bir hissəsi Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə yaradılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun “Azdövsutəslayihə” 80 illik fəaliyyəti dövründə ən yüksək inkişafı ulu öndərimiz Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu illərə təsadüf edir.
“Azdövsutəslayihə” İnstitutunda 1982-ci ildə 1600 əməkdaş çalışırdı. 1930-cu ildən bəri meliorasiya və su təsərrüfatı sahəsində tikilmiş irriqasiya və kollektor-drenaj şəbəkələrindəki hidrotexniki qurğuların, bütün su anbarlarının, mexaniki suvarma məqsədilə inşa olunmuş nasos stansiyalarının, yeraltı sulardan suvarmada və məişətdə istifadə məqsədilə qazılmış subartezian quyularının, Araz, Kür və digər təhlükəli daşqın müşahidə edilən çayların sahillərində salınmış mühafizə bəndlərinin, çaylar üzərində yaradılmış hidroqovşaqların və digər aidiyyatı tikintilərin, demək olar ki, hamısının layihə sənədləri müxtəlif vaxtlarda burada çalışan mütəxəssislər tərəfindən işlənib hazırlanmışdır.
Ulu öndərimiz Heydər Əliyevin milli kadrların hazırlanması sahəsində apardığı uzaqgörən siyasəti, bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də öz bəhrəsini verib. Səhmdar cəmiyyətin fəaliyyəti dövrü araşdırılarkən məlum oldu ki, 1970-ci ilə kimi respublika ərazisində tikilmiş meliorasiya və su təsərrüfatı obyektlərinin, demək olar ki, əksəriyyətinin layihə müəllifləri qeyri-azərbaycanlı mütəxəssislər olub. 1980-ci ildən sonra isə respublikamızda tikilmiş və tikilməkdə olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihə müəllifləri Heydər Əliyev məktəbindən bəhrələnmiş milli kadrlardır.
Ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə meliorasiya və su təsərrüfatı tikintilərinin layihələndirilməsində qazanılmış zəngin iş təcrübəsi, yüksək ixtisaslı kadrlarımızın xarici dövlətlərə dəvət almasına və bu ölkələrdə layihə-axtarış işlərində fəal iştirakına imkan yaratmışdır. Meliorasiya və su təsərrüfatı obyektlərində layihə-axtarış işlərinin hazırlanmasına yardım etmək üçün institutun əməkdaşları Yəmən Xalq Demokratik Respublikasına, Yəmən Ərəb Respublikasına, Kuba Respublikasına, Əlcəzair Xalq Demokratik Respublikasına, Mozambik Xalq Respublikasına, İraq Respublikasına, Suriya Ərəb Respublikasına, Anqola Xalq Respublikasına, İran İslam Respublikasına və digər ölkələrə göndərilmişlər. Fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən “Azdövsutəslayihə” institutu 1983-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə “Şərəf Nişanı” ordeninə layiq görülmüşdür.
Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik, - deyən ümummilli liderimiz Heydər Əliyev respublikada ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizin siyasi və iqtisadi həyatında mühüm əhəmiyyətli dəyişikliklər baş vermiş, bütün sahələrdə islahatların həyata keçirilməsi sürətləndirilmişdir. O cümlədən, aqrar sahədə də aparılan köklü islahatlar kənd təsərrüfatı məhsulları istehsalının artmasına, onun ziyanla işləyən bir sahədən aparıcı sahəyə çevrilməsinə şərait yaratmışdır. Müstəqillik illərində meliorasiya və su təsərrüfatı işlərində də əsaslı dönüş yaranmış, müəyyən nailiyyətlər əldə edilmiş, sahənin inkişafını daha dayanıqlı etmək üçün islahatlara geniş meydan verilmişdir.
Ölkəmizdə meliorasiya və irriqasiya işlərinin təməli keçən əsrin əvvəllərində qoyulsa da, onun əsas inkişafı möhtərəm Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə sahə üzrə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Həmin illərdə iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj şəbəkələri, nasos stansiyaları, digər meliorasiya və su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir.
Bir daha xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev hakimiyyətə qayıdanda meliorasiya və su təsərrüfatında əsl böhran vəziyyəti hökm sürürdü, böyük zəhmət və külli miqdarda vəsait hesabına, on illər ərzində yaradılmış qurğu və sistemlər qəza vəziyyətinə düşmüşdü. Bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.
MDB ölkələri arasında ilk dəfə Azərbaycanda meliorasiya sahəsində fəaliyyətin hüquqi əsasını müəyyən edən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 1996-cı il sentyabrın 14-də qüvvəyə mindi. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Su Məcəlləsi isə 26 dekabr 1997-ci ildə qəbul edildi.
Meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına ulu öndərimiz Heydər Əliyevin göstərdiyi diqqət və qayğını bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Əsası ümummilli liderimiz tərəfindən qoyulan layihələr müvəffəqiyyətlə başa çatdırılır. Ölkəmizin iqtisadi qüdrəti nəzərə alınaraq Taxtakörpü və Şəmkirçay su anbarları kimi irimiqyaslı layihələrin tikintisinə başlanılıb. Heydər Əliyevin banisi olduğu Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsi də bu yaxınlarda uğurla başa çatdırılmışdır.
Çox fərəhli haldır ki, 1969-1982-ci illərdə və müstəqilliyimizin ilk vaxtlarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş meliorasiya və su təsərrüfatı layihələri Prezident İlham Əliyevin tövsiyə və göstərişləri əsasında müvəffəqiyyətlə başa çatdırılır və onların sırası yeniləri ilə zənginləşdirilir.
Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.