Həyatımızın bütün sahələrində müşahidə olunan inkişaf dinamikası əhalinin güzəranının daha da yaxşılaşmasını təmin edir, sosial-iqtisadi tərəqqini sürətləndirir. Əmtəə istehsalı səviyyəsinin, daxili istehlak bazarının və əhaliyə xidmətin keyfiyyətinin yüksəlməsi meylləri də son illərdə xeyli güclənib. Lakin buna baxmayaraq, bütün dünyada olduğu kimi, ölkəmizdə də ərzaq təhlükəsizliyinin daim qorunmasına ciddi ehtiyac duyulur. Bəzi istehsal və emal müəssisələrində, həmçinin, istehlak bazarında müəyyən keyfiyyət problemlərinin mövcudluğu günün reallıqlarındandır. Hələ də insanların sağlamlığı üçün təhlükə yaradan ərzaq məhsullarının istehsalına, istifadə müddəti bitmiş qida növlərinin istehlakçıya satılmasına rast gəlmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə iqtisadiyyatının uğurlu inkişafının davam etdirildiyini bildirməklə yanaşı, istehlak bazarında yol verilən nöqsanlara da diqqəti cəlb etmişdir: "Keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalıdır, nəzarət gücləndirilməlidir... Keyfiyyətsiz idxal mallarına qarşı biz çox ciddi tədbirlər görməliyik, bir sədd qoymalıyıq ki, onlar Azərbaycana daxil olmasın. Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlər görülməlidir".
Göstərilən problemin həllini həm İqtisadi İnkişaf Nazirliyi, həm Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həm də yerli icra orqanları həyata keçirməlidirlər.
Dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Sumqayıt şəhərində də məqsədyönlü işlər görülür. Şəhər icra hakimiyyəti başçısının 19 aprel 2010-cu il tarixli sərəncamına nüvafiq olaraq "Sumqayıt şəhərində istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət" məqsədilə geniş tərkibdə ictimai komissiya yaradılıb. Komissiyanın tərkibinə şəhər Ağsaqqallar Şurasının, ictimai təşkilatların, şəhər bələdiyyəsinin və aidiyyatı orqanların nümayəndələri daxil ediliblər. Komissiya mütəmadi olaraq şəhərdə istehsal edilən bütün qida məhsullarının sanitar normalara uyğunluğuna, keyfiyyətinə və qiymətinə nəzarəti həyata keçirir.
Bəri başdan deyək ki, son illər ərzində Sumqayıt şəhərində genişmiqyaslı abadlıq-quruculuq tədbirləri həyata keçirilib, ümumi sanitariya vəziyyəti xeyli yaxşılaşıb. Şəhərdə yaradılmış "Təmizlik Departamenti" tərəfindən ərazilərdən müxtəlif məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət xeyli güclənib. Bu gün sumqayıtlılar fəxr edə bilərlər ki, onların şəhəri həm adambaşına düşən yaşıllıq sahəsinə görə, həm də təmizlik və abadlığına görə ölkəmizin ən qabaqcıl şəhərlərindən biridir.
Sahibkarlığın genişləndirilməsinə hərtərəfli dövlət qayğısı sayəsində şəhərdə irili-xırdalı, saysız-hesabsız pərakəndə ticarət obyektləri, xidmət sahələri fəaliyyət göstərsə də, burada ciddi sanitariya nəzarətinin həyata keçirilməsi təmin olunub, yoluxucu xəstəliklər azaldılıb, əhaliyə verilən içməli suyun keyfiyyəti yaxşılaşıb.
Şəhər rəhbərliyi yay fəslində havaların xüsusilə isti keçməsini nəzərə alaraq, mövsüm ərzində əhalinin sağlamlığının qorunmasına xidmət edən nəzarətedici təşkilatların xüsusi rejimdə çalışmasına nail olub. Şəhərin müxtəlif ərazilərində əhaliyə sərinləşdirici içkilərin satışının təşkili üçün 20-dək satış yeri müəyyənləşdirilərək icazə verilib. Eyni zamanda şəhər əhalisinə mövsümi bostan məhsullarının satışının təşkili məqsədilə mikrorayon və məhəllələrin 18 yerində xüsusi köşklər quraşdırılıb.
Amma sirr deyil ki, yerlərdə, o cümlədən də Sumqayıt şəhərində kütləvi şəkildə olmasa da, insan sağlamlığına təhlükə törədə bilən keyfiyyətsiz, mənşəyi bilinməyən ərzaq və qida məhsullarının istehsalına və satışına yol verilir. Odur ki, icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış ictimai komissiya digər nəzarətedici qurumlarla birlikdə yay aylarında fəaliyyətini daha da genişləndirib, neqativ hallara qarşı mübarizəni xeyli gücləndirib. Komissiyanın başlıca şüarı ondan ibarətdir ki, insanların sağlamlığına ziyan vuran istənilən amil aradan qaldırılmalıdır. May ayının əvvəllərindən etibarən şəhərin ticarət obyektlərində, ərzaq və qida məhsullarının istehsalı ilə məşğul olan sahələrdə reydlərin keçirilməsi, geniş maarifləndirmə işinin aparılması reallaşdırılıb. Bu tədbirlər müəyyən müsbət nəticələr verib. İctimai komissiya fəaliyyətə başladığı müddət ərzində vaxtaşırı olaraq şəhərin müxtəlif ərazilərində reyd və yoxlamalar keçirib. Onlarca ticarət, iaşə, xidmət obyektində, qida istehsalı müəssisələrində, ət satışı ilə məşğul olan sallaqxana və mağazalarda aparılan bu yoxlamalar zamanı vaxtı keçmiş və mənşəyi bilinməyən məhsullar aşkarlanaraq satışdan çıxarılıb. Yol verilmiş nöqsanların tezliklə aradan qaldırılması obyekt sahiblərindən tələb edilib.
Reyd və yoxlamalar zamanı şəhərdəki çörəkbişirmə sexlərinin də fəaliyyətində nöqsanlar aşkar edilib. Müəyyən olunub ki, bəzi sexlər istehsal üçün tam uyğunlaşdırılmamış binalarda fəaliyyət göstərir. Sanitar normalar gözlənilmir. Elə çörəyin satış nöqtələrinə daşınması da məqbul şəkildə həyata keçirilmir.
Həmin yoxlamaların nəticəsi olaraq çörəkbişirmə sahəsində müəyyən dönüş yaranıb. Məsələn, şəhərin İnşaatçılar massivində standarta uyğun gəlməyən köhnə bir binada fəaliyyət göstərən çörək sexi bağlanıb və müasir tələblərə uyğun yeni binanın tikintisinə başlanıb. Bir çox sexlərdən çörəyin satış məntəqələrinə xüsusi maşınlarda, müasir tələblərə cavab verəcək şəkildə daşınmasına başlanıb. Bu sahədə işlər davam etməkdədir.
İctimai komissiya qənd istehsalı ilə məşğul olan sexlərin vəziyyəti ilə də ciddi maraqlanıb. 8-ci mikrorayonda və 41-a məhəlləsində fəaliyyət göstərən qənd istehsalı sahələrində məhsul müəyyən qədər uyğunlaşdırılmış binalarda hazırlansa da, İnşaatçılar massivində və Kottec ərazisindəki qənd sexlərində vəziyyətin heç də sanitar-gigiyenik normalara uyğun gəlmədiyi aşkarlanıb. Bununla əlaqədar lazımi xəbərdarlıqlar edilib, görüləcək tədbirlər nəzarətə götürülüb.
Bildiyimiz kimi, tabeçilik formasından asılı olmayaraq, müəssisələrdə istehsal olunan bütün ərzaq və qeyri-ərzaq məhsulları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 59 saylı əmrinə uyğun olaraq, gigiyenik sertifikasiyaya cəlb edilməlidir. Sumqayıtda ötən ilin ilk yarısında 51, bu ilin altı ayında isə 48 adda ərzaq və qeyri-ərzaq məhsuluna belə sertifikatlar alınıb. Amma hələ də bəzi obyektlər uyğunluq və gigiyenik sertifikatlar olmadan fəaliyyət göstərir. Həmin obyektlərin tezliklə sertifikasiyaya cəlb edilməsi istiqamətində işlər sürətlənib.
Yay aylarında havaların isti keçməsi bir çox hallarda yoluxucu xəstəliklərin baş qaldırmasına şərait yaradır. Reydlər zamanı Sumqayıtın Bağlar massivində, bəzi yol kənarlarında qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların kəsilməsi halları da aşkar edilib və qarşısı alınıb.
Son illərdə ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb. İş adamlarına göstərilən dəstək onların fəaliyyətini lazımınca stimullaşdırır. Onlar da əsasən bu etimada layiq olmağa çalışır, diqqət və qayğının müqabilində dövlətə və vətəndaşlara xidmətin gözəl nümunələrini göstərirlər. Gənclik şəhərində ictimai komissiyanın keçirdiyi reydlər zamanı bu, bir daha öz təsdiqini tapıb: bir çox obyektlərdə istehsal müasir tələblər səviyyəsində qurulmuşdur. Hər bir sahibkar özü məhz yaxşılardan nümunə götürməyə, vacib standartlara mütləq riayət etməyə və işlərində qayda yaratmağa borcludur.
Reyd və yoxlamalar zamanı ictimai komissiyanın üzvləri tərəfindən topdansatış və pərakəndə ticarət obyektlərində aşkar edilən 225 kiloqram çəkidə, 62 adda məhsul dərhal satışdan çıxarılıb və komissiya üzvlərinin iştirakı ilə müvafiq akt tərtib edilməklə şəhərin "Təmizlik Departamenti"nin poliqonunda məhv edilib.
Onu da qeyd edək ki, sözügedən komissiya ictimai xarakterli olduğuna görə, fəaliyyəti ilə bağlı şəhər ictimaiyyətinin məlumatlandırılmasına mühüm əhəmiyyət verir. Hər bir reyd və yoxlama barədə şəhərdə yayımlanan "Dünya" TV-də və "Sumqayıt" qəzetinin səhifələrində müntəzəm materiallar verilir. Əlbəttə, bu, əhalinin maarifləndirilməsi baxımından da böyük önəm daşıyır. Hər bir istehlakçı ən azı mağazadan aldığı məhsulun buraxılış tarixi, saxlanma şəraiti və yararlılıq müddəti ilə maraqlanır, keyfiyyətsiz malın onun və ailəsinin sağlamlığında nə kimi fəsadlar törədə biləcəyindən xəbərdar olur.
Sumqayıtda yay mövsümü ilə əlaqədar keyfiyyətli ərzaq və qida məhsullarının istehsalı, emalı və satışına ciddi nəzarət mexanizminin yaradılması nikbinlik doğurur. İnanırıq ki, istehsal, ticarət, iaşə və xidmət sahələrinin fəaliyyətinə nəzarət bundan sonra da eyni ciddiliklə davam etdiriləcək. İstehsaldan istehlakçıya qədər bütün məhsulların sanitar-gigiyenik normalara uyğunluğu, keyfiyyəti və qiyməti, həmçinin lazımi səviyyədə daşınması diqqət mərkəzində saxlanacaq, xoşagəlməz halların qarşısı qətiyyətlə alınacaq.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.