Azərbaycanda “Sənaye ili”
2014-cü ilin birinci rübündə ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində yeni nailiyyətlər qazanılmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, eləcə də “Bakı şəhəri və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası paytaxtda və bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də intensivləşdirmişdir. Bütün bunlar isə ölkəmizdə iqtisadiyyatın dinamik və tarazlı inkişafını xeyli sürətləndirmişdir.
Dövlət Statistika Komitəsinin 2014-cü ilin yanvar-mart aylarının sosial-iqtisadi inkişafına dair hesabatında bildirilir ki, birinci rübdə Azərbaycanda 13,2 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 48,4 faizi sənaye sahələrinin, 9,6 faizi inşaat kompleksinin, 2,4 faizi kənd təsərrüfatının, 11,4 faizi ticarət və pullu xidmət sahələrinin, 6,1 faizi nəqliyyatın, 1,8 faizi informasiya və rabitə müəssisələrinin, 13,4 faizi digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı isə 6,9 faiz təşkil etmişdir.
Hesabat dövründə ölkənin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artmış, neft sektorunda isə 4,1 faiz azalmışdır. Qeyri-neft sektorunda əldə olunmuş əhəmiyyətli artım, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. 2014-cü ilin ilk rübündə ölkədə adambaşına düşən ÜDM-in həcmi 1403,4 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artım deməkdir. Göründüyü kimi, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası cari ilin ilk günlərindən etibarən davam etmişdir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “2014-cü il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir... Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən il olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik”.
2014-cü ilin birinci rübünün sonunadək Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dollara çatmışdır ki, bu da ölkəmizə daha yüksək inkişaf sürəti vəd edir. Belə ki, valyuta ehtiyatlarının artması, ölkənin maliyyə dayaqlarının möhkəmlənməsi isə öz növbəsində iqtisadi fəallığın güclənməsinə, yeni-yeni istehsal və xidmət sahələrinin yaradılmasına səbəb olmuşdur. Belə ki, bu ilin əvvəllərindən başlayaraq həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng inftrastruktur layihələrinin icrası davam etdirilmişdir.
İlin əvvəllərindən ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayedə də inkişaf tendensiyası davam etmiş, sənaye məhsulları istehsalının həcmi artmışdır. Bu da ölkədə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrasının davam etdirilməsi və s. stimullaşdırıcı tədbirlərin məntiqi nəticəsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-mart aylarında sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 6 milyard 369,3 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bütövlükdə isə, son on ildə ölkədə sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır. Bu da heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Cari ilin birinci rübü ərzində istehsal olunmuş sənaye məhsulunun 5 milyard 452,8 milyon manatlığı və ya 71,8 faizi mədənçıxarma, 564,7 milyon manatlığı və ya 21 faizi emal, 334,2 milyon manatlığı və ya 6,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 17,6 milyon manatlığı və ya 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Yeri gəlmişkən, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Eyni zamanda, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirakına imkan yaratmışdır.
Bununla yanaşı, ölkə sənayesinin qeyri-neft sektorunda da inkişaf tendensiyası getdikcə sürətlənir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır.
2014-cü ilin birinci rübündə ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 80,2 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93 faizi sənaye mallarının, 7 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.
Hesabat dövründə istehsal olunmuş sənaye məhsulunun 99,4 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 295,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, yanvar-mart aylarında mədənçıxarma və ya hasilat sənayesində 24,9 milyard manatlıq məhsul istehsal olunmuşdur. Cari ilin üç ayında sahənin əsas məhsulu olan xam neftin hasilatı 10 milyon 432,6 min ton, əmtəəlik təbii qazın istehsalı isə 4 milyard 535,4 milyon kubmetr təşkil etmişdir. Bundan əlavə, rüb ərzində 39,3 min ton dəmir filizi, 141,4 ton mis filizləri və konsentratları, 351,8 kiloqram qızıl və 120,9 kiloqram gümüş hasil edilmişdir. Bundan əlavə, hesabat dövründə mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 294,6 min ton tikinti qumu, 97,9 min ton inşaat üçün əhəng daşı, 325,4 min ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı, 7,1 min ton duz və s. istehsal olunmuşdur.
Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 1,7 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın daha çox hissəsi qida məhsullarının və içkilərin payına düşmüşdür. Belə ki, rüb ərzində mühüm növ qida məhsullarından sayılan ət, kolbasa məmulatları, süd və süd məhsulları, marqarin, qənd və şəkər tozu, çörək və çörək-bulka məmulatları, eləcə də üzüm şərabı, konyak, alkoqolsuz içkilər və siqaret istehsalı xeyli artmışdır. Bütövlükdə isə ötən il qida məhsullarının istehaslında 2,5 faiz artım qeydə alınmışdır.
Emal bölməsinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən ötən dövr ərzində 21,2 milyon manatlıq məhsul buraxılmışdır. Yanvar-mart ayları ərzində pambıq lifi, hazır pambıq parçalar və pambıq yataq ağları istisna olmaqla digər malların istehsalında azalma müşahidə edilmişdir.
Emal sənayesinin ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı müəssisələri tərəfindən 610 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövründəkindən bir qədər azdır. Hesabat dövründə Azərbaycanda 306,7 min ton avtomobil benzini, 175 min ton ağ neft, 588,1 min ton dizel yanacağı, 69,5 min ton neft bitumu və 10,4 min ton sürtkü yağları istehsal olunmuşdur.
Adıçəkilən bölmənin kimya sənayesində rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr isə üç ay ərzində 71 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Sahənin mühüm növ məhsullarından propilen, polietilen, lak-boya məmulatları, polimer örtüklər, butulka və aztutumlu plastik məmulatların istehsalı xeyli artmışdır.
2014-cü ilin ilk rübündə tikinti materialları sənayesində məhsul istehsalı 17,8 faiz artaraq 80,6 milyon manat təşkil etmişdir. Ötən üç ay ərzində müəssisələr tərəfindən 558,1 min ton sement, 9,9 min kubmetr betondan yığma tikinti konstruksiyaları, 422,3 min ton hörmə üçün hazır beton qarışığı və s. mallar istehsal olunmuşdur.
Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə rüb ərzində 94,7 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Metallurgiya sənayesində 17,5 faiz, metal məmulatlarının istehsalı sahəsində isə 3,6 faizlik artım qeydə alınmışdır. Adıçəkilən bölmənin mühüm növ məhsullarından sayılan polad tökmə, alüminium çubuqlar, millər və profillər, qeyri-cins poladdan dəstələr şəklində katankalar istehsalı xeyli artmışdır. Bundan əlavə, hesabat dövründə hazır metal məmulatlarının istehsalı sahəsi üzrə mayelər üçün çənlər, qara metallardan sair konstruksiyalar, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil və kabellərin istehsalında da yüksək artım qeydə alınmışdır.
İlin ötən üç ayı ərzində Azərbaycanda kompyuter və digər elektron avadanlıqlarının istehsalı sahəsində azalma müşahidə olunsa da, elektrik avadanlıqlarının istehsalında 58,4 faizlik artım qeydə alınmışdır. Hesabat dövründə ölkəmizdə maşın və avadanlıqların, eləcə də nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində məhsul istehsalının həcmi 90,5 milyon manat təşkil etmişdir. Sahənin mühüm növ məhsullarndan sayılan maşın və avadanlıqların istehsalında 10,8 faiz, nəqliyyt vasitələrinin istehaslında 3,5 dəfə, avtomobil və qoşquların istehsalında isə 2,8 dəfə artım baş vermişdir. Başqa sözlə, cari ilin üç ayı ərzində ölkəmizdə elektrik ötürücüsü olan liftlər və skif qaldırıcılarının sayı 2 dəfə, traktorların sayı 3,9 dəfə, yük və minik avtomobillərinin sayı isə müvafiq olaraq 2,3 dəfə və 10 dəfə artmışdır.
Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 532,4 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Yanvar-mart ayları ərzində ölkədə 5 milyard 979,3 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 5 milyard 730,7 milyard kilovat-saatı istilik, 247,6 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşmüşdür. İlin ötən üç ayında sənayenin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 17 faiz artmışdır.
2014-cü ilin yanvar-mart aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 184,8 min nəfər olmuş, onların orta aylıq əmək haqları 652,9 min manat təşkil etmişdir.
Ölkəmizin perspektiv inkişaf planında sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. Xatırladaq ki, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin cari il yanvarın 10-da imzaladığı sərəncamla 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilmişdir. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparıldığını vurğulayaraq ənənəvi sənaye mərkəzləri ilə yanaşı, bütün rayonlarda da sənaye zonalarının yaradılması ilə bağlı göstəriş vermişdir. Heç şübhəsiz, Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, regionların inkişafının daha da sürətləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi, eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən işlər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin sürətli inkişafına səbəb olacaqdır.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.