“ŞAHDƏNİZ-2” layihəsi üzrə yeni müqavilələr imzalanıb

 

 

“Şahdəniz-2” layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanmışdır. Planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru dirəklərini və sualtı konstruksiyaların tikintisinə dair müqavilə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” şirkətlərindən ibarət konsorsiuma verilmişdir.

Xatırladaq ki, bu müqavilə layihənin ikinci mərhələsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir. 750 milyon dollar dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13400 və 12300 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 min ton olan 2300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə 8  təcridetmə klapanı qurğusu, 10 axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1000 beton döşənək və cərəyan ötürücü zona üçün min ton özüllərin hazırlanması daxildir. Müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-in Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.

Bu müqavilənin imzalanması Şahdəniz konsorsiumu tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2750 nəfər yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell “BOS Shelf”, “Saipem” və “Star Gulf” konsorsiumu ilə belə mühüm tikinti müqaviləsinin imzalanmasını Azərbaycanın dünya səviyyəli istehsalat-quraşdırma sahəsindən istifadə olunmasına və  Şahdəniz tərəfdaşlarının yerli resursların inkişaf etdirilməsinə və gücləndirilməsinə davamlı dəstəyinin nümunəsi kimi dəyərləndirib.

Şahdəniz konsorsiumu sualtı hasilat sistemlərinin təchizatına dair  təxmini dəyəri 394 milyon dollar təşkil edən müqaviləni isə “FMC Technologies Inc.” şirkəti ilə imzalayıb. Bu müqavilə çərçivəsindəki iş həcminə ilk iki hasilat kompleksi üçün avadanlıqların təchizatı daxildir. Həmin komplekslər sualtı manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici komponentlərdən ibarətdir. Sözügedən müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında