Astanada Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçirilmişdir

 

 

Bankın Rəhbərlər Şurasına sədrlik Azərbaycan Respublikasına keçmişdir

Mayın 2-5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçirilmişdir.

“Dəyişən dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən illik toplantının rəsmi açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və AİB-in prezidenti Takehiko Nakao çıxış etmişlər. Asiya İnkişaf Bankının fəaliyyətindən danışan natiqlər qitə ölkələrində davamlı iqtisadi inkişafa nail olmaq üçün sosial məsələlərin həllinin vacibliyini qeyd etmişlər. Tədbirdə Asiya-Sakit okean regionunun iqtisadi inkişafının proqnozu, region üçün yeni yaranan iqtisadi çağırışlar və digər məsələlər barədə müzakirələr aparılmış, qitə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həllində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanmışdır.

Mayın 4-də öz işinə başlayan Rəhbərlər Şurasının iclasında qurumun ötənilki fəaliyyəti, maliyyə vəziyyəti, gələcəkdə həyata keçiriləcək layihələr və digər məsələlər müzakirə olunmuşdur.

Çıxışlarda Asiya qitəsi ölkələrində mövcud olan problemlər, o cümlədən yoxsulluğun aradan qaldırılması, iqtisadi yüksəlişə nail olmaq, ekoloji durumun yaxşılaşdırılması və digər mühüm layihələrin gerçəkləşməsində AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilmişdir. Bankın iki növ resurslardan istifadə edərək onların birləşdirilməsi və Asiya regionu ölkələri üçün əlavə kreditləşmə imkanlarının yaradılması qərara alınmışdır. 

Bankın 67 üzv ölkəsini əhatə edən Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin başçıları bu iqtisadi qurumun gələcək fəaliyyəti ilə bağlı da fikirlərini bölüşmüşlər. Toplantıda Asiya regionunun inkişafyönümlü üzv ölkələri ilə yanaşı, səhmdar qeyri-region ölkələri - Amerika Birləşmiş Ştatları,  Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka, Türkiyə və digər dövlətlərin nümayəndə heyətləri də iştirak etmişlər.

İclasda çıxış edən AİB-in Rəhbərlər Şurasının 47-ci illik toplantısının sədri, Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Yerbolat Dossayev növbəti toplantının Bakıda keçiriləcəyini, bununla bağlı növbəti müddətə sədrliyin Azərbaycan Respublikasına keçdiyini bəyan etmişdir.

Sədrliyi qəbul edən Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyini vurğulamış və üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət etmişdir.

Toplantı çərçivəsində Astananın Müstəqillik sarayında “Azərbaycan günü” keçirilmişdir. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasına üzv olan ölkələrin nümayəndə heyətləri, AİB-in rəhbərliyi, Qazaxıstan və digər ölkələrin bir sıra nüfuzlu şəxslərinin qatıldıqları tədbirdə əvvəlcə Azərbaycanın inkişafından bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov dövlət başçısı tərəfindən AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik toplantısı ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzaladığını, artıq hökumətin bu tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işlərinə başladığını, Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, siyasi sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Ölkəmizin uğurlu iqtisadi inkişafını qeyd edən Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bankın Bakıda keçiriləcək 48-ci illik toplantısının uğurlu olacağına əminliyini ifadə etmişdir. AİB-in illik toplantısının Qafqazda ilk dəfə olaraq məhz Azərbaycanda baş tutacağına diqqət çəkən Takehiko Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyini görmək üçün gələn il Bakıda keçirilən tədbiri səbirsizliklə gözlədiklərini demişdir.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə Bakı toplantısı ilə əlaqədar yaradılmış internet saytı da təqdim olunmuş, qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadmış və onlara Azərbaycan haqqında broşür, kitabça və digər əyani vəsaitlər paylanılmışdır.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər də keçirmişdir. AİB-in prezidenti Takehiko Nakao, baş katib xanım Maria-Anne Briken, Dünya Bankının vitse-prezidenti Lora Tak, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) baş direktoru Kiyoşi Kadero, Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankının (JBİC) rəhbəri Hiroş Vatanabe ilə ayrı-ayrılıqda keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Toplantı çərçivəsində keçirilən platformalardan biri də iştirakçı ölkələrdən seçilmiş tələbələrin “Mərkəzi Asiya ölkələrində investisiya mühiti” mövzusunda debatları olmuşdur. Debatlarda ölkəmizi təmsil edən və  yüksək nəticə göstərərək finalda yarışmaq hüququ qazanan “ADA” Universitetinin tələbələri ikinci yeri tutmuşlar. Ən yaxşı spiker nominasiyasında isə “ADA” Universitetinin tələbəsi Ruqiyə Qəhrəmanlı qalib olmuşdur. 

Azərbaycan nümayəndə heyətinin də qatıldığı bu beynəlxalq tədbirdə ümumilikdə dünya üçün vacib olan bir sıra mühüm məsələlər müzakirə edilmiş və növbəti ilin ev sahibi kimi Azərbaycan Respublikası üzv ölkələrin nümayəndə heyətlərinə layiqincə təqdim olunmuşdur.

İlahə ƏHMƏDOVA,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında