QLOBAL MALİYYƏ BÖHRANI: iqtisadi tənzimləmə mexanizmlərindən səmərəli istifadənin Azərbaycan təcrübəsi

{nl}

(əvvəli qəzetin 7, 8, 14 və 20 avqust 2010-cu il tarixli saylarında)
Qeyd etməliyik ki, 2004-cü ildən "böyük neft" erasının başlanması və neftin dünya bazarında qiymətinin yüksək olması neft sektoru üzrə ixrac olunan məhsulların həcmini artırmışdır. Nəticədə, neft-qaz sektorunun ixracda xüsusi çəkisi daha da yüksəlmişdir. 2004-cü ildə neft-qaz sektorunun ümumi ixracda payı 86,4 faiz idisə, 2009-cu ildə bu göstərici əvvəlki ildəkindən bir qədər az olsa da, 94,7 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ixracda payı isə əksinə, azalmışdır. Həm də ixracın əsasını təşkil edən neftin böyük əksəriyyəti xammal şəklindədir, belə ki, 2004-2009-cu illərdə ixrac olunan neftin orta hesabla 88,8 faizi xammal şəklində, 11,2 faizi isə emal məhsulu şəklində ixrac olunmuşdur. 2004-cü ildə tədiyyə balansının müsbət saldosunun 161 milyon ABŞ dollarından 2009-cu ildə 14,6 milyard ABŞ dollarına yüksəlməsinin də əsas səbəbini neft məhsullarının ixracının artması və neftin qiymətinin dünya bazarında yüksək olması ilə bağlamaq lazımdır.
Göstərilən bu zahiri təzahürlərə baxmayaraq, son illərdə görülmüş məqsədyönlü tədbirlər və qazanılmış uğurlar ölkənin ixrac potensialının artmasını təmin etmiş, neft məhsulları ilə yanaşı, qeyri-neft məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur. Bu nailiyyətlər, Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş uğurlu siyasətinin nəticəsində mümkün olmuşdur.
Ölkənin valyuta ehtiyatlarının sürətlə artımı Azərbaycan iqtisadiyyatının, maliyyə sektorunun pul bazasının möhkəmlənməsinə səbəb olub. Sonrakı illərdə valyuta ehtiyatlarının idarə olunmasından ən azı 250 milyon dollara yaxın gəlir götürəcək ki, bu da bir neçə ildən sonra neft sektorundan sonra iqtisadiyyatın ikinci mühüm bir sahəsinə çevrilməsi ilə nəticələnə bilər. Ölkəyə valyuta axını hər il 30-40 faiz artım tempi ilə müşahidə olunacaq ki, bu da idarəetməyə verilən vəsaitlərdən əldə olunan dividendlərin 3-4 milyard dollara çatmasına gətirib çıxaracaq.
Son maliyyə böhranının dərslərindən biri odur ki, indi valyuta ehtiyatlarının səhmlərdə, qiymətli kağızlarda saxlanılması riskli bir işdir. Həm də Azərbaycanın valyuta ehtiyatlarının əksər hissəsi (90 faizindən artığı) böhranın ən geniş miqyasda yayıldığı regionlarda - Amerika Birləşmiş Ştatlarında və Avropa Birliyi ölkələrində saxlanılır. Həmin ölkələrin özünün də valyuta ehtiyatları ən çox qiymətli kağızlarda, fondlarda yerləşdirilib və onların qiymətləri azalmaqda davam edir. Mərkəzi Bank həmin vəsaitlərin bir qismini fondlarda yerləşdirməklə böhrandan sonra daha çox gəlir əldə etmək niyyətində olmasına baxmayaraq, sonrakı proseslər, dünya bazarında baş verən qiymət dəyişiklikləri göstərdi ki, hələlik fondların mövcud qiyməti ondan gəlir götürməyə zəmanət vermək imkanında deyil. Təbii ki, dövlətin strateji valyuta ehtiyatlarının indiki vaxtda gəlirli olmayan sahələrə yönəldilməsi onun azalmasına təsir etməkdədir. Eyni zamanda, ehtiyatların dollar və ya avroda saxlanılmasına üstünlük verilməsi də çətin proqnozlaşdırılan məsələ olduğundan, adətən bu ehtiyatları idarə edən qurumlar, həmin valyutalardan hər hansı birinin kursunun yüksələcəyi ilə bağlı proqnozlar verilən zaman deyil, avronun kursu yüksələn qısa vaxt kəsimində hərəkət edirlər.
Eyni tendensiya kommersiya banklarının fəaliyyətində də müşahidə olunur. Banklar ötən ilin sonlarında avronun məzənnəsində dollara nisbətən artımlar baş verəndə, öz rezervlərinin və ya aktivlərinin bir qismini avroya çevirdilər və yüksək məzənnə ilə avro aldılar. Sonradan avronun məzənnəsinin aşağı düşməsi, eləcə də rezervlərin yenidən qiymətləndirilməsi itkilərə, azalmalara gətirib çıxardı. Doğrudan da, ötən ilin payızında 1 milyon avro təxminən 1 milyon 200 min manat təşkil edirdisə, hazırda məzənnənin aşağı düşməsi nəticəsində 1 milyon avro 1 milyon 70 min manata bərabər götürülür. Bu, o deməkdir ki, son aylar hər milyon avroda 130 min manat azalma baş verib və təbii ki, avronun məzənnəsinin aşağı düşməsi daha çox kommersiya banklarının aktivlərinin azalmasına gətirib çıxarıb.
Məlum olduğu kimi, Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatları əsasən dünyanın aparıcı banklarında saxlanılır ki, maliyyə böhranı ilə əlaqədar olaraq bu vəsaitlərdən istifadə edilməsi vaxtaşırı çətinləşə bilər. Bu baxımdan, mövcud risklərin azaldılması və Azərbaycanın kommersiya banklarının investisiya ehtiyaclarının qarşılanması üçün valyuta ehtiyatlarının bir hissəsi ölkənin öz banklarında da yerləşdirilməlidir. Valyuta vəsaitlərinin hansı valyutada yerləşdirilməsi də əhəmiyyətlidir. Çünki dünyanın aparıcı valyutaları arasında məzənnə son illərdə ciddi dəyişikliklərə uğrayıb və bu dalğalanmalar davam etdiyindən valyuta məzənnələrində vaxtaşırı yaranan fərqlər nəticəsində Azərbaycan valyuta itkilərinə məruz qala bilər. Ancaq 2008-ci ildə dünya maliyyə bazarında dolların ucuzlaşması və digər valyutaların dəyərinin artması hökumətin valyuta səbətinin strukturunu da dəyişməyə məcbur edib. Ötən ildən başlanılan və daha da kəskin xarakter alan dünya iqtisadiyyatındakı böhran meyillərinin dərinləşməsi və bunun müqabilində dolların ucuzlaşması hökuməti məcbur edib ki, 2008-ci ildən başlayaraq xarici maliyyə təşkilatlarında idarəetməyə verilmiş valyuta ehtiyatlarının strukturunu dəyişdirsin. Artıq dollardan uzaqlaşma, avroya üstünlük vermə tendensiyası hiss olunur. Avropadakı banklarda pul saxlamaq daha çox dividend əldə etməyə imkan verir. Bu baxımdan, həm Mərkəzi Bank, həm də Dövlət Neft Fondu bu ildən etibarən xarici maliyyə təşkilatlarında saxladığı valyutanın tərkibində dolların çəkisini əhəmiyyətli dərəcədə azaldıb.
Mövcud vəziyyətdə Dövlət Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında, 40 faizi avroda, 5 faizi İngiltərə funt sterlinqində, qalan 5 faizi isə dünya bazarlarındakı vəziyyətdən asılı olaraq aşağıda göstərilən digər aktivlərdə - məsələn, "A" (Standart and Purz, Fiç)və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarında, o cümlədən yapon iyenində yerləşdirilə bilər. Son illərdə dünyanın maliyyə bazarındakı vəziyyətin təhlili göstərir ki, digər valyutalarla müqayisədə yapon iyeni daha çox bahalaşmaya istiqamətlənib və dünyadakı maliyyə böhranı digər inkişaf etmiş ölkələrlə müqayisədə Yaponiyaya daha az təsir edir.
Müasir dövrdə Mərkəzi Bank pul siyasəti üzrə hədəflərə nail olmaq üçün faiz dəhlizinin parametrləri, məcburi ehtiyat normaları və açıq bazar əməliyyatları kimi alətlərdən aktiv istifadə etməlidir. Dünya iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik sıxıntısı və inflyasiyanın azalması şəraitində iqtisadiyyatda likvidlik mənbələrini dəstəkləmək üçün demək olar ki, bütün ölkələrin mərkəzi bankları apardıqları pul siyasətinə adekvat korreksiyalar etmişlər. Belə ki, Amerikanın Federal Ehtiyat Sistemi 2007-ci ildən 2009-cu ilin ortalarınadək uçot dərəcəsini 10 dəfə dəyişərək 5,25 faizdən 0,25 faizə, Avropa Mərkəzi Bankı 7 dəfə dəyişərək 4 faizdən 1 faizə endirmişdir. Bu dövr ərzində Rusiya və Azərbaycan mərkəzi banklarının pul siyasəti sahəsindəki fəaliyyətlərində müəyyən tərəddüdlər olmuşdur. Rusiya Mərkəzi Bankı 2007-ci ildən 2008-ci ilin noyabrınadək uçot dərəcələrini 6 dəfə dəyişərək 10,5 faizdən 12 faizə, Azərbaycan Mərkəzi Bankı isə 4 dəfə dəyişərək 9,5faizdən 15faizə qaldırmışdır. Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabrından 2009-cu ilin ortalarınadək uçot dərəcələrini 6 dəfə dəyişərək 15 faizdən 2 faizə saldığı halda, Rusiya Mərkəzi Bankı 2009-cu ilin aprel ayınadək uçot dərəcəsini 13 faizə qədər artırmış, sonradan isə ilin sonunadək 9,5 faizə endirmişdir.
Tədiyyə balansının gəlirlər hissəsinin artması bir tərəfdən, ölkənin valyuta ehtiyatlarını artırsa da, digər tərəfdən, valyuta bazarında dollar təklifini artıraraq manatın bahalaşmasına şərait yaratmışdır. 2009-cu ildə ölkənin valyuta bazarının dövriyyəsi (alış və satışın həcmi) 7085,5 milyon manat və ya 8812,8 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2005-ci illə müqayisədə 303,1 milyon manat və ya 4,1 faiz azdır. 2009-cu ildə valyuta təklifi tələbi 1,9 milyard dollar üstələdiyindən Mərkəzi Bank manatın daha da bahalaşmasının qarşısını almaq üçün sterilizasiya tətbiq etmişdir. Ancaq buna baxmayaraq Azərbaycan manatının nominal dəyəri 1,3 faiz ucuzlaşsa da, real dəyəri 15,5 faiz bahalaşmışdır.
Burada əsas problem ondan ibarətdir ki, milli valyutanın möhkəmlənməsi nəticəsində ənənəvi ixrac məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsi və qeyri-neft sektoruna aid ixracın səviyyəsinin azalması qaçılmaz olur. Digər tərəfdən, valyutanın real dəyəri artdıqca, idxal yönümlü iqtisadiyyatda əhalinin fərdi istehlakı stimullaşır, eyni zamanda, sektorlar arası iqtisadi əlaqələr pozulur. Təklifin mühüm hissəsi idxalın hesabına ödənildiyi üçün ölkədə yaranmış əlavə dəyər idxal olunan malların alınmasına sərf olunur, istehlak zənbilində ərzağın xüsusi çəkisi artır.
Yaxın illərdə dünya bazarında qiymətlərin əlverişli olması proqnozları Azərbaycanın neft gəlirlərinin dəfələrlə artmasına real imkanlar açır. Belə bir şəraitdə lüzumsuz maliyyə israfçılığına yol verməmək və ölkənin neft ehtiyatlarının tükənməsi dövründə maliyyə imkanlarının kəskin azalmasının qarşısını almaq üçün qeyri-neft sektorunda yığım-xərc balansının optimal təşkili olduqca vacibdir. Bu yanaşma neft gəlirləri hesabına maliyyələşən xərclərə sərt nəzarəti, bu gəlirlər hesabına gələcək yığımların yüksək səviyyəsinə nail olunmasını, makroiqtisadi idarəetmənin səmərəsinin artırılmasını, neft gəlirlərini üstün olaraq istehlakın deyil, investisiyaların maliyyələşdirilməsinə yönəltməklə iqtisadiyyatın strukturunun optimallaşdırılmasını, qeyri-neft sektorunun inkişafının "neft bumu" ilə dəstəklənməsi ilə yanaşı ona vergi stimullarının da tətbiqini nəzərdə tutan mühüm prinsipləri əhatə edir.
Bu prinsiplərin bəziləri Azərbaycanda artıq reallaşdırılmağa başlanmışdır və müəyyən nəticələr verməkdədir. Belə ki, neft gəlirlərindən yaranacaq yığımların akkumulyasiyasını təmin edən Dövlət Neft Fondu yaradılmışdır ki, bu da daxili xərclərin kəskin genişlənməsinin qarşısını almaqla, real məzənnənin bahalaşmasına yol verməməklə qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanmasında və bugünkü gəlirlərin gələcək inkişafın real maliyyə təminatına çevrilməsində olduqca mühüm amildir. Bütövlükdə Neft Fondunun məcmu tələbin genişlənməsinə destruktiv təsiri daxili tələbi ixrac sektorlarından qeyri-ixrac sektoruna (xüsusilə xidmət sektoruna) yayılmasını (neft gəlirlərinin artmasının təsiri altında) məhdudlaşdıran amildir ki, bu da ölkədə bərqərar olmuş makroiqtisadi sabitliyin qorunmasına şərait yaradır.
Hazırda ölkədə qeyri-neft sektorunun restrukturizasiyasına yönəlmiş bir sıra kompleks tədbirlər də həyata keçirilməkdədir. Belə ki, son illər bu sektora xarici investisiyaların axını güclənmiş, ixrac və idxalı əvəz edən sahələrin inkişafı, o cümlədən, məzənnə siyasəti vasitəsilə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ölkədə özəl sahibkarlığın inkişafına dövlət dəstəyinin həm institusional, həm də maliyyə kontekstində artırılmasını nəzərdə tutan fərmanlar verilmiş və onların icrasına başlanmışdır.
Eyni zamanda, qeyri-neft sektorunun inkişafına bilavasitə təsir edən iqtisadiyyatın infrastruktur sahələrinin modernləşdirilməsi (o cümlədən xarici maliyyə yardımları hesabına) diqqət mərkəzində saxlanılmış, vergilər azaldılmışdır. Maliyyə, pul-kredit siyasətinin qeyri-neft sektorunun inkişaf tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Qeyd edək ki, hazırkı maliyyə böhranı şəraitində başlıca problem vergi-büdcə və pul-kredit siyasətlərinin qarşılıqlı əlaqələndirilməsidir. Böhran dövründə vergi-büdcə siyasəti üzrə atılmış ən mühüm addım - Vergi Məcəlləsinə dəyişiklik edilərək mənfəət vergisi dərəcəsinin 22 faizdən 20 faizə endirilməsidir. Bu, müəssisə və təşkilatlara investisiya fəaliyyətlərinin həyata keçirilməsi üçün sərbəst vəsaitlərinin yaranmasına kömək göstərəcəkdir. Hazırkı şəraitdə əmlak və torpaq vergisinin diversifikasiya olunması və proqressiv şkala ilə vergiyə cəlb olunması da əhəmiyyətli ola bilər. Bu tədbir əmlak və torpaq bazarında tarazlığın bərpa edilməsinə xidmət etməklə, əsas fondlar və torpaqdan səmərəli istifadəni də təmin etmiş olar.
Dövlət Neft Fondunda və Mərkəzi Bankda kifayət qədər valyuta ehtiyatları olduğundan böhranın acı nəticələrinin azaldılması və neft gəlirlərindən səmərəli istifadə olunması üçün iqtisadi siyasətin və tədbirlərin əsas istiqamətlərini aşağıdakı kimi ümumiləşdirə bilərik:
- süni qiymət artımlarına, inhisarçılığa və haqsız rəqabətə qarşı dövlət nəzarət tədbirlərinin gücləndirilməsi;
- xaricdə saxlanılan valyuta ehtiyatlarının bir hissəsinin güzəştli şərtlərlə yerli bankların istifadəsinə verilməsi, ümumiyyətlə, banklararası və əhaliyə ünvanlanmış güzəştli kreditlərin stimullaşdırılması;
- fermerlərə və digər sahibkarlara dövlət köməyinin artırılması, regional və sektoral vergi güzəştlərinin tətbiqi, qeyri-neft sektoru üzrə ixracın stimullaşdırılması;
- dövlət investisiya proqramının prioritetlərinə yenidən baxılması, büdcə vəsaitlərindən səmərəli istifadənin və dövlət maliyyə intizamının gücləndirilməsi;
- ƏDV dərəcəsinin optimal səviyyəyə - 16 faizə endirilməsi;
- kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrə 0 faizlə kreditlərin verilməsi;
- Mərkəzi Bankın yenidən maliyyələşdirmə faiz dərəcəsinin 0 dərəcəyə endirilməsi ilə verilən kreditlərin həcmini artırmaq və kredit bazarında faizlərin aşağı salınmasına təsir edə biləcəyi səviyyəyə çatdırmaq;
- dövlət büdcəsində elm, təhsil, səhiyyə, mədəniyyət, habelə sosial müdafiə, ətraf mühitin qorunması və ekoloji xərclərin prioritet qəbul olunması və həmin xərclərin artırılması;
- işsizlərin təkrar peşə hazırlığını təmin edən layihələrin maliyyələşdirilməsi və onlara verilən müavinətlərin artırılması və s.
Qeyd edək ki, bu sahələrə diqqətin artırılması və inkişafın stimullaşdırılması qeyri neft-sektoru məhsulları və xidmətlərinə tələbi artırır və dayanıqlı iqtisadi artımın yaranmasına gətirib çıxarır. Bu istiqamətlərdə xərclərin artırılması qısa müddətli dövrdə qeyri-neft real sektoruna tələbi artırmaqla həmin sektorda məhsul istehsalını stimullaşdırır. Uzunmüddətli dövrdə isə bu istiqamətlərdə inkişaf, onun məhsul və xidmətlərinin kəmiyyət və keyfiyyət baxımından yaxşılaşmasına səbəb olur ki, bu da məhsul və xidmətlərə böhrandan asılı olmayaraq tələbi (daha çox daxili tələb) daim artmaqdadır.
Neft gəlirlərinin artması mərhələsində makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyası xüsusilə zəruridir. Qeyd edək ki, bu istiqamətdə Azərbaycanda son 10 ildə mühüm nailiyyətlər əldə olunmuşdur və bu nailiyyətlərin bariz nümunəsi ölkədəki makroiqtisadi sabitlikdir. Bununla belə, gələcəkdə neft gəlirlərinin məqsədi dövlət proqramları çərçivəsində istifadə olunması prosesində fiskal və monetar sektorlar arasında koordinasiya mexanizmlərinin əsaslı təkmilləşməsinə ehtiyac yaranacaqdır.
5. İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və qeyri-neft sektorunun inkişafında Ümumdünya Ticarət Təşkilatına (ÜTT-yə) üzv olmağın rolu
Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT-yə) üzv olmağın əhəmiyyəti böyükdür. ÜTT dünya iqtisadiyyatının inkişafında, dünya ticarətinin genişlənməsində, dinamik yüksəlməsində və dünya bazarında rəqabət mühitinin qorunub saxlanmasında əhəmiyyətli rol oynayır. Azərbaycan ÜTT-yə qoşulmaqla ölkəmizin dünya iqtisadiyyatına daha sıx və səmərəli inteqrasiya olunmasını, ölkənin xarici iqtisadi əlaqələrinin daha da genişlənməsini, xarici ticarətin inkişafını təmin edə, eyni zamanda aparılan iqtisadi islahatların və liberallaşmanın təsadüfi olmadığını və bu prosesin daha sürətlənəcəyini bir daha təsdiq edə, ölkəmizin investisiya və kredit cəlbedicilik risklərini xeyli azalda bilər.
ÜTT-yə üzv olmaq üçün ilk növbədə rəqabət qabiliyyətli yerli istehsala malik olmaq lazımdır. Xüsusi qeyd etmək lazımdır ki, dünya bazarında rəqabət qabiliyyətli son məhsul və xidmətlərlə çıxış etmək üçün yerli istehsalın inkişaf səviyyəsi hələ ki, nəzərəçarpacaq dərəcədə yüksək səviyyədə deyildir. Bununla yanaşı, Azərbaycanda son bir neçə il ərzində dünyada ən yüksək iqtisadi artım müşahidə olunur və MDB ölkələri arasında iqtisadi inkişaf səviyyəsinə görə seçilir. Onu da qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində iqtisadi inkişaf səviyyəsinə, əsas makroiqtisadi göstəricilərə görə (ümumi daxili məhsul, milli gəlir və s.) Azərbaycandan heç də yüksək olmayan Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan müvafiq olaraq 1998, 2000, 2001 və 2003-cü illərdə ÜTT-yə tam hüquqlu üzv qəbul edilmişlər. Türkmənistan isə ümumiyyətlə, bu təşkilata üzvlüklə bağlı müraciət belə etməmişdir. Azərbaycan da daxil olmaqla digər MDB ölkələri ÜTT-yə üzvlüklə bağlı müraciət etsələr də, hələlik bununla əlaqədar aparılan danışıqların müxtəlif mərhələlərindədirlər. Məsələn, Rusiya, Ukrayna və Qazaxıstan bu təşkilata üzvlüyə daha şanslıdırlar, xüsusilə də birinci iki ölkə ÜTT-yə üzvlüklə bağlı yekun protokolun imzalanması mərhələsinə yaxınlaşmışdır. Qeyd edək ki, ÜTT-yə qoşulma hər bir ölkə üçün fərdi xarakter daşımaqla, olduqca mürəkkəb prosedurludur və üzvlüyə qəbul 3 ildən 15 ilədək davam edə bilər.
Azərbaycan ÜTT-yə üzv olmaq üçün rəsmən 1997-ci ildə bu təşkilatın katibliyinə müraciət etmiş, həmin ildən Azərbaycan ÜTT-yə qəbul prosesinə və bu təşkilatla əməkdaşlığa başlamışdır. Həmçinin üzvlüyə qəbul edilmək məsələsi ilə bağlı Azərbaycanın işçi qrupu yaradılmışdır. Eyni zamanda, tərkibi müxtəlif nazirlik, komitə və agentliklərin nümayəndələrindən ibarət olan milli koordinasiya qrupu yaradılmışdır ki, bu qrup da ölkənin üzvlük öncəsi mövcud problemlərin çözülməsi ilə məşğul olur.
Bütün üzv ölkələr təşkilatın qarşıya qoyduğu əsas prinsiplərə əməl etməlidir. ÜTT-yə üzvlük ölkələr üçün aşağıdakı üstünlükləri verə bilər:
1) geniş və zəngin informasiya şəbəkəsinə daxil olmaq, o cümlədən bu təşkilat vasitəsilə ticarət mübahisələrinin ədalətli yolla həllinə nail olmaq;
2) üzv ölkələrin bazarlarına təhlükəsiz daxil olmaq;
3) çoxtərəfli ticarət danışıqlarında tam və bərabərhüquqlu üzv kimi iştirak etmək və ticarət siyasətini müəyyənləşdirmək hüququna malik olmaq;
4) idxal rüsumlarının azaldılması nəticəsində milli bazarlarda rəqabətin yüksəlməsi;
5) istehlakçılara rəqabətin üstünlüklərindən tam istifadə etmək imkanının verilməsi, daha doğrusu, böyük seçim və aşağı qiymətlər;
6) tariflərin aşağı salınması xammal materialları, aralıq məhsul və komponentlərin qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır ki, nəticədə də son məhsul və xidmətlərin maya dəyəri aşağı düşür, istehlak xərcləri azalır;
7) milli qanunların beynəlxalq qanunlarla uzlaşdırılması və müvafiq üzv ölkələrin bu sahə üzrə standartları tətbiq etməklə iqtisadi islahatların sürətləndirilməsi;
8) iqtisadi idarəetmədə, xüsusən xarici iqtisadi fəaliyyətin tənzimlənməsində və xarici ticarətə yardım edilməsində hökumətin rolunun zəifləməsi;
9) üzv ölkələrin bir-birilərinin ərazilərindən təhlükəsiz olaraq tranzit kimi istifadə etmək hüququnu əldə etməsi;
10) xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxalda şəffaflaşdırma, ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və süni bürokratik əngəllərin qarşısının alınması nəticəsində gizli ticarət dövriyyəsinin və korrupsiya hallarının azaldılması.
Əlbəttə, yuxarıda qeyd olunan üstünlüklər, daha çox inkişaf etmiş ölkələr və qismən də yeni sənaye ölkələrinə şamil edilə bilər. Çünki bu ölkələr iqtisadi inkişafın daha yüksək mərhələlərindədirlər, güclü sənayeyə malikdirlər, dünya bazarında yüksək rəqabət qabiliyyətli mallarla öz yerini möhkəmlətmiş ölkələrdir ki, bununla da ÜTT-nin prinsiplərinə əməl etməklə xarici ticarət fəaliyyətini həyata keçirmələri bu ölkələr üçün elə bir çətinlik yaratmır.
ÜTT-yə üzvlük Azərbaycanın bəzi üstünlüklərini təmin etsə də, yuxarıda qeyd olunan üstünlüklər içərisində 4-cü və 8-ci bəndlərdə göstərilmiş müddəalar Azərbaycan üçün əksinə zərər verə bilər. Belə ki, hazırda, yenicə formalaşan yerli istehsalın və milli bazarın xarici rəqabətdən qorunması üçün hökumət tərəfindən proteksionist tədbirlərin həyata keçirilməsi vacibdir. Bu baxımdan, idxal rüsumlarının azaldılması nəticəsində milli bazarda rəqabətin yüksəlməsi Azərbaycan üçün səmərəli deyildir, çünki bu cür siyasətin həyata keçirilməsi ona gətirib çıxara bilər ki, yüksək rəqabət qabiliyyəti olmayan milli məhsullar rəqabətə tab gətirməyərək tam iflasa uğraya bilərlər. Eləcə də, iqtisadi idarəetmədə, xüsusən, xarici iqtisadi fəaliyyətin tənzimlənməsində və xarici ticarətə yardım edilməsində hökumətin rolunun zəifləməsi Azərbaycan üçün sərfəli deyildir.
Beləliklə, Azərbaycanın ÜTT-yə üzv olması ilə əldə edə biləcəyi üstünlükləri qeyd etməklə yanaşı, çəkə biləcəyi aşağıdakı zərərləri də göstərmək olar:
- yerli mal və xidmətlərin rəqabət qabiliyyətinin olmaması və standartlara cavab verməməsi;
- gömrük rüsumları və vergilərin azaldılması nəticəsində, dövlət büdcəsi gəlirlərində baş verən azalma qısa və orta müddətli problem yarada bilər;
- texnologiyaların idxalı üzrə patentlərə görə ödənilən komisyon haqlar sənaye istehsalı xərclərinin artmasına gətirib çıxara bilər və nəticədə, qiymət rəqabətində üstünlük azala bilər;
- yerli sənayenin müdafiəsi məqsədilə hökumətin ayırdığı birbaşa, yaxud dolayı subsidiyaların dayandırılması bu sahədə müəyyən çətinliklərin meydana gəlməsinə gətirib çıxara bilər;
- daxili qiymətlərin dünya qiymətlərinə uyğunlaşdırılması istehlakçıların xərclərinin artmasına və bununla da sosial-iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxara bilər.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanın ÜTT-yə üzv olmasına birmənalı qiymət vermək olmaz, yəni burada malik olacağımız üstünlüklərlə yanaşı, dəyəcək zərərləri də görmək lazımdır. Buna görə də yuxarıda qeyd etdiyimiz problemlərin bir qismi hələ də qaldığından, Azərbaycanın ÜTT-yə üzv olmasına tələsməməli, bu proseslərə ciddi hazırlaşmalı, qeyri-neft sektoruna daha çox diqqət ayrılmalı, rəqabət qabiliyyətli son məhsul istehsal edən sahələr formalaşdırılmalı və inkişaf etdirilməlidir ki, ölkəmiz sözügedən təşkilata tam əminliklə və uğurla üzv qəbul edilsin və bu üzvlüyün verə biləcəyi imkanlardan yararlanmaq mümkün olsun.
Tədiyyə balansının yaxşılaşdırılması üçün cari hesablar balansının, əsasən də ixracın diversifikasiyası zəruridir. Belə ki, hazırda Azərbaycan ixracının 90 faizindən çoxunu (2008-ci ildə 92,5 faizi) xam neft təşkil edir və tədiyyə balansı neftin dünya bazarındakı qiymətlərinin qalxıb-düşməsinə uyğun olaraq ciddi dəyişikliklərə uğrayır. Neftin dünya bazar qiyməti 2008-ci ilin sonlarından başlayaraq aşağı düşməyə başlayıb və beynəlxalq təşkilatların proqnozlarına görə, yaxın perspektivdə neftin qiymətinin əvvəlki səviyyəyə (100 ABŞ dollarından artıq) yüksəlməsi gözlənilmir. Bu baxımdan, xarici ticarətin sahə və əmtəə strukturunun diversifikasiyası və Azərbaycan müəssisələrinin müasir beynəlxalq ticarət sistemində iştirak mexanizminin təkmilləşdirilməsi zəruri məsələlərdəndir. Bu istiqamət təkcə rəqabət qabiliyyətliliyin artırılması baxımından deyil, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələri və bütünlükdə iqtisadiyyatda sabitliyin qorunub saxlanılması baxımında əhəmiyyətlidir. İxracın diversifikasiyası üçün əsas tədbirlərdən biri xidmətlərin ixracının, xüsusi olaraq nəqliyyatın, o cümlədən tranzit daşımaların artırılması vacibdir. Azərbaycanın coğrafi mövqeyi, bu sahədə hazırlanan layihələr nəqliyyat xidmətlərinin artırılması üçün çox böyük potensial imkanların olduğunu göstərir. Bunun üçün gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir.
Xarici iqtisadi əlaqələrdə iştirak edən müəssisələrin sayının artması, ixrac edilən əmtəə və xidmətlərin nomenklaturunun genişlənməsi və ən əsası isə kiçik biznesin xarici fəaliyyətə qoşulmasına şərait yaratmaq üçün dövlət siyasəti formalaşdırılmalıdır. Burada həm bütünlükdə ixracın stimullaşdırılması, həm də kiçik bizneslə məşğul olan müəssisələrin rəqabət qabiliyyətliliyinin artırılması baxımından tədbirlər görülməlidir. İxracın diversifikasiya edilməsində əsas məsələlərdən biri elmtutumlu malların ixracının genişləndirilməsidir.
Beynəlxalq və regional bazarlarda yeni satış nöqtələrinin tapılması, mövcud olanların daha da genişləndirilməsi, bu bazarlarda qarşıya çıxan maneələrin araşdırılması və bunların ikitərəfli və ya çoxtərəfli anlaşmalar nəticəsində həll edilməsini təmin edəcək sistematik bir fəaliyyət planının hazırlanmasına ehtiyac vardır. İxracat firmalarının dünya bazarında gedən proseslər, konyunktur və tələbatlarda dəyişikliklər barədə informasiya ilə təmin edilməsi ilə yanaşı, elektron informasiya mübadiləsinin dünya ticarətində əsas rola malik olduğunu nəzərə alaraq, xaricdəki alıcılar və Azərbaycandakı satıcılar arasında davamlı məlumat mübadiləsini həyata keçirəcək bir sistem qurulmalıdır. Bunun üçün hazır məhsul ixrac edən firmalar, onların məhsulları haqqında geniş məlumatları əks etdirən bir neçə internet saytı yaradılmalıdır. Bütövlükdə ixracı stimullaşdırmaq məqsədilə istehsal edilmiş məhsulların keyfiyyətinin artırılması ilə yanaşı, marketinq və bazarlama işinə daha çox fikir verilməlidir.

{nl}

{nl}

Tanrıverdi PAŞA, AMEA İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında