Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu artır

 

 

 

 

Dünyanın  sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən sayılan Azərbaycan Respublikası uzun illərdir ki, müstəqil iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Belə ki, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan  artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır.

Son illər beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Artıq yeddi ildən artıqdır ki, “Şahdəniz”  yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan və Türkiyəyə,  oradan isə Yunanıstana ixrac olunur. Sözügedən yatağın qaz ehtiyatları ilə zəngin olması səbəbindən isə layihənin ikinci, tammiqyaslı işlənmə mərhələsinə zərurət yaranmışdır. Məlum olduğu kimi, ötən il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Layihə üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir. Biz birgə səylərlə həyata keçirəcəyimiz nəhəng layihənin yalnız başlanğıcındayıq”. Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger isə “Şahdəniz-2” layihəsinin yekun qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayaraq demişdir: “Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. “Cənub”  qaz dəhlizinin işlənilməsi hökumətlər və biznes dairələri arasında əməkdaşlığın parlaq nümunəsidir və bu əməkdaşlıq qarşılıqlı faydalıdır”. Onun qənaətinə görə, “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının imzalanması Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcək və Qafqazla Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcəkdir.

Son zamanlar dünyada və Avropada cərəyan edən bir sıra siyasi proseslər fonunda da Azərbaycan qazına marağın getdikcə artması müşahidə olunur. Elə  bir sıra tanınmış ekspert və politoloqlar da bu qənaətdədirlər ki, hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukrayna böhranı Avropanı enerji təchizatını diversifikasiya etmək məcburiyyəti qarşısında qoyur. Məsələn, bu günlərdə Böyük Britaniya parlamentinin deputatı, energetika və iqlim dəyişikliyi komitəsinin üzvü Kristofer Pinçer belə bir mülahizə yürüdüb ki, Ukraynada baş verənlər üzündən Avropa Rusiyadan enerji asılılığını azaltmalıdır. Onun fikrincə, enerji təchizatının diversifikasiyası prosesində Azərbaycandan qaz tədarükü vacib rol oynayacaq.  Bununla belə, hazırda Avropanın Rusiyadan  enerji asılılığının yüksək olduğunu bəyan edən britaniyalı deputat hesab edir ki, bu aslılığı minimuma endirmək üçün Qərbə Xəzər dənizindən, hətta Şimali İraqdakı Kürdüstandan təbii qaz nəql oluna bilər. K. Pinçer, həmçinin bildirmişdir ki, yaxın illərdə qaz hasilatını xeyli artıran Azərbaycan, həm də bütün Orta Asiya qazının tranzit mərkəzinə çevrilə bilər. Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunu yüksək dəyərləndirən Böyük Britaniya parlamenti deputatının qənaətinə görə, Azərbaycan Rusiyadan yan keçməklə neft və qazı Qərbi Avropaya nəql edə biləcək boru xətləri şəbəkəsini maliyyələşdirə və təşkil edə bilər. Bu isə enerji təhlükəsizliyi məsələsinin xüsusi əhəmiyyət daşıdığı müasir dövrdə Azərbaycanın potensial qaz təchizatçısı və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.

Bəzi ekspertlər isə hesab edirlər ki,  Rusiya-Ukrayna münasibətlərinin kəskin şəkildə pisləşməsi nəticəsində Azərbaycan qazı Avropaya vaxtından tez ixrac oluna bilər. Təsadüfi deyil ki, bu yaxınlarda ABŞ ilə Avropa İttifaqı arasında keçirilən zirvə görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayaraq demişdir:  “Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün “Cənub qaz dəhlizi” vasitəsi ilə biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq”.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığının yekunlarına dair hesabatına həsr olunmuş brifinqdə qurumun Azərbaycandakı səfiri Malena Mard isə bunları söyləyib: “Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir. Biz həmçinin Azərbaycandakı makroiqtisadi sabitlik haqda məlumatlıyıq. Avropa Birliyi bundan sonra da Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu,  açıq dialoqa əsaslanmalıdır”.

Energetika sahəsində əməkdaşlığı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin əhəmiyyətli sahələrindən biri kimi dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin əvvəlində Avropa İttifaqının prezidenti Joze Manuel Barrozu ilə Bakıda imzalanmış energetika sahəsində strateji əməkdaşlıq haqqında bəyannamənin  “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasında əsas rol oynadığını bildirmişdir. Dövlət başçısı demişdir: “Bu layihə Avropa və Azərbaycan arasında daha sıx əlaqələr quracaq.  Azərbaycan Avropada əvvəlcədən proqnozlaşdırıla bilən, tənzimlənən bazar əldə edir, Avropa isə Azərbaycandan Xəzər qazının tədarükünün alternativ mənbəyini əldə edir. Mən ümid edirəm ki, Avropaya tədarük olan Azərbaycan qazının həcmi yalnız “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacaq. Çünki biz 2 trilyon kubmetrdən artıq sübut edilmiş qaz ehtiyatlarına malikik”. Avropanın Azərbaycan qazı üçün əsas bazar olacağını bəyan edən Azərbaycan Prezidenti  “Cənub qaz dəhlizi”ni  enerji təhlükəsizliyi üzrə layihə adlandıraraq bir daha bəyan edib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və bizim ölkəmiz, həm də region ölkələrinin inkişafı və iqtisadi əməkdaşlıqdan böyük mənfəət əldə etmək üçün əlavə imkanlar yaradacaq.

Avropada mövcud enerji problemini şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə,  Azərbaycan qazının Avropa bazarına çıxarılması ilə bağlı xeyli müddətdir müzakirələr gedir. Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsinin təsdiq  edilməsi Azərbaycan qazının Avropa bazarına çıxarılması deməkdir. Çünki  TAP layihəsi  Yunanıstan və Türkiyə sərhədindən Trans-Anadolu kəmərindən  qazı alaraq  Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman  həm də TAP-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya, həmçinin daxili şəbəkələr ilə Bolqarıstan “mavi yanacaq” almaq imkanına malik olacaq. Bu baxımdan demək olar ki, Avropa bazarına artıq Azərbaycan  qazı daxil olur. Avropada Azərbaycan təbii qazının praktiki bazası var. Təbii ki, Ukraynada baş verən hadisələr məsələyə nisbətən fərqli prizmadan yanaşmağı tələb edir. TAP layihəsi 2018-ci ilə nəzərdə tutulub və “Şahdəniz-2”nin fazası istifadəyə verildikdən sonra Azərbaycan təbii qazını Avropa bazarına çıxaracaq. Belə olan halda, Azərbaycanın qaz hasilatını artırması vacibdir. Bu isə ”Şahdəniz" layihəsinin ikinci mərhələsi işə düşdükdən sonra mümkün olacaq. Yeri gəlmişkən, hazırda Azərbaycanda illik qaz hasilatının həcmi  təxminən 27 milyard kubmetr təşkil edir:  “Şahdəniz” layihəsinin  ikinci mərhələsi çərçivəsində hasilata başlanıldıqdan sonra isə  bu rəqəm 40 milyard kubmetrdən artıq olacaq.  Bu isə Azərbaycana “TANAP” layihəsi ilə Türkiyəyə 16 milyard kubmetrə yaxın, eləcə də Avropa bazarına birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr illik  təbii qaz nəql etməyə imkan verəcək. Xatırladaq ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində çıxarılacaq ilk qazın Avropaya 2018-ci ildə çatdırılması nəzərdə tutulur. Bununla belə,  Avropa Ukraynada baş verən hadisələrdən sonra Azərbaycan qazının sözügedən regiona daha tez çıxarılmasında maraqlıdır.

Göründüyü kimi, Avropa Birliyi köhnə qitənin Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ötən ayın 26-da yeni qaz marşrutu açıldığını bəyan edərək demişdir: “Bizdə ilk dəfə Avropanın şərq hissəsindən, lakin Rusiyadan gəlməyən qaz olacaq. Bu, Azərbaycan, “Cənub dəhlizi” olacaq”. Yeri gəlmişkən, hazırda Avropanın Rusiyadan qaz asılılığı çoxdur. Belə ki, 2007-ci ildə təbii qazın 45 faizini Rusiyadan alan Avropa son 3 ildə bu rəqəmi 30 faiz ətrafına sala bilsə də, ölkələr arasında böyük fərqlilik var. Baltik ölkələri, Finlandiya, İsveç, Çexiya və Bolqarıstan təbii qazın az qala hamısını, Polşa və Yunanıstan 70, Avstriya və Macarıstan 60, Almaniya 40, İtaliya 20, Fransa 18 faizini Rusiyadan alır.

Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün ümid bəslədiyi ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın Avropaya qaz ixracı “Şahdəniz” yatağının ikinci mərhələsi işə düşdükdən sonra mümkün olacaq. “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr proqnozlaşdırılır. Qeyd etdiyimiz kimi, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

Yeri gəlmişkən, “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.

Xatırladaq ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

 “Sahdəniz” layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasilata başlanıldıqdan sonra təbii qaz Türkiyə ərazisində Trans-Anadolu boru kəməri vasitəsilə nəql olunacaq. Bu boru kəməri Xəzər dənizinin böyük qaz ehtiyatlarını  Türkiyə və Avropa İttifaqı bazarları ilə bağlayan “Cənub” qaz dəhlizinin əsas bir hissəsi olacaq. Məlum olduğu kimi, Türkiyəyə ildə 6 milyard kubmetr “Şahdəniz-2”  qazının  satışı ilə bağlı 2011-ci ildə BOTAŞ-la saziş də imzalanmışdır.

Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması də gündəmdə olan məsələlərdəndir. Elə bu il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən ildə 10 milyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir. Bundan əlavə, sentyabrın 19-da “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən  artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühüm “mavi yanacaq” ixracı marşrutu sayılan “Cənub”  qaz dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır. Bütövlükdə isə “Şahdəniz-2” layihəsi çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla  20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında