Dövlət Neft Fondu Seulda daşınmaz əmlak almışdır

 

 

 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın almışdır.

Fondun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən Miraye şirkəti tərəfindən təşkil olunmuş hərrac vasitəsilə həyata keçirilmişdir.

Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən cəlbedici investisiya regionlarından biridir. “Payn Avenyu A qülləsi” isə Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılmışdır və son dövrlər ərzində biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.

Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır. Ümumi sahəsi təqribən 65 min kvadratmetr təşkil edən bina bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan “S&K Qrup” tərəfindən icarəyə götürülmüşdür. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dollarıdır.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilmiş daşınmaz əmlak investisiyası barədə danışarkən demişdir: “Biz bir ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik və nəhayət, bu gün Seulda ilk belə yatırımın həyata keçirilməsini açıqlamaqdan məmnunluq duyuram. Bu, əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit Okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik”.

Azərbaycan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 2014-cü il 1 mart tarixinə ARDNF-nin vəsaitlərinin ümumi məbləği 36319 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və buna uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri səhmlərə, 5 faizə qədəri qızıla, 5 faizə qədəri isə daşınmaz əmlaka investisiya edilə bilər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında