“Şahdəniz” konsorsiumu dənizdə quraşdırma işləri üzrə müqavilə imzalamışdır

 

 

 “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə tikinti-quraşdırma işlərinə dair daha bir uğurlu addım atılmıdır. “Şahdəniz qaz hasilatı və ixracı” layihəsinin səhmdarları ilə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu arasında dənizdə daşıma və quraşdırma işlərilə dair iri müqavilə imzalanmışdır.

 “Şahdəniz-2 və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələrinin bir hissəsi olan  1,8 milyard dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən indiyədək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin  göstəricisidir.

Xatırladaq ki, bu müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə, həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini, eləcə də “İsrafil Hüseynov” borudüzən, “Tofiq İsmayılov” dalğıc gəmilərinin, həmçinin “Azərbaycan” kran barjının modernləşdirilməsini də əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bununla bağlı demişdir: “Bu, böyük bir müqavilədir və  tarixi layihə üçün əlamətdar bir hadisədir. Bu, yekun investisiya qərarından indiyədək bağlanmış 13-cü iri müqavilədir. Ümumilikdə, bu vaxtadək bağlanmış dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi  Azərbaycanın daxilində həyata keçiriləcək. Biz məmnunuq ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində yaxşı irəliləyiş var.  Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlər başlanıb. Bütün bu böyük səylər və fəaliyyətlər bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır.”

Yeri gəlmişkən, bundan əvvəl Şahdəniz konsorsiumu aprelin 23-də Bakı Gəmiqayırma Zavodu ilə bir sualtı tikinti gəmisinin (STG) layihələndirilməsinə və inşasına dair 378 milyon dollar dəyərində müqavilə imzalamışdır. STG Xəzər dənizində yeni modern bir gəmi olacaq və 2017-2027-ci illər ərzində “Şahdəniz” yatağının ikinci işlənmə mərhələ layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

Gəminin 2,5 metr hündürlüyündəki böyük dalğalarda  fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 750 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparat, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4 MVt və 2 ədəd 3,2 MVt gücündə mühərriklə təchiz olunmuş iki mühərrik bölməsi olacaq və onun 6,5 metr suya oturumunda dedveyt çəkisi 5000 metrik ton təşkil edəcək. Sualtı tikinti gəmisi “Keppel Offshore & Marine” (Keppel O&M) şirkətinin gəmi layihələndirmə və inşa etmə bölməsi olan “Marine Technology Development” tərəfindən layihələndiriləcək. Bu gəmi 2017-ci ilin aprel ayında təhvil veriləcək. Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti və “Keppel O&M” şirkətindən ibarət birgə müəssisədir.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında