Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

 

Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində aprelin 3-də Bakıda Azərbaycan – Rusiya biznes forumu keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, turizm sahələrində fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak etmişdir.

Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycan – Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə də fəal əməkdaşlıq edir. Son 4 ildə Rusiyanın subyektləri ilə 16 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir.

İqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu vurğulayan nazir müavini demişdir ki, bu gün keçirilən biznes forum hər iki ölkənin regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır və Azərbaycan – Rusiya iqtisadi əlaqələrinin inkişafına töhfəsini verəcəkdir. Sahil Babayev forum iştirakçılarına Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.

Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin müavini Andrey Murqa ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Qonaq iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışmış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Stavropol diyarının iqtisadi inkişaf naziri Yuri Kosırevoy isə ölkəsinin iqtisadiyyatına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası, Azərbaycan Turizm Assosiasiyası və Stavropolun “Kurortlar Birliyi” Holdinqi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyasının “Profkurort” Sanatoriya-Kurort Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

Tədbir çərçivəsində Azərbaycan və Stavropol diyarı barədə videoçarxlar nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında