Bakıda qadınların sahibkarlıq fəaliyyətinin inkişafı üzrə beynəlxalq konfrans

 

 

 

Aprelin 24-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransın açılışında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış etmişdir. O, bildirmişdir ki, konfransın məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. SPECA çərçivəsində bir neçə konfrans və forumlar keçirilmişdir. Azərbaycan bu tədbirlərdə fəal iştirak etmişdir. SPECA-ya sədrlik edən ölkəmiz regionda qadın sahibkarlığının inkişafı məsələlərini xüsusi diqqətdə saxlayır.

H.Hüseynova demişdir: “Beynəlxalq konfransın Bakıda keçirilməsi bir daha təsdiq edir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindəndir. Son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır. Yoxsulluq isə təxminən 10 dəfə azalmışdır. Son 20 il ərzində əhalinin sayı artaraq 9 milyon 500 min nəfərə çatmışdır”.

Komitə sədri diqqətə çatdırmışdır ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda iştirakının təşviqi Azərbaycan hökumətinin daim diqqətindədir. Sahibkarlığın inkişafı qadınlarda özünə inam hissini artırır. Qadınların həm iqtisadi cəhətdən güclü olması, həm də zorakılığa məruz qalmaması üçün hökumət tərəfindən sistemli şəkildə iş aparılır, layihələr hazırlanır, milli qanunvericilik bazası gücləndirilir. Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırmaq üçün qəbul olunmuş bir sıra dövlət proqramları ölkədə sahibkarlığın inkişafına təkan verir. Bu sənədlərdə qadınların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Xüsusilə, 400 minə yaxın qaçqın və məcburi köçkün qadının da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi vacib məsələlərdəndir.

H.Hüseynova bildirmişdir ki, bu gün qadınlarımızın 50 faizə qədəri fəal əməklə məşğuldur. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Ümumi sahibkarlar arasında qadın sahibkarların xüsusi çəkisi 17 faizə çatmışdır. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadınların peşə hazırlığı kurslarına cəlb olunmalarının, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır.

Qadınların ictimai həyatda və biznesdə rolunun artırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olduğunu vurğulayan H.Hüseynova demişdir ki, sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr qadınlara kiçik və orta biznes müəssisələrin açmasına kömək edir. Xüsusilə, nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Rayon və kənd yerlərində infrastrukturu yaxşılaşdırmaqla, mədəni-intellektual mühit formalaşdırmaqla sahibkarlığı inkişaf etdirmək olar.

Komitə sədri bildirmişdir ki, ötən illər ərzində ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilmiş, bir sıra mexanizmlər yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın sahibkarlığının gücləndirilməsi üçün maarifləndirici tədbirlər həyata keçirir, xüsusilə kənd yerlərində qadın sahibkarlığının inkişafı ilə bağlı işlər aparır. Bu məqsədlə komitə BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi” ilə bağlı ikiillik texniki yardım layihəsi həyata keçirir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası regionlarda dövlət qurumları ilə birgə qadın sahibkarların fəaliyyətinin daha da möhkəmləndirilməsi üzrə iş aparır. Ölkədə Biznes Tədris Mərkəzi yaradılmışdır. Mərkəz sahibkarlar üçün məsləhət, marketinq, təlim xidmətlərini və informasiya təminatını sistemli və daimi qaydada həyata keçirən regional şəbəkələrə malikdir. Bu gün istənilən dövlətin qarşısında duran vacib məsələlərdən biri cəmiyyətdə gender amilinin nəzərə alınması və qadının sosial-iqtisadi inkişafın təmin edilməsindəki rolunun daha da artırılmasıdır. Bu baxımdan qadın sahibkarlığının gələcəkdə də inkişaf etdirilməsi üçün xüsusi sənədlər qəbul edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş və ölkəmizin uzunmüddətli inkişafının əsas prioritetlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender bərabərliyinin təmin edilməsi, o cümlədən qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması məsələsi də öz əksini tapmışdır.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək bildirmişdir ki, Mərkəzi Asiya ölkələrində ümumilikdə insan inkişafının və kapitalının formalaşmasında mühüm amil olan qadın sahibkarlığının, qadın iştirakçılığının təmin edilməsi çox vacib məsələdir. Bu, regionun inkişafına töhfə verəcək çox ciddi amildir. Həyatın bütün sahələrində qadın fəallığının və iştirakçılığının artırılması və şəraitin yaradılması vacibdir. Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün dövlət tərəfindən çox gözəl mühit yaradılmışdır. Regionda bu sahədə təcrübələri bölüşmək, birgə layihələr həyata keçirmək imkanları vardır. Buna görə də bu konfrans çox əhəmiyyətlidir. Qadın sahibkarlığının inkişafı üçün maarifləndirici tədbirlərin keçirilməsi mühüm məsələdir. Bu sahədə həyata keçirilən layihələri dəstəkləməyə ehtiyac vardır. Bu sahədə dünya təcrübəsini ölkəmizə gətirməklə qadınlarımızı biznes işinə həvəsləndirə və stimullaşdıra bilərik.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkə iqtisadiyyatının inkişafından, sahibkarlığın tərəqqisi üçün həyata keçirilən tədbirlərdən, qadın sahibkarlığının dəstəklənməsindən danışmışdır. Bildirilmişdir ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində son illərdə qadın sahibkarların sayı artmışdır. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar.

S.Həsənova vurğulamışdır ki, 2002-2013-cü illər ərzində 2 min 70 qadın sahibkara 60 milyon dollaradək, o cümlədən 2013-cü ildə 430 qadın sahibkara 12 milyon dollaradək güzəştli kredit verilmişdir. Onlara verilən bu kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3 minədək yeni iş yeri açılmışdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, müstəqil Azərbaycanda sahibkarlıq ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra inkişaf etməyə başlamışdır. Sahibkarlıq dövlətin strateji resursudur. Cəmiyyət inkişaf etdikcə qadınların bu sahədə iştirakı da artır. Prezident İlham Əliyev Azərbaycanda qadınların bütün sahələrdə iştirakının fəallaşdırılmasını zəruri bir istiqamət kimi qiymətləndirmişdir. Sahibkarlıq fəaliyyəti ilə bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılmışdır. Ziyad Səmədzadə qadın sahibkarlığının inkişafında mövcud problemlərdən və onların həlli yollarından da danışmışdır.

Daha sonra Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdir müavini Qurban Əmirov, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı Komitəsinin gender və sosial məsələlər üzrə məsul şəxsi xanım Malinka Koparanova və Dünya Moda Təşkilatının xoşməramlı səfiri xanım Şeyxa Hend Al-Qasemi çıxış edərək konfransın əhəmiyyətindən, qadın sahibkarlığının inkişafının vacibliyindən, Azərbaycanda bu sahədə görülən işlərdən bəhs etmiş, ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradıldığını söyləmişlər.

Sonra konfrans işini sessiyalarla davam etdirmişdir.

“Qadın sahibkarlar və biznes razılaşmaları: müxtəlif istiqamətlər” adlı birinci sessiyada Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi, tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək qadın sahibkarlığının inkişafının vacibliyindən, konfransın əhəmiyyətindən, bu sahənin tərəqqisində innovativ metodların tətbiqinin zəruriliyindən danışmışdır. Sona Vəliyeva bildirmişdir ki, Azərbaycanın müstəqillik dövründə sahibkarlıq yeni bir terminalogiya, iqtisadiyyatda yeni bir məzmun kimi ortaya çıxmışdır. Bu mənada “sahibkar qadın” ifadəsi cəmiyyət üçün yeni bir termindir.

Sona Vəliyeva vurğulamışdır ki, qadın sahibkarlığının inkişafında innovativ metodların tətbiqi, yüksək və keyfiyyətli təhsil vacib məsələdir. Azərbaycanda bu istiqamətdə mühüm layihələr həyata keçirilir, qadın sahibkarlığının inkişafı dövlət səviyyəsində dəstəklənir. Sahibkarlıq vərdişlərinin formalaşmasında təhsilin rolundan danışan S.Vəliyeva “Kaspi” Təhsil Mərkəzində bu istiqamətdə görülən işləri diqqətə çatdırmışdır.

Konfransın digər sessiyalarında da mövzu ilə əlaqədar çıxışlar olmuş, müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında