Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında dörd pillə irəliləmişdir

 

 

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar  nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapır.

Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında da  iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılır.

Bu günlərdə  isə Dünya İqtisadi Forumu 2014-cü il üçün yeni hesabatını yaymışdır. “Dünya ticarətinə cəlb edilmə - 2014” (“The Global Enabling Trade Report - 2014”) adlı sənəddə Azərbaycan  138 ölkə arasında 77-ci pillədə yerləşmişdir.

Xatırladaq ki, Azərbaycan sözügedən hesabatda dörd pillə irəliləmişdir. Belə ki, 2012-ci ildə hazırlanmış sonuncu hesabatda ölkəmiz 81-ci mövqedə qərarlaşmışdı.  Dünya İqtisadi Forumunun dərc etdiyi sənəd 138 ölkəni əhatə etmiş,  “Daxili bazara çıxış”, “Sərhəddə inzibati idarəetmə”, “İşgüzar mühit” və “Nəqliyyat və kommunal infrastruktur” kimi dörd göstərici əsasında tərtib olunmuşdur. Daxili bazara çıxış göstəricisi üzrə Azərbaycan 2014-cü ildə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü, işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olmuşdur.  Sənəddə həmçinin Azərbaycanda ticarətin sadələşdirilməsi üzrə tədbirlər və digər sahələrdə əldə edilən uğurlar öz ifadəsini tapmışdır. Məsələn, respublikamız  “Gömrük şəffaflığı indeksi” göstəricisi üzrə 39-cu, “Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi” üzrə 19-cu, “Xarici iştiraka açıqlıq” komponentləri üzrə 34-cü, “Əcnəbi işçi qüvvəsini işəgötürmə sadəliyi” üzrə 30-cu, “Cinayətkarlıqla bağlı məsrəflər” üzrə 45-ci, “Hava nəqliyyatı infrastrukturunun keyfiyyəti” üzrə 46-cı, “Dəmiryol infrastrukturunun keyfiyyəti” üzrə 35-ci, “Nəqletmə növünün dəyişməsinin səmərəliliyi” üzrə 43-cü, “Biznes – biznes sövdələşmələrində İKT-dən istifadə” üzrə 46-cı, həmçinin “Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə” komponentləri üzrə 50-ci yeri tutmuşdur.

Yeri gəlmişkən, sözügedən hesabata Sinqapur başçılıq edir. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Honq Konq və Niderland qərarlaşmışlar.

Göründüyü kimi,  ölkəmiz daxili bazara çıxış, sərhəddə inzibati idarəetmə, işgüzar mühit, nəqliyyat və kommunal infrastruktur və s. məsələlərdə mühüm uğurlar əldə etmişdir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmış və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Bu gün respublikamızın bütün yaşayış məntəqələri tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş və əhalinin sosial şəraiti yüksəlmişdir.

Azərbaycan öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə davam edir. Hazırda  öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, bu gün  bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Bütün bunlar barədə  dövlət başçımız demişdir ki, arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olunmuş və uğurla icra edilmişdir. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərmişdir. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açmışdır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etmişdir ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

 

V. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında