BTC Ceyhandan 2500-cü tankeri yola saldı

 

 

bp-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) BTC vasitəsilə ixrac olunmuş neftin yükləndiyi 2500-cü tankerin dünən Türkiyənin Ceyhan terminalından yola düşdüyünü bəyan etmişdir.

“bp-Azərbaycan”dan Trend-ə bildirmişlər ki, “Vinga” adlı tanker Ceyhan dəniz terminalına gəlmiş və dünən neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola düşmüşdür. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 min barel neft yüklənmişdir. “Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.

BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft, əsasən, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilir.

Xatırladaq ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilmişdir. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərmişdir.

 

bp-nin Midstrim əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqz demişdir: “Fəaliyyət göstərdiyi səkkiz il ərzində BTC çox yüksək səmərəlilik nümayiş etdirmişdir. Ceyhandan 2500-cü tankerin yola salınması bu dünya səviyyəli obyektin nail olduğu əlamətdar bir hadisədir. Biz bu boru kəmərini inşa etdiyimiz vaxt onu nəhəng texniki nailiyyət kimi təsvir etmişdik. İndi isə, səkkiz illik təhlükəsiz və etibarlı fəaliyyətindən sonra, onu üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə boyunca vahid bir heyət tərəfindən idarə olunan səmərəli və dünya səviyyəli əməliyyatların yüksək nümunəsi adlandıra bilərik. Fürsətdən istifadə edərək, bizim BTC üzrə əməliyyatlar heyətinə əməyin təhlükəsizliyi üzrə əldə etdikləri mükəmməl göstəricilərə və əməliyyat səmərəliliyinə görə təşəkkür etmək istəyirəm. Bu heyətə boru kəmərinin və onun bütün qurğularının gecə və gündüz sakit və səmərəli şəkildə işləməsi üçün xidmət göstərən yüzlərlə insan daxildir. Mən, həmçinin boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının əməliyyatçısı olan Botaş International Limited şirkətinə bu mühüm uğurların əldə olunmasındakı əməyinə görə təşəkkür etmək istərdim.

Bu əlamətdar nailiyyətlə yanaşı, BTC üç ölkə boyunca yerli icmalarda səriştə və bacarıqların yaradılması, sosial infrastruktura çıxışın artırılması və onların özləri üçün davamlı gəlirlər yaratmasına dəstək verilməsi istiqamətində mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirmişdir. Mən boru kəməri boyunca yaşayan bütün icmalara göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirəm. BTC bu mükəmməl əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidlə baxır".

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 faiz); AzBTC (25 faiz); Şevron (8,90 faiz); Statoyl (8,71 faiz); TPAO (6,53 faiz); ENİ (5 faiz); Total (5 faiz), İtoçu (3,40 faiz); İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Hazırda BTC-nin ötürücülük qabiliyyəti sutkada 1,2 milyon barrel təşkil edir.

2013-cü ildə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunmuş və bu neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınmışdır.

Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə “Tengiz” neftinin nəql olunması bərpa olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında