Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyları (İKT) sektoru dinamik inkişaf edir və ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımına təkan verir, İKT-nin ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır. Bu ilin birinci rübündə əldə olunmuş nailiyyətlər də bunu deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2014-cü il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) adlandırılması, söz yox ki, bu sahədə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Qeyd edim ki, nazirliyin adının dəyişməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin layihəsi, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflər hazırlanaraq razılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına göndərilmişdir.
2014-cü ilin I rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 faiz artaraq 381 milyon manat təşkil etmişdir. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür. RYTN üzrə rüb ərzində 17 yeni iş yeri açılmış, orta aylıq əməkhaqqı 378,6 manat təşkil etmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artırılaraq 656,9 manata çatdırılmışdır. Ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 13 milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir. Ümumilikdə informasiya, rabitə və poçt sektoruna 29,5 milyon manat investisiya qoyulmuşdur və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 0,9 faiz təşkil edir.
Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə bu dövrdə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 6 yeni EATS istismara verilmiş, 16 ATS-də genişləndirmə işləri aparılmış və nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 1 809 489 nömrəyə, əsas telefon aparatlarının sayı isə 1 478 250 nömrəyə çatdırılmışdır.
2013-cü ildə Bakı telefon şəbəkəsi üzrə “Bakinternet” internet xidmətinin mərkəzi platforması yüksək səviyyəli marşurutlayıcılar tətbiq olmaqla yenidən qurulmuş və rüb ərzində qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəli ilə müqayisədə 6,5 Gbit/s artırılaraq 36,5 Gbit/s-yə çatdırılmışdır.
Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılmışdır. Əhalinin artım tempi və yeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, tələbata uyğun olaraq universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir.
Rüb ərzində “Aztelekom” İB-nin şəbəkəsində 13 168 yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanı yaradılmış və beləliklə də şəbəkənin ümumi tutumu 127 980-ə və istifadəçilərin sayı isə 116 458-ə çatdırılmışdır. Hazırda BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80 faizə qədərinin yaşadığı ərazini əhatə edir və abunəçilərin sayı 30 857-yə çatdırılmışdır.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd təşkil edir. Eyni zamanda, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. 2014-cü ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 milyon dəqiqə azalaraq 97,8 milyon dəqiqə, çıxış trafikinin həcmi isə milyon dəqiqə azalmışdır.
Rüb ərzində Azərbaycanın ilk telekommunikasiya peykinin tutumunun satışı üzrə işlər davam etdirilmişdir. Hazırda peyk üzərindən 66 kanal yayımlanır. Ukraynanın “Ukrkosmos” dövlət müəssisəsinə icarəyə verilən peyk tutumunun həcmi 4 dəfə artırılmışdır. Eyni zamanda, Türkiyənin “Samanyolu” kanalının yayımı üzrə müqavilə bağlanmış və bir sıra kanallarla danışıqlar aparılmışdır. “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə (604 min ABŞ dolları dəyərində) uyğun olaraq keçirilmiş tenderin nəticəsinə əsasən qalib elan edilmiş “Global Resources” şirkəti tərəfindən “Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılmışdır. Çox yüksək ayırdetməli aşağı orbitli peykin 2017-ci ildə orbitə çıxarılması üzrə tender prosesinə başlanılmışdır. Tenderdə 6 iddiaçı iştirak edir. Cari ilin may ayında tenderin açılışı nəzərdə tutulur.
2014-cü ilin I rübü ərzində sürətli poçt xidmətlərinə 1 ədəd yeni lisenziya verilmiş, 1 ədəd lisenziyanın müddəti uzadılmış, eyni zamanda, telekommunikasiya xidmətləri üzrə verilmiş 1 ədəd lisenziyanın müddəti uzadılmışdır.
Telefon rabitəsi üzrə yeni tariflərin 2014-cü ildən tətbiqini nəzərə alaraq, operatorlararası qarşılıqlı hesablaşmaların tətbiq ediləcək yeni tariflərə uyğunlaşdırılması, tarifləri aşağı salmaqla istehlakçıların rabitə xidmətləri tariflərindən daha səmərəli istifadəsinin tənzimlənməsi məqsədilə operatorlar arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas prinsip və şərtlərində müvafiq dəyişikliklər edilmiş və bu dəyişikliklər əsasında qarşılıqlı arabağlantı müqavilələrinin bağlanılması istiqamətində tədbirlər görülmüşdür.
Universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin mövcud vəziyyəti təhlil edilmiş və təkliflər hazırlanmışdır. “Aztelekom” İB və Naxçıvan MR RYTN-in xidmət ərazisinə daxil olan bütün yaşayış məntəqələrində universal telekommunikasiya xidmətlərinin göstərilməsi təşkil edilmişdir.
İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bu proqram sənədi informasiya cəmiyyətinə 3 keçid dövrünün əsas prioritetlərini müəyyənləşdirmişdir.
Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən şəbəkə avadanlıqlarının təhlükəsizlik testi, proqram təminatlarının, virusların analizi məqsədilə laboratoriyanın yaradılması və işinin təşkili üçün layihə hazırlanaraq Elmin İnkişaf Fonduna təqdim olunmuşdur. Yeni yaranan elektron təhlükələr, onların qarşısının alınması vasitələri barədə tövsiyələr, elektron təhlükələr barədə əldə edilmiş məlumatlar, həmçinin onların qarşısının alınması üçün tətbiq edilən proqram və texniki vasitələr haqqında təlimat və tövsiyələr hazırlanmışdır.
Elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 18 452 ədədə çatdırılmışdır. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq proqram təminatları yazılmış və digər tədbirlər görülmüşdür. 33 quruma pulsuz e-imza sertifikatı təqdim edilmişdir “Elektron hökumət” portalına 45 qurum fiziki olaraq qoşulmuş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 319-u vahid portal (bir pəncərə prinsipi) vasitəsi ilə əhaliyə təqdim olunur.
Dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 2 dövlət informasiya ehtiyatı və 15 fərdi məlumatın informasiya sistemləri dövlət qeydiyyatına alınmışdır. Ümumilikdə isə 39 dövlət informasiya ehtiyatı və 117 fərdi məlumat reyestrə daxil edilmişdir.
İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompyuterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə RYTN-in təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Xalq kompyuteri” layihəsi davam edir. Hazırda 22 895 nəfər layihə iştirakçısı kompyuter əldə etmişdir. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir.
“Yüksək Texnologiyalar parkı”nın formalaşdırılması, zəruri infrastrukturun qurulması, normativ-hüquqi bazanın formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər davam etdirilmişdir. Fransanın Nitsa şəhərində Azərbaycanın “Yüksək Texnologiyalar parkı” - “YT Park” MMC ilə Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan “Sofiya Antipolis” Texnoparkı arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır.
Eyni zamanda, “Yüksək Texnologiyalar parkı”nın yaradılması üçün Pirallahı rayonunda ayrılmış ərazidə parkın ərazisinin layihələndirilməsi və infrastrukturun yerləşdirilməsi üzrə bu sahədə çalışan şirkətlərlə müzakirələr aparılır.
Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 2014-cü ilin I rübü ərzində Daşkəsən “AzDataKom” şəbəkəsinə qoşulmuş və hazırda şəbəkənin 2563 əhali, 1288 təşkilat abunəçisi vardır.
Ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 9 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilmişdir ki, bundan 5 ədədi FM radio verici, 4 ədədi isə rəqəmli verici olmuşdur. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 97 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilmişdir.
Milli televiziya və radio proqramlarının “Azərspace” peyki vasitəsilə ötürülməsinin təmin edilməsi üçün Teleqüllə ərazisində quraşdırılmış yerüstü peyk stansiyası vasitəsi ilə 33 TV və 11 radio proqramının “Azərspace” peyki üzərindən yayımı təşkil olunmuşdur.
Respublikada yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin tərkib hissələri olan radiomonitorinq məntəqələrinin yerini (ilkin olaraq, Bakı və Gəncə şəhərləri, Abşeron və Masallı rayonlarında) Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə və beynəlxalq standartlara uyğun seçilməsi, müvafiq yerlərin alınması, mövcud məntəqələrin müvafiq yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin tikintisi və s. üzrə tədbirlər davam etdirilir.
2014-cü ilin I rübü ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Rüb ərzində 4 ədəd PŞ binası tikilmiş, 11 ədəd inzibati və 4 ədəd PŞ binası əsaslı təmir olunmuşdur. Hazırda 4 ədəd PF inzibati binasının və 4 ədəd PŞ binasının təmiri, Qobustan PF-nin inzibati binasının tikintisi işləri aparılır.
“Azərpoçt” MMC-də banklarda göstərilən xidmətlərin tətbiqi prossesi həyata keçirilməkdədir. “Azərpoçt” MMC-nin tabeçiliyində olan RPF və PF-lərin filiallarında bütün lisenziyası olan şöbələrdə “Contact”, “Caspian Money Transfer”, “Zolotaya Korona” Beynəlxalq pul köçürmələri qoşulmuş və əhalinin istifadəsinə verilmişdir. Cari ilin mart ayında Masallı rayonunun poçt şöbəsi olmayan Şatroba kənd sakinlərinə “Azərpoçt” MMC-nin yeni xidməti olan səyyar poçt avtomobili vasitəsilə poçt və maliyyə xidmətləri göstərilmişdir.
Smart sayğac kartlarının yüklənməsinin poçt şöbələri tərəfindən təşkili məqsədilə, Milli Ön (Komtec) şirkəti ilə danışıqlar aparılmışdır. Aparılmış danışıqların nəticəsinə uyğun olaraq, Milli Ön operatorları tərəfindən “Azərpoçt” şəbəkəsi üçün xüsusi proqram təminatı hazırlanmaqdadır. Hazırda Comtek şirkəti tərəfindən sınaq işləri aparılır.
Rüb ərzində “Azərmarka” şirkəti tərəfindən 8 mövzuda 19 ədəd poçt markası, 4 növ poçt kartı və 5 ədəd zərf hazırlanaraq dövriyyəyə buraxılmışdır.
RYTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, ikitərəfli görüşlər keçirilmiş, eyni zamanda, nazir və nazirliyin digər məsul şəxsləri dünyanın bir neçə ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə iştirak etmiş və bir sıra beynəlxalq əhəmiyyətli konfranslar keçirilmişdir.
RYTN ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ilin I rübü ərzində də RYTN tərəfindən idmanın inkişafına yaxından köməklik göstərilməsi məqsədi ilə “Rabitəçi” İdman Klubuna 142 min manat vəsait ödənilmişdir. İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika və beynəlxalq yarışlarda iştirak edərək 12 qızıl, 7 gümüş və 17 bürünc medala layiq görülmüşlər.
Qəbul olunmuş Milli Strategiya, dövlət proqramları qarşıya mühüm vəzifələr qoymuşdur. İnanırıq ki, bütün rabitəçilər səylə çalışaraq bu tapşırıqların öhdəsindən layiqincə gələcəkdir.
Vidadi ZEYNALOV,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.