Şriftin ölçüsü:
22.08.2010 04:21 | Oxunma sayı: 618
Avqustun 20-də burada keçirilən zona müşavirəsində səslənən fikirlər də bunu təsdiqləyir
Avqustun 20-də Şamaxıda Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi zona müşavirəsi keçirildi. Altı rayonun - Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarının aqrar sahə üzrə məsul şəxslərinin və fermerlərin iştirakı ilə keçirilən müşavirə 2011-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin əkininin hazırlıq vəziyyətinə həsr olunmuşdu.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev son illər dövlət başçısı İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir çox mühüm əhəmiyyətli qərarların qəbul etdiyini və torpağa bağlı olanların zəhmətlərinin dəyərləndirilməsi istiqamətində vacib addımlar atdığını məmnunluq hissi ilə qeyd etdilər. Taxıl əkini ilə məşğul olanlara motor yağlarının və gübrələrin güzəştli qiymətlərlə verildiyini bildirən natiqlər bütün bunların həvəsləndirici amil kimi möhkəm stimul rolunu oynadığını və ərzaq bolluğuna xidmət etdiyini də xüsusi vurğuladılar.
Qeyd edildi ki, 2010-cu ilin yaz fəslinin normadan artıq yağmurlu keçməsi və yayın hədsiz istilərlə müşayiət olunması məhsuldarlığa ciddi təsir göstərsə də, digər ölkələrlə müqayisədə bizdə vəziyyət qənaətbəxşdir.
Zona müşavirəsində növbəti mövsüm üçün taxıl əkininin mövcud vəziyyəti də müzakirə olundu və nəzərə çatdırıldı ki, əsas diqqət əkilən sahələrin artırılmasına deyil, istifadə olunan taxıl sortunun keyfiyyətinə və məhsuldarlığına yönəldilməlidir, həmçinin torpaqların dincə qoyulmasına xüsusi önəm verilməlidir. Müşavirədə iştirak edən altı rayonun nümayəndələri çıxış edərək qarşılaşdıqları problem və çətinliklərdən danışdılar. Kənd Təsərrüfatı nazirinin müavinindən bu dəstəyi aldılar: ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün sizlərə hər cür köməyi göstərməyə hazırıq və istənilən çətinliklə üzləşəndə bizə müraciət edə bilərsiniz. Çünki bu, möhtərəm dövlət başçımızın qarşımıza qoyduğu əsas tələblərdən biridir.
Müşavirə iştirakçıları ölkədə yaranmış mühitin və formalaşmış qanuni bazanın ərzaq təhlükəsizliyini təmin etmək üçün geniş imkanlar yaratdığını bir daha vurğuladılar və buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Qeyd etmək yerinə düşər ki, bu istiqamətdə digər bölgələrdə olduğu kimi, Şamaxı rayonunda da mühüm tədbirlər həyata keçirilir.
Hazırda rayonda kənd təsərrüfatına yararlı 112500 hektar torpaq sahəsinin 33340 hektarı əkinə yararlıdır. Əkinə yararlı torpaqlar, əsasən, dəmyə torpaqlarıdır, bunun da 6870 hektarı suvarılır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 21 avqust 2008-ci il tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum və damazlıq heyvanları ilə təmin olunmasına əlavə yardım edilməsi barədə" sərəncamları kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına təkan vermişdir. Sərəncamlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün Nazirlər Kabineti tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət vəsaiti hesabına yardımın verilməsini, mineral gübrələrin güzəştlə satılmasını kənd təsərrüfatı məhsulları istehsalçıları böyük razılıqla qarşılamışlar.
Şamaxıda 2007-ci ildə 4423 istehsalçıya yanacaq və motor yağlarına görə 12085 hektar əkin üçün 739 min 954 manat, 2008-ci ildə 5935 istehsalçıya 17907 hektar əkin üçün 1 milyon 105 min 56 manat, 2009-cu ildə 9884 nəfərə 21 min 941 hektar əkin üçün 1 milyon 235 min 208 manat, 2010-cu ilin 1 iyun tarixinə 5438 nəfərə 18120 hektar əkin üçün 724 min 827 manat yardım edilmişdir.
Respublika "Aqrolizinq" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən 2009-cu ildə və 2010-cu ilin ötən dövrü ərzində rayonun fermerlərinə güzəştli şərtlərlə 446 ton azot, 316 ton superfosfat gübrələri satılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2009-cu ildə taxıl əkini sahəsi 4271 hektar artaraq 22357 hektara çatdırılmış və 46551 ton taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 9225 ton və ya 20 faiz çoxdur.
Cari ildə rayon üzrə 18599 hektar dənli bitkilər, o cümlədən, 9447 hektar buğda, 9135 hektar arpa əkilmişdir. İndiyədək 18599 hektar sahədən - 9447 hektar buğda, 9135 hektar arpa sahəsi biçilmişdir. Biçilən sahələrdən 31618 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 17 sentnerdir. Cari ildə hava şəraitinin qeyri-sabit keçməsi taxıl əkinlərinin məhsuldarlığına mənfi təsir göstərmişdir.
2011-ci ilin məhsulu üçün 19 min hektarda payızlıq taxıl əkilməsi gözlənilir. İndiyə kimi 10200 hektarda şum çıxarılmışdır. İyul-avqust aylarının quraq və havaların həddən artıq isti keçməsi şum çıxarılmasının ləngiməsinə səbəb olmuşdur. Buna baxmayaraq, mövcud texnikanın gücündən səmərəli istifadə etməklə, payızlıq taxıl əkininin optimal müddətdə aparılmasına maksimum səy göstərilir. Nəzərdə tutulan əkin üçün 3550 ton toxum tələb olunur. Rayonda fəaliyyət göstərən 12 toxumçuluq təsərrüfatlarında istehsal olunmuş taxılın 1550 tonu təmizlənərək ayrılmışdır. Çatışmayan 2000 tona yaxın toxumun əldə olunması üçün tədbirlər görülür.
Rayonda üzümçülüyün inkişafı da diqqət mərkəzindədir. 2010-cu ildə 85 hektar yeni üzümlük salınmaqla regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunandan indiyədək 1000 hektardan çox yeni üzüm bağları əkilmişdir. Üzümlüklərin salınması hesabına 2000 nəfər daimi işlə təmin olunmuşdur.
2010-cu ildə tərəvəz, kartof, bostan və heyvandarlıq məhsulları istehsalının həcmi də əvvəlki ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır. Statistik məlumatlara görə mal-qaranın və quşların baş sayı çoxalmışdır. Son illər rayonda arıçılığa maraq artmaqdadır. Arı ailələrinin sayı 1100 ailə artaraq 4600-ə çatdırılmışdır.
Aqrar sahədə qazanılan bu nailiyyətlərə görə şamaxılı sahibkarlar ölkə prezidentinə minnətdardırlar. Məhz dövlət başçısı İlham Əliyevin qayğısı və diqqəti nəticəsində onlar yüksək nailiyyətlər qazanmışlar.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.