Regionlarda yeni iş yerlərinin açılması dinamik xarakter daşıyır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan "Əsrin müqaviləsi"nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı" təsdiq olunmuşdur. Bu proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.
Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bütün bunlardan sonra "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", eləcə də "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlı inkişafı təmin edilmiş, iqtisadiyyatın diversifikasiyası nəticəsində istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır. Bunu statistik göstəricilər də təsdiqləyir.
Cari ilin birinci yarısında ölkə ərazisində yaradılmış 2309 yeni müəssisələrin 10.6 faizi Aran iqtisadi rayonunda, 5.6 faizi Abşeron iqtisadi rayonunda, 5.5 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 5 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 4.3 faizi Lənkəran iqtisadi rayonunda, 2.2 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 1.9 faizi Naxçıvan iqtisadi rayonunda, 3.2 faizi isə digər iqtisadi rayonlarda fəaliyyətə başlamışlar. Hesabat dövründə vergi orqanlarında qeydiyyatdan keçmiş 291 mindən çox fiziki şəxsin 64.1 faizi öz sahibkarlıq fəaliyyətlərini regionlarda həyata keçirir.
2010-cu ilin birinci yarısında ölkədə 36127 yeni, o cümlədən 26292 daimi iş yerləri açılmışdır. 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin iyulun 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 109740, o cümlədən 80807 daimi iş yerləri yaradılmışdır.
Birinci yarımildə yeni açılmış daimi iş yerlərinin 14.6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 15.9 faizi mövcud müəssisə və təşkilatlarda, 0.5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 69 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Həmin dövr ərzində 75.3 faizi regionlarda açılmış yeni iş yerlərinin 19.7 faizi Aran, 15.1 faizi Gəncə-Qazax, 8.1 faizi Quba-Xaçmaz, 6.9 faizi Şəki-Zaqatala, 6.4 faizi Lənkəran, 5.5 faizi Naxçıvan, 4.9 faizi Abşeron, 4.2 faizi Dağlıq Şirvan, 3.9 faizi Yuxarı Qarabağ, 0.6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni iş yerlərinin 92.7 faizi özəl sektorda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərinin 6.5 faizi tikinti, 3.9 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3.1 faizi emal sənayesi, 1.9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 1.4 faizi nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə açılmışdır.
Yeni iş yerlərinin yaradılması ölkə rəhbərinin daim diqqətində olan məsələdir. Son illər regionlarda yeni sənaye müəssisələrin açılması, Sumqayıtda sənaye şəhərciyinin yaradılması istiqamətində reallaşdırılan tədbirlər bunun bariz ifadəsidir. Sonuncu məsələ ilə əlaqədar bu günlərdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, İqtisadi İnkişaf naziri Şahin Mustafayev və "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Sumqayıtda olmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin sonlarında şəhərin sənaye zonasında yaradılmış müasir istehsalat kompleksində - Sumqayıt texnoparkında olan dövlət strukturlarının rəhbərləri bu yeni sənaye müəssisəsinin regionun iqtisadi xəritəsində vacib yer tutaraq, onun perspektiv inkişafında mühüm rola malik olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, burada respublika sənayesinin müxtəlif sahələri üçün bir çox məhsulların istehsalına başlanması ilə onların kənardan idxalı dayandırılmışdır. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisənin yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb etdiyini əsas tutaraq, burada yaxın zamanda yeni analoji müəssisələr şəbəkəsinin yaradılmasının və onun genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Sumqayıt texnoparkının və daha sonra "Azərikimya" İstehsalat Birliyinin "Üzvi sintez" zavodunun ərazilərini nəzərdən keçirən Rövnəq Abdullayev, Şahin Mustafayev və Etibar Pirverdiyev yaxın gələcəkdə burada sənaye şəhərciyinin salınması imkanlarını müzakirə etmişlər. Belə bir sənaye şəhərciyinin yaradılmasının son dərəcə vacib olduğunu vurğulayan tərəflər bütün daxili imkanları bu ideyanın tezliklə reallaşdırılması üçün səfərbər etmək qərarına gəlmişlər. Çoxlu sayda kiçik və iri müəssisələrdən ibarət olacaq sənaye şəhərciyinin XXI əsrin dinamikasını, onun sürətli texniki-iqtisadi yüksəlişini özündə əks etdirməklə son dərəcə müasirliyi və mütərəqqi texnologiyaları ilə seçiləcəyi, Sumqayıtın iqtisadi və sosial məsələlərinin həllində, o cümlədən, şəhərin əhalisini işlə təmin etmək sahəsində müstəsna əhəmiyyətə malik olacağı, bütünlükdə şəhərin perspektiv inkişafına mühüm təsir göstərəcəyi gözlənilir. ARDNŞ prezidenti Rövnəq Abdullayev, İqtisadi inkişaf naziri Şahin Mustafayev və "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev gələcək sənaye şəhərciyinin yaradılması ilə bağlı məsələlərin daha ətraflı araşdırılması, görüləcək işlərin ilkin konturlarının müəyyən edilməsi məqsədilə müzakirələri "Azərikimya" İB-nin ofisində mütəxəssislərin iştirakı ilə davam etdirmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında