Aprelin 23-də “Caspian Energy International Media Group”un 15 illik yubileyi çərçivəsində Bakıda Birinci Beynəlxalq “Caspian Energy Forum-2014” keçirilmişdir.
Forumu “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev açmışdır. O, tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, 15 il bundan əvvəl “Caspian Energy” jurnalının yaradılmasında məqsəd Azərbaycanın və Xəzəryanı regionu ölkələrinin neft strategiyasının dünyada tanıdılması idi. Bu istiqamətdə çox iş görülmüşdür.
Sonra açılış nitqi ilə çıxış edən forumun sədri, energetika naziri Natiq Əliyev bu ilin Azərbaycan və Xəzər regionu ölkələri üçün əlamətdar bir il olduğunu demişdir.
Qeyd olunmuşdur ki, cari il Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi təntənəli surətdə qeyd ediləcəkdir. Belə bir forumun məhz “Əsrin Müqaviləsi”nin 20 illik yubileyi çərçivəsində keçirilməsi olduqca əlamətdar hadisədir.
Sonra forum öz işini sessiyalarla davam etdirmişdir.
“Avropa İttifaqının enerji təhlükəsizliyinin Xəzər və Qara dəniz regionları ölkələri ilə qarşılıqlı fəaliyyəti” mövzusunda keçirilən birinci sessiyaya energetika naziri Natiq Əliyev sədrlik etmişdir. Nazir sessiyada “Azərbaycanın enerji təhlükəsizliyi - Xəzər regionu ölkələri ilə əməkdaşlıq və əsas prioritetlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etmişdir və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan son illərdə qaz hasilatını 30 milyard kubmetrə çatdırmışdır və bu da olduqca vacib məsələdir. Hasil olunan təbii qaz yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsində çıxarılacaq qaz Avropa ölkələrinin mavi yanacağa olan tələbatını ödəyəcəkdir.
Sessiyada Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Riçard Morninqstar çıxış edərək bildirmişdir ki, “Əsrin Müqaviləsi”nin imzalanması ABŞ ilə Azərbaycan əməkdaşlığının inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir. Rəsmi Vaşinqton Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrə qaz ixrac etmək niyyətini və bunun üçün reallaşdırmağa çalışdığı layihələri dəstəkləyir.
R.Morninqstar qeyd etmişdir ki, Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik Trans-Anadolu qaz kəməri (TANAP), Transadriatik qaz kəməri (TAP) və “Şahdəniz-2” layihələrinin Azərbaycanın liderliyi ilə reallaşdırılması olduqca əhəmiyyətlidir. Bu layihələrin reallaşdırılmasında beynəlxalq tərəfdaşlıq vacibdir.
Səfir bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) artıq dünya miqyasında transmilli şirkətə çevrilmişdir. Əminəm ki, ARDNŞ beynəlxalq əməkdaşlığa böyük önəm verərək həmin layihələrin icrasında müasir texnologiyalardan istifadə edəcəkdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək bildirmişdir ki, ötən 22 il ərzində Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazalarının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.
Qeyd edilmişdir ki, bu dövrdə yeni gömrük orqanları və sərhəd gömrük postlarının açılması, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi, gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunması, Dünya Gömrük Təşkilatının üzvü kimi inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi kimi uğurlara nail olunmuşdur.
Sessiyada Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının ekologiya şöbəsinin müdiri İlyas Əlizadə “Davamlı inkişafın ekoloji və energetik göstəriciləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Akkord Sənaye, Tikinti, İnvestisiya Korporasiyasının baş direktoru Göksel Aybek və “Azersun Holding”in prezidenti Abdulbari Gözəl çıxış edərək forumun keçirilməsinin əhəmiyyətindən danışmışlar.
ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə keçirilən forumun ikinci sessiyasında “Təbii qaz və qeyri-konvensional təbii qaz - XXI əsrin əsas enerji daşıyıcısıdır” və “Xəzərdə kəşfiyyat və hasilat perspektivləri” mövzularında fikir mübadiləsi aparılmışdır.
Akademik Xoşbəxt Yusifzadə sessiyada çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının nəticəsində 1994-cü ilin sentyabrında Bakıda imzalanmış “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri və bahalı neft müqaviləsi hesab edilir.
X.Yusifzadə qeyd etmişdir ki, “Əsrin müqaviləsi”nin əhəmiyyəti özünü həm siyasi, həm də iqtisadi tərəfdən göstərmişdir. Müqavilənin siyasi əhəmiyyəti ondan ibarətdir ki, dünyanın aparıcı neft şirkətləri Azərbaycanı etibarlı tərəfdaş kimi tanımış və rəsmi Bakı ilə əməkdaşlıq etməyə başlamışlar. Bu müqavilə Azərbaycanı dünyada tanıtmış və nüfuzunu yüksəltmişdir. Müqavilə imzalandıqdan sonra xarici şirkətlərlə daha 32 saziş imzalanmışdır.
İqtisadi əhəmiyyət isə ondan ibarətdir ki, ölkəmizdə neft və qaz istehsalı artmış, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün şərait yaradılmışdır. Əgər Azərbaycan 1997-ci ildə 9 milyon ton neft hasil edirdisə, 2010-cu ildə hasilat 51 milyon tona çatmışdır.
ARDNŞ-in birinci vitse-prezidenti diqqətə çatdırmışdır ki, hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin sulu hissəsindən ayda 2,8 milyon ton neft, 1,1 milyon kubmetr qaz hasil edilir.
X.Yusifzadə qeyd etmişdir ki, cari ilin aprelin 1-ə olan məlumata əsasən dünya bazarlarında Azərbaycanın payına düşən 175 milyon tona qədər mənfəət nefti satılmışdır. Mənfəət neftinin satışından əldə edilmiş gəlirlər Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə və xalqın rifah halının yaxşılaşdırılmasına sərf olunur.
Bildirilmişdir ki, 1999-cu ildə nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıtmışdır. “Şahdəniz” yatağının ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir.
Sessiyada “SOCAR-AQŞ”-in baş direktoru Ramin İsayevin “Ekoloji təmiz qazıma, Xəzərin xidmət şirkətlərinin əsas iş prinsipləri” və “Caspian Wireline Service”-nin prezidenti Kelvin Vilsonun “Geologiya və geofizikanın aparıcı dünya texnologiyalarının Xəzərdə tətbiqi” mövzularında məruzələri dinlənilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin sədrlik etdiyi forumun üçüncü və dördüncü sessiyalarında “İqtisadi qloballaşma - Azərbaycan iqtisadiyyatı üçün üstünlükləri və çatışmazlıqları”, “Qeyri-neft sektorunun inkişafı - Azərbaycanda sənaye, keyfiyyət infrastrukturu, nəqliyyat və turizmin inkişaf potensialı”, “Azərbaycanda XXI əsrin informasiya-kommunikasiya texnologiyaları innovasiyaları”, “Postböhran dünya maliyyə sistemi və Azərbaycanın maliyyə siyasəti” və başqa mövzular ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə, həmçinin Avropanın enerji təhlükəsizliyi, Avratlantik enerji bazarı miqyasında Xəzər enerji resurslarının rəqabətə davamlılığı və perspektivləri, bərpa olunan enerji mənbələri sahəsində innovasiyaların tətbiqi, neft emalı və neft kimyası sənayesinin ekoloji aspektləri məsələlərinə toxunulmuşdur. Bundan başqa, forumda maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və s. qeyri-neft sektoruna innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes ilə hakimiyyət arasında dialoqun yaradılması ilə bağlı da müzakirələr olmuşdur.
Sessiyalar həm mühazirə, həm də diskussiya formasında keçirilmişdir.
Forumda Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların, Xəzər dənizi, Qara dəniz və Baltik regionu ölkələrinin hökumət strukturlarının nümayəndələri, beynəlxalq şirkətlərin rəhbərləri iştirak etmişlər.
Birinci Beynəlxalq “Caspian Energy Forum-2014”-ün təşkilatçıları Caspian European Club (CEIBC) və “Caspian Energy International Media Group”dur.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.