ARDNŞ hasilat və kəşfiyyat işlərinə diqqəti artırır

 

 

“Bulla-dəniz” yatağındakı 122 saylı özülün birinci istismar quyusunda qazma dəzgahı işə salınmışdır. Mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyində təmsil olunan digər  nümayəndələr iştirak etmişlər.

Tədbir iştirakçılarına ötən müddətdə burada görülmüş işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, 2013-cü ilin noyabr ayından etibarən ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşasına başlanılan 122 saylı stasionar dəniz özülünün tikintisi şirkətin “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilmişdir.

İki hissədən – istehsalat və yaşayış sahələrindən ibarət olan özül hər birinin uzunluğu 47 metr olan iki  ədəd piyada körpüsü ilə əlaqələndirilmişdir. Burada işçilərin rahat və təhlükəsiz çalışması üçün 100 nəfərlik müasir vaqon tipli məişət-yaşayış kompleksi tikilmişdir. Yeni özül Amerika və Çin istehsalı olan ən müasir qazma avadanlıqları, 11 ədəd yanalma və minik meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz edilmişdir. Bundan əlavə, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə altı ədəd dizel elektrik generatoru və bir ədəd köməkçi generator quraşdırılmış, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilmişdir. Özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 450 ton kondensat və 2 milyon 400 min kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma prosesi zamanı quyuların işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaqdır. Özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək. Gələcəkdə hasil olunacaq qaz və kondensatın təhlükəsiz nəqli məqsədilə ümumi uzunluğu 6 kilometr olan özüllərarası boru xətlərinin tikintisi nəzərdə tutulur.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yataqda qazılacaq 124 saylı birinci istismar quyusunda qazma dəzgahını işə salmışdr. ARDNŞ-in prezidentinə məlumat verilmişdir ki, layihə dərinliyi 6 metr olan bu quyu məhsuldar qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədilə Kompleks Qazma İşləri Tresti tərəfindən qazılacaqdır. Qazma prosesi karbohidrogen əsaslı qazma məhlulundan istifadə etməklə ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaqdır.

Elə buradaca qazmaçılarla söhbət edən R. Abdullayev  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində hasilat və kəşfiyyat işlərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. O, ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, getdikcə artan qaz hasilatı, qaz-nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədirlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında